28 oktyabr 2026 01:26
113

“Makron demokratiyası”nın astar üzü

Fransada hökumətin daxili siyasətindən narazılıq aksiyaları davamlı xarakter alıb. Qəzəblənmiş fransızlar Prezident Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması üçün etiraz mitinqlərinə, küçə yürüşlərinə ara vermirlər. Xalq hərəkatına qoşulanların sayı yüz minlərlədir və hər gün sayları artır. Narazılar əsasən əhalinin aztəminatlı zümrələri-pensiyaçılar, tələbələr, sürücülər və digərləridir. Lakin hakimiyyət əhalinin maddi rifah halını yaxşılaşdırmaq üçün lazımi addımları atmır, heç olmasa təşəbbüs də etmir, bu saymazlıq isə kütlələri daha da qızışdırır, aqressiyaya sövq edir.

Fransanın iri şəhərlərində oktyabrın 24-də baş verən kütləvi iğtişaşlar zamanı və onlardan sonra 1 300-dən çox şəxs polis tərəfindən saxlanılıb.

Bu barədə nüfuzlu "Le Figaro" qəzeti ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Paris Polis Prefekturasının məlumatına görə, paytaxtda 142 nəfər saxlanılıb, onlardan 126-sı barəsində həbs qətimkan tədbiri seçilib. Göründüyü kimi, hakimiyyət dairələri rəqəmləri kiçiltməyə cəhd edirlər. Çünki hakimiyyətlərini uzatmaq üçün onlara belə sərf edir. Makronun dəm vurduğu demokratiyanın astar üzü göstərir ki, başqalarına demokratiya dərsi keçən Makron yaxşı olar ki, başqa dövlətlərin daxili işlərinə qarışmaqdansa öz əməllərində düzəliş etsin, vətəndaşlarının etiraz səsini eşitsin, xalqın rifahının yaxşılaşdırılmasının qeydinə qalsın.

Oktyabrın 24-də keçirilən etiraz aksiyalarının iştirakçılarının sayı oktyabrın 17-də baş tutan əvvəlki aksiyanın göstəriciləri ilə müqayisəolunan olub. Bununla belə, gücləndirilmiş təhlükəsizlik tədbirləri sayəsində iğtişaşların nəticələri daha ağır olub. Paytaxtda talançılıq baş alıb gedir. Bunu onlara illərlə dözüb yaşadıqları maddi sıxıntılar məcbur edir. Parisdə talançıların hərəkətləri nəticəsində mağazalara ziyan dəyib. Bundan başqa, polis iğtişaş iştirakçılarının avtomobil salonuna daxil olmaq cəhdinin qarşısını alıb. Fransa üzrə 24 talançılıq hadisəsi qeydə alınıb. Halbuki bir həftə əvvəl 1 500 ticarət obyektinə hücum edilmişdi. İğtişaşların qarşısının alınmasında etirazçılarla sərt davranan 53 polis əməkdaşı xəsarət alıb. Fransanın daxili işlər naziri Loran Nünez bildirib ki, etiraz aksiyalarının azı iki iştirakçısı ağır yaralanıb. Nazirin ağ yalan danışdığı göz önündədir. Başqa bir açıqlamasında isə o,

 həmçinin bildirib ki, 267 polis və jandarm əməkdaşı yaralanıb, etirazçılar arasında isə 150 nəfər xəsarət alıb. Şübhə yoxdur ki, bu rəqəmlər qəsdən xeyli kiçildilib.

Loren Nünez qeyd edib ki, davam edən ciddi etirazlar fonunda yaxın vaxtlarda ölkənin müxtəlif böyük şəhərlərində komendant saatı qüvvədə qalacaq.

Hakimiyyətin məlumatına görə, yaşayış xərclərinin artmasına qarşı etirazlarda 400 mindən çox adam iştirak edib. Reallıqda bu rəqəm iki dəfədən də artıqdır. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz, səs qumbaraları və su toplarından istifadə edib.

Xatırladırıq ki, İkinci Qarabağ müharibəsi dövründə Paris şəhərinin meri Ann İdalqo 2023-cü il avqustun 30-da işğalçı Ermənistana yardım olaraq 10 yük avtomaşınından ibarət karvan aparmış, Prezident Emmanuel Makron isə saymazyana və məsuliyyətsizcəsinə Azərbaycana işarə ilə “biz daim Ermənistanın yanındayıq” demişdi. Birinci yardımdan bir ay sonra isə sentyabrın 29-da 5 tonluq humanitar yardım təyyarə ilə Parisdən İrəvana göndərilmişdi. Bu, o zaman idi ki, ərzaq qıtlığından sadə fransızların həyat tərzi ağırlaşır, hökumətə qarşı tətillər və piketlər keçirilirdi. Amma fikri-zikri “daim Ermənistanın yanında olan” Prezident Makron sanki özünü görməzliyə vururdu.

Ancaq yaxşı olardı ki, dövlətin başçısı pis şəraitdə yaşayan fransızların yanında olaydı. İndi Fransada həmin hadisə lənətlə xatırlanır və insanlarda Makrona qarşı nifrət hissini daha da alovlandırır. Buna görədir ki, bir neçə ay əvvəl keçirilən rəy sorğusuna görə onun fəaliyyətini müsbət qiymətləndirənlər ölkə əhalisinin yalnız 16 faizini təşkil etmişdi. Şübhəsiz ki, onlar da dövlətdə yüksək vəzifə tutan şəxslərin ailələri, qohum-əqrəbaları və vəzifələrə təyin etdikləri adamların yaxın ətrafı idi. Makron mafiyasının sonu çatıb. Gur selin qarşısını çürük kör-kötük, çör-çöp ala bilməz.

Vəli İlyasov, “İki sahil”