03 noyabr 2026 15:21
138

Şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib

Vətən müharibəsinin 6-cı ildönümü münasibətilə “Zəfər əmanətlərinə qayğı ilə” adlı sağlamlıq həftələri layihəsinə başlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı, Səhiyyə Nazirliyinin tabeliyindəki Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və YAŞAT Fondunun dəstəyi ilə Yeni Klinikada keçirilən aksiya çərçivəsində 100-dən çox şəhid ailəsi üzvünün tibbi müayinələrə cəlb olunması nəzərdə tutulub.

Layihənin əsas məqsədi şəhid ailələrinin sağlamlığının qorunmasına dəstək göstərmək, onların ixtisaslı tibbi xidmətlərə əlçatanlığını artırmaqdır.

Beş gün davam edəcək aksiya çərçivəsində iştirakçılar terapevt, oftalmoloq, ginekoloq və kardioloq müayinələrindən keçəcəklər. Həmçinin tibbi göstərişlərə uyğun olaraq instrumental-diaqnostik və laborator müayinələrdən yararlanmaq imkanı əldə edəcəklər.

Tibbi xidmətlərin rahat, operativ və əlaqələndirilmiş şəkildə göstərilməsi məqsədilə müayinə prosesi əvvəlcədən planlaşdırılıb.

Belə ki, hər bir iştirakçı üçün fərdi müayinə marşrutu müəyyən edilib, həkim qəbulları və instrumental-diaqnostik müayinələr üzrə əvvəlcədən qeydiyyat aparılıb. Bu yanaşma iştirakçıların müəyyən olunmuş vaxtda müayinə mərhələlərindən ardıcıl şəkildə və növbə gözləmədən keçməsinə imkan yaradır.