27 oktyabr 2026 22:37
128

Rəsmi Bakı davamlı və uzunmüddətli sülhə nail olmaqda qərarlıdır

Azərbaycanla Ermənistan arasında sülhün təşəbbüskarı və təminatçısı rəsmi Bakıdır. Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uğurlu diplomatiyası sayəsində başladılan sülh prosesi regionda sabitlik, qarşılıqlı anlaşma və iqtisadi inkişaf üçün yeni imkanlar yaradır.  Bölgədə davamlı sülhün, əməkdaşlığın və təhlükəsizliyin bərqərar olması istiqamətində ciddi addımlar atan Azərbaycan Cənubi Qafqazda yeni sülh reallığı formalaşdırıb. Ölkəmizin ciddi səyləri sayəsində 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış sülh Bəyannaməsi ilə regionda üç onillikdən çox davam edən gərginliyə son qoyulması, sülhün və əməkdaşlığın təmin olunması hədəflənmişdir.

Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbə nəticəsində ərazi bütövlüyünü, birgünlük lokal antiterror tədbirləri ilə tam suverenliyini bərpa edən, regionda yeni reallıqlar formalaşdıran Bakı postmüharibə dövründə Cənubi Qafqazda oyun qaydalarını müəyyən edir.

Prezident İlham Əliyev oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş lokal antiterror əməliyyatı ilə işğala son qoydu və beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Azərbaycan bundan sonra Ermənistana sülh təklif etdi: “Bu da misli görünməmiş bir haldır. Müharibələrin tarixinə nəzər salsaq, yəqin ki, son qanlı toqquşmadan iki il belə keçməmiş ölkələrin sülhə nail olması nümunəsinə rast gəlmərik. Ötən ilin yayında paraflanmış sülh sazişinin layihəsini də biz hazırlamışdıq. Ermənistanla sülh sazişinin təşəbbüskarı biz olmuşuq. Çünki biz sonsuz müharibələr istəmirdik və qisas almaq niyyətində deyildik. Hərçənd hesab edirəm ki, emosiyalar da nəzərə alınmalıdır. Mən həmişə deyirəm ki, biz qisasımızı döyüş meydanında aldıq və bundan irəli getməməliyik. Əks təqdirdə bu, sonsuz müharibəyə çevrilər”.

Bütün bunların müqabilində Ermənistan da sülh gündəliyinin irəliləməsi istiqamətində əməli addımlar atmalı, sülh prosesi ilə bağlı qeyri-müəyyənliyə son qoymalıdır.  Ermənistanın Baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bəyan edib ki, Azərbaycan və Ermənistan arasında sülh artıq müəyyən dərəcədə həm faktiki (de-fakto), həm də hüquqi (de-yure) olaraq müəyyən edilib. Rəsmi Bakı N.Paşinyanın təklif etdiyi “faktiki sülh” modelini qəbul etmir. Azərbaycan üçün davamlı sülhün yeganə formulu belədir: Ermənistan rəsmi qanunvericilikdə Azərbaycana qarşı ərazi iddialarından tamamilə imtina etməli və prosesi illərlə uzatmadan konkret hüquqi addımlar atmalıdır. Baş nazir bu günlərdə 2027-2028-ci illəri hədəf göstərib və bu çərçivədə Ermənistanda yeni Konstitusiyanın qəbulu üçün referenduma gedilə biləcəyini də istisna etməyib. Baş nazir bəyan edib ki, Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalanacağını mümkün hesab edir: “Mən Azərbaycanla sülh sazişinin 2031-ci ilədək imzalanacağını deyirdim. Dəqiq desək, hesab edirəm ki, biz sazişi 2027-2028-ci illərdə imzalamalıyıq. Biz Azərbaycanla birlikdə çalışmalıyıq”.

Cənubi Qafqazda sülhün və sabitliyin qorunması istiqamətində strateji addımlar reallaşdıran Azərbaycan tərəfi rəsmi bəyanatlarda Nikol Paşinyanın təkliflərinə və sülh prosesi ilə bağlı yanaşmalarına qarşı birmənalı, konkret və hüquqi əsaslara söykənən şərtlər irəli sürür. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edir ki, sülhün əldə olunması üçün real addımlar atılmalıdır, prosesi davamlı olaraq uzatmaq qeyri-müəyyənliyə xidmət edir. Xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Azərbaycan sülh prosesini başa çatdırmağa tam hazırdır. Öz növbəsində Ermənistan cəmiyyəti də sülhün hər iki xalqın maraqlarına xidmət etdiyini başa düşməlidir. Ermənistan rəhbərliyi sözdə yox, əməldə sadiqlik nümayiş etdirməlidir: “Azərbaycanın bu məsələdə fikri qətidir, açıqdır. Son bir il ərzində Azərbaycan tərəfindən bir çox birtərəfli addım atılıb, bunu Ermənistan tərəfinin, ümumən hamının görmək imkanı var. Ermənistan daxilində müəyyən proseslər gedir, Konstitusiyanın dəyişdirilməsi ümumən Ermənistan hakimiyyətinin də marağındadır, bu, müəyyən səbəblərə görədir. Bir daha deyim ki, Azərbaycan tərəfi sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır və sadiqdir”.

Rəsmi Bakıya görə, Ermənistan Konstitusiyasında və müvafiq daxili qanunvericilik aktlarında Azərbaycana yönəlmiş ərazi iddiaları hüquqi olaraq qaldığı müddətdə sülh sazişinin imzalanması qeyri-mümkündür. Azərbaycan dövləti bəyan edir ki, konstitusiya dəyişikliyi Ermənistanın daxili işi kimi görünsə də, mahiyyət etibarilə ölkəmiz üçün sülh müqaviləsinin imzalanmasının yekun və ən əsas şərtidir. Ekspertlərin bildirdikləri kimi, bu baxımdan Azərbaycana qarşı ərazi iddialarının Ermənistan Konstitusiyasından çıxarılması yalnız siyasi tələb deyil, həm də hüquqi zərurətdir. Eləcə də Konstitusiyada müvafiq dəyişikliyin edilməsi 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan birgə Bəyannamədən irəli gələn öhdəlikdir. Bundan başqa, rəsmi Bakıdiqqətə çatdırır ki, sülhdən danışılmasına baxmayaraq, xüsusilə regional layihələrin, məsələn, regional infrastruktur sazişi-TRIPP-ın icrasında İrəvan tərəfindən ciddi yubanmalara yol verilir.

Zahid Rza, “İki sahil”