31 oktyabr 2026 18:10
106

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri hücum dronları və “Neptun” sahil raket komplekslərindən istifadə etməklə Rusiyanın Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.

Oktyabrın 31-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində yerləşən Rusiyanın hərbi sənaye kompleksinə aid “Kamenski” kombinatına zərbə endirib.

Hücum kompleks xarakter daşıyıb. Belə ki, əməliyyata zərbə dronları və Ukrayna Hərbi Dəniz Qüvvələrinin “Neptun” sahil raket kompleksləri ilə təchiz olunmuş raket bölmələri cəlb edilib.

Hazır məhsul anbarında yanğın baş verdiyi təsdiqlənib. Bundan əlavə, müəssisənin dörd istehsalat sexinə ziyan dəyib.

“Kamenski” kombinatında “Uraqan”, “Smerç” və “Tornado-S” reaktiv yaylım atəşi sistemlərinin döyüş sursatları, eləcə də bir sıra raket sistemləri və aviasiya zərbə vasitələri üçün bərk raket yanacağı istehsal olunur.

Bundan başqa, Donetsk vilayətinin Xartsızsk və Dokucayevsk rayonlarında, Zaporojye vilayətinin Novovasilovka, Luqansk vilayətinin isə Novoaydar yaşayış məntəqələri yaxınlığında Rusiya ordusuna məxsus dörd maddi-texniki təchizat anbarı da vurulub.