04 noyabr 2026 08:16
123

Fransa daxili işlər naziri iğtişaşları hökumətin uğursuzluğu adlandırıb

Fransanın daxili işlər naziri Loran Nunyes oktyabrın 17-də ölkədə baş verən kütləvi iğtişaşlar zamanı ictimai asayişin təmin olunmamasına görə məsuliyyəti üzərinə götürüb.

“İki sahil” xəbər verir ki, nazir bu barədə Milli Assambleyada çıxışı zamanı bildirib.

Nunyes qeyd edib ki, həmin gün ictimai binaların və ticarət obyektlərinin təhlükəsizliyini təmin etmək mümkün olmayıb. O, baş verənləri hökumətin uğursuzluğu kimi qiymətləndirərək məsuliyyəti qəbul etdiyini vurğulayıb.

Qeyd edək ki, oktyabrın 17-də Paris də daxil olmaqla, Fransanın bir sıra şəhərlərində yaşayış xərclərinin artmasına etiraz olaraq keçirilən aksiyalar kütləvi iğtişaşlara, talanlara və yanğınlara çevrilib.

Oktyabrın 18-də Nunyes istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim etsə də, dövlət başçısı istefanı qəbul etməyib.