Avropanın azı yeddi ölkəsində supermarket şəbəkələrinin soyuducu və dondurucu sistemləri kiberhücuma məruz qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Məlumata görə, Belçika, Estoniya, İrlandiya, Finlandiya, Lüksemburq, Niderland və İsveçdə onlarla mağazada soyuducu sistemlərinin temperaturu gecə saatlarında kəskin yüksəlib. Bir neçə şirkət kiberhücuma məruz qaldıqlarını təsdiqləyib.
Hücumlar nəticəsində bəzi mağazalarda soyudulmuş və dondurulmuş ərzaq məhsulları satışdan çıxarılıb. İsveçdə bəzi soyuducuların temperaturu 50 dərəcəyədək yüksəlib.
Kibertəhlükəsizlik mütəxəssisləri supermarketlərin soyuducu sistemlərindəki təhlükəsizlik boşluqlarının hücumları asanlaşdırdığını bildirirlər.
Hadisələrlə bağlı araşdırmalar aparılır. Məlumata görə, hücumlara görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.
Qeyd edək ki, Avropadakı bu insidentlər ötən ay Fransada baş vermiş oxşar kiberhücumdan sonra qeydə alınıb. Həmin hücum zamanı hakerlər 700-dək supermarketin soyutma sistemlərinə müdaxilə edib, nəticədə milyonlarla avro dəyərində ərzaq məhsulu yararsız hala düşüb.