27 oktyabr 2026 17:05
118

Zamanın tələbi və ədalətin zəfəri: Azərbaycanın qlobal dialoq və sülh missiyası

Dünya sürətlə dəyişir, proqnozlaşdırılması çətinləşən qlobal geosiyasi proseslər, təəssüf ki, yeni münaqişələrin və dərinləşən ziddiyyətlərin yaranması ilə müşayiət olunur. Belə bir mürəkkəb tarixi dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki dərindən düşünülmüş, strateji baxışlarla zəngin çıxışı həm ölkəmizin keçdiyi tarixi yolu, həm də müasir beynəlxalq münasibətlər sistemindəki aparıcı rolunu bir daha nümayiş etdirdi.

Ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri, sivilizasiyalararası təmasları və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir. 100-dən artıq ölkədən 500-dən çox qonağın, ümumilikdə 2000-dən artıq iştirakçının qatıldığı bu mötəbər tədbir Azərbaycanın sülhə, həmrəyliyə və dialoqa verdiyi dəyərin bariz nümunəsidir.

Müasir Azərbaycanın uğurlu və sabit inkişafının təməlində cəmiyyətimizdəki dərin ahəngdarlıq dayanır. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı və bu gün də yüksək qiymətləndirdiyi əsas meyarlardır. Əsrlər boyu Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olan ölkəmizdə bütün etnik və dini qruplar bərabər hüquqlara malikdir və bir ailə kimi yaşayırlar.

Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatları Azərbaycan xalqının birliyini, “Dəmir yumruq” kimi birliyini bütün dünyaya nümayiş etdirdi. Biz 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad etdik, BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalmış dörd qətnaməsini təkbaşına icra edərək beynəlxalq hüququ və öz ləyaqətimizi bərpa etdik.

Müharibəyə başlamaq çox asandır, onu bitirmək və ədalətli sülh yaratmaq isə böyük iradə və siyasi müdriklik tələb edir. Azərbaycan Qələbədən dərhal sonra Ermənistana sülh təklif etməklə regionda davamlı sabitliyin banisi kimi çıxış etdi. Keçən ilin avqust ayında Vaşinqtonda, Ağ Evdə sülh sazişi layihəsinin paraflanması və üçtərəfli Bəyannamənin möhürlənməsi Cənubi Qafqazın tarixində tamamilə yeni bir səhifə açdı.

Prezident İlham Əliyev öz çıxışında beynəlxalq siyasətin ən ağrılı nöqtələrindən biri olan ikili standartlar məsələsinə də xüsusi diqqət çəkdi. Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da aparacağıq. Cəmiyyətimiz kənardan gələn hər hansı təzyiqi, başqalarına “ağıl öyrətmək” cəhdlərini və ikili standartları qətiyyətlə rədd edir. Beynəlxalq təşkilatların, xüsusən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi olmalıdır ki, hüquq kağız üzərində qalmasın.

Müstəqilliyimizin bərpasının 35-ci ildönümünü qeyd etdiyimiz bu dövrdə mənzərə tamamilə aydındır. Bütün nailiyyətlər Azərbaycan xalqının öz zəhməti, əzmi və milli birliyi sayəsində mümkün olmuşdur. Bu gün Azərbaycan nəinki öz ənənələrini və həyat tərzini qoruyub saxlamış, onları daha da gücləndirmişdir.

Aşağı xarici borcumuz (ÜDM-in 5 faizindən bir az artıq), müasir nəqliyyat və enerji infrastrukturu, habelə super güclərlə və beynəlxalq təşkilatlarla qurulan strateji tərəfdaşlıq ölkəmizin qlobal aləmdə etibarlı və hörmətli partner olduğunu göstərir. 2026-cı ildə keçirilən forumlar, eləcə də gələcəkdə ev sahibliyi edəcəyimiz mötəbər zirvə görüşləri Azərbaycanın “divarlar deyil, körpülər quran” dövlət siyasətinin təntənəsidir.

Əminliklə qeyd edə bilərik ki, cənab prezidentin rəhbərliyi ilə həyata keçirilən bu müstəqil, ədalətli və uzaqgörən siyasət bundan sonra da dövlətimizin suverenliyini, xalqımızın rifahını və ölkəmizin qlobal nüfuzunu daha da yüksəklərə qaldıracaqdır.

Anar MƏMMƏDOV,

Milli Məclisin deputatı