03 noyabr 2026 14:53
136

BSU-da dünya şöhrətli fotojurnalist Reza Deqati ilə “İnsanlığın şahidi” mövzusunda görüş keçirilib

Noyabrın 2-də Bakı Slavyan Universitetində (BSU) universitetin 80 illik yubileyi və Zəfər həftəsi çərçivəsində dünya şöhrətli azərbaycanlı fotojurnalist Reza Deqati ilə “İnsanlığın şahidi” mövzusunda görüş keçirilib.

Görüşdə çıxış edən Reza Deqati uzun illərə söykənən fotojurnalist fəaliyyəti, dünyanın müxtəlif bölgələrində şahidi olduğu hadisələr və fotoqrafiyanın tarixi həqiqətlərin qorunmasındakı rolu barədə fikirlərini bölüşüb.

Fotojurnalist dünyanın müxtəlif ölkələrində, xüsusilə münaqişə və müharibə bölgələrində apardığı çəkilişlərdən, qarşılaşdığı insan talelərindən və müşahidələrindən bəhs edib. O, fotoşəkillərin yalnız müəyyən anı əks etdirmədiyini, eyni zamanda həmin anın arxasında dayanan insan hekayələrini, yaşanan ağrı-acıları və tarixi reallıqları gələcək nəsillərə çatdıran mühüm vasitə olduğunu diqqətə çatdırıb.

Reza Deqati fotojurnalistikanın cəmiyyətin məlumatlandırılmasında və hadisələrin sənədləşdirilməsində mühüm rol oynadığını vurğulayıb. O, peşə fəaliyyəti boyunca müxtəlif xalqların həyatını, müharibələrin insanlara təsirini, doğma yurdlarından didərgin düşən insanların taleyini lentə alaraq bu həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağa çalışdığını bildirib.

Çıxışında Azərbaycan və Qarabağ mövzusuna da toxunan fotojurnalistin çəkdiyi fotoların ölkəmizin tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və milli yaddaşın qorunması baxımından əhəmiyyəti diqqətə çatdırılıb. BSU-nun rektoru Anar Nağıyev çıxışında görüşün universitetin 80 illik yubileyi və Zəfər həftəsi çərçivəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Rektor bildirib ki, fotojurnalistin uzun illər ərzində dünyanın müxtəlif bölgələrində baş verən hadisələri lentə alması yalnız tarixi yaddaşın qorunmasına deyil, həm də gələcək nəsillər qarşısında mühüm mənəvi məsuliyyətin formalaşmasına xidmət edir. Rektor qeyd edib ki, təqdim olunan hər bir foto adi bir görüntüdən daha artıq məna daşıyır, insanların günlərlə, aylarla, hətta illərlə yaşadığı ağrı-acını, çətinlikləri və müharibənin dağıdıcı təsirlərini bir anın içərisində əks etdirir. Bu baxımdan, belə görüşlər müharibələrin qarşısının alınmasının, sülhün qorunmasının və insan həyatına verilən dəyərin əhəmiyyətini bir daha diqqətə çatdırır.

Anar Nağıyev Reza Deqatinin Azərbaycanı, xüsusilə Qarabağı dünyaya tanıtmaq istiqamətindəki fəaliyyətini xüsusi vurğulayaraq onun Şuşanın Cıdır düzündə, Xankəndiyə baxaraq çəkdiyi məşhur fotoşəklin xalqımızın yaddaşında xüsusi yer tutduğunu bildirib. Rektor, həmçinin fotojurnalistin azad Şuşada lentə aldığı yeni görüntülərin qazanılmış Zəfərin və sülhün rəmzi kimi mühüm məna daşıdığını vurğulayıb.

Çıxışında görüşün Reza Deqatinin fəaliyyətinin insanlığın yaddaşına çevrildiyini, onun fotoları vasitəsilə Azərbaycanın tarixi həqiqətlərini, milli dəyərlərini, Qarabağın gözəlliklərini və xalqımızın Zəfərini beynəlxalq ictimaiyyətə çatdırdığını bildirib.

Sonda Anar Nağıyev Reza Deqatiyə Bakı Slavyan Universitetinin 80 illik yubileyi münasibətilə hazırlanmış xüsusi xatirə hədiyyəsini təqdim edib.

Tədbirin sonunda çıxış edən rektorun məsləhətçisi Ənvər Abbasov və Şərqi Slavyan filologiyası kafedrasının müdiri Rafiq Novruzov görüşlə bağlı fikirlərini bölüşərək Reza Deqatinin fotojurnalistika sahəsindəki fəaliyyətinin əhəmiyyətini vurğulayıblar. Onlar fotojurnalistin bu şərəfli peşədəki xidmətlərinə görə təşəkkürlərini bildirərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.