03 noyabr 2026 09:32
124

Binance əlavə kriptovalyuta və şəbəkələr üzrə pul çıxarılmasını mərhələli şəkildə bərpa edəcək

Binance kriptovalyuta birjası noyabrın 3-də Bakı vaxtı ilə saat 08:00-dan etibarən əlavə kriptovalyutalar və şəbəkələr üzrə vəsaitlərin çıxarılmasını mərhələli şəkildə bərpa etməyə başlayacaq.

“İki sahil” xəbər verir ki, platformanın açıqlamasında bildirilib ki, noyabrın 1-də seçilmiş şəbəkələr və aktivlər üzrə pul çıxarılmasının uğurla bərpa edilməsindən sonra, noyabrın 3-də Bakı vaxtı ilə saat 05:00-dan etibarən siyahıda göstərilən digər aktivlər üzrə də bu əməliyyatlar əlçatan olacaq.

Qeyd olunub ki, bütün aktivlər üzrə pul çıxarılması eyni vaxtda bərpa edilməyəcək. Birinci mərhələdə olduğu kimi, təhlükəsizlik yoxlamaları başa çatdıqca və ayrı-ayrı aktivlərin hazır olduğu təsdiqləndikcə bu imkan tədricən istifadəyə veriləcək. Depozit əməliyyatları isə əlçatan olaraq qalacaq və məhdudlaşdırılmayacaq.

Şirkət əlavə edib ki, pul çıxarılması əməliyyatlarının bərpası, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və istifadəçilərin proses barədə məlumatlandırılması istiqamətində işlər davam etdiriləcək.

Bəyanatda, həmçinin oğurlanmış vəsaitlərlə bağlı yaranan maliyyə itkilərinin Binance tərəfindən qarşılanacağı və bu itkilərin istifadəçilərə yüklənməyəcəyi vurğulanıb.

Xatırladaq ki, Binance noyabrın 1-də seçilmiş şəbəkələr və aktivlər üzrə pul çıxarılmasının bərpasının ilk mərhələsinə başlamışdı.