30 oktyabr 2026 11:47
104

Hindistan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük uğrunda mübarizədə əsas prioritetlərini açıqlayıb

Dəniz təhlükəsizliyi və süni intellekt (Sİ) Hindistanın 2028–2029-cu illər dövrü üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə irəli sürülməsi çərçivəsində əsas prioritetləri olacaq.

“İki sahil” PTI agentliyinə istinadla xəbər verir ki, bu barədə Hindistanın BMT yanında daimi nümayəndəsi Hariş Parvatanen bildirib.

"Okeanlar dünya ticarətinin arteriyalarıdır. Onlar iqtisadiyyatları birləşdirir, yaşayış vasitələrini təmin edir, həmçinin ərzaq və energetika təhlükəsizliyinə zəmanət verirlər. Onların mühafizə olunması və təhlükəsizliyi beynəlxalq sülhün və rifahın qaçılmaz şərtidir", — deyə Parvatanen bildirib.

Parvatanen dənizdə üzmə və ticarət azadlığının qorunmasının vacibliyini xüsusi vurğulayaraq, ticarət gəmilərinə qarşı son hücumların əyani şəkildə nümayiş etdirdiyini bildirib ki, kritik əhəmiyyət kəsb edən dəniz qovşaqlarının işində istənilən nasazlıq baş verdiyi coğrafi ərazinin hüdudlarından çox-çox kənara çıxan nəticələr doğura bilər. "Onlar dənizçilər üçün təhlükə yaradır, təchizat zəncirlərini pozur və inkişaf etməkdə olan ölkələrə mütənasib olmayan güclü mənfi təsir göstərərək xərclərin artmasına və iqtisadi qeyri-sabitliyə səbəb olur", — deyə o qeyd edib və Hindistanın ticarət gəmilərinə edilən hücumları qətiyyətlə pislədiyini bir daha vurğulayıb.

Hindistan nümayəndəsinin sözlərinə görə, süni intellekt, avtonom sistemlər, peyk müşahidə sistemləri və qabaqcıl kiberimkanlar dəniz təhlükəsizliyinin möhkəmləndirilməsi üçün misli görünməyən perspektivlər açır: "Onların qeyri-qanuni istifadəsi diqqətimizi cəlb etməyi tələb edən yeni çağırışlar yaradır".