19 oktyabr 2026 11:34
112

Ramil İskəndərli: Azərbaycan heç bir ölkənin Qafqazdakı forpostu ola bilməz

Azərbaycan özünün güclü ordusu, iqtisadi imkanları, müstəqil diplomatiyası və qərarvermə iradəsi olan suveren dövlətdir. Ölkənin gələcəyi heç bir xarici dövlətin himayəsinə bağlana bilməz. Bakı heç bir ölkənin geosiyasi xəyallarının Qafqazdakı forpostuna çevrilməməlidir. Bu məsələdə Azərbaycanın vətəndaş cəmiyyətinin mövqeyi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi strategiya ilə vəhdət təşkil edir.

Bu fikirləri Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli “İki Sahil”ə açıqlamasında bildirib. 

Ramil İskəndərli qeyd edib ki, beynəlxalq münasibətlərdə dostluq, qardaşlıq və strateji müttəfiqlik mühüm əhəmiyyət daşısa da, bu anlayışlar heç bir dövlətə digərinin siyasi seçimlərinə diktə etmək hüququ vermir. Həqiqi tərəfdaşlıq qarşılıqlı hörmətə, bərabərhüquqluluğa və hər bir ölkənin suveren qərarlarına hörmət prinsipinə əsaslanmalıdır.

O vurğulayıb ki, dövlətin təhlükəsizliyi güclü ordu, dayanıqlı iqtisadiyyat, səmərəli dövlət institutları, effektiv vətəndaş cəmiyyəti institutları və müstəqil diplomatiya ilə təmin edilməlidir. Azərbaycanın öz gücünə və imkanlarına güvənməsi beynəlxalq əməkdaşlıqdan uzaqlaşmaq deyil, əksinə, bərabərhüquqlu tərəfdaşlıq üçün etibarlı zəmin yaratmaq deməkdir.

Forum sədri bildirib ki, suverenlik anlayışı yalnız ərazi bütövlüyü və sərhədlərin qorunması ilə məhdudlaşmır. Suverenlik, eyni zamanda, cəmiyyətin öz gələcəyini sərbəst müəyyənləşdirmək, konstitusion quruluşunu qorumaq və siyasi seçimlərini xarici təzyiq olmadan etmək hüququdur.

R. İskəndərlinin fikrincə, bu prinsip iqtisadiyyat, informasiya məkanı, təhsil və vətəndaş cəmiyyəti sahələrində də öz əksini tapmalıdır. Azərbaycanda fəaliyyət göstərən xarici fondların, humanitar qurumların, təhsil təşkilatlarının və qeyri-hökumət təşkilatlarının fəaliyyəti şəffaflıq, hesabatlılıq və milli qanunvericiliyə uyğunluq prinsipləri əsasında qiymətləndirilməlidir. İctimai fayda məqsədi daşıyan fəaliyyətlər ölkənin qanunlarına və konstitusion prinsiplərinə hörmətlə müşayiət olunmalıdır.

O, Azərbaycanın dünyəvi dövlət quruluşunun da milli suverenliyin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, heç bir xarici maliyyə mənbəyi və ya ideoloji təsir ölkənin Konstitusiyasından, qanunlarından və milli maraqlarından üstün tutula bilməz. Bu məsələlərə yanaşma obyektiv araşdırmaya, hüququn aliliyinə və sübutlara əsaslanmalıdır.

Azərbaycan-Türkiyə münasibətlərinə toxunan Ramil İskəndərli qeyd edib ki, iki xalqı birləşdirən tarixi, mədəni və mənəvi bağlar, eləcə də strateji əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bununla belə, qardaşlıq münasibətlərinin davamlılığı qarşılıqlı suverenliyə hörmət və bərabərhüquqlu tərəfdaşlıqdan keçir.

Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasındakı strateji müttəfiqlik iki ölkənin milli maraqlarına xidmət etməli, qarşılıqlı etimadı və əməkdaşlığı daha da gücləndirməlidir. Həqiqi dostluq qarşı tərəfin müstəqil qərarlarına hörmət etməyi tələb edir.

Ramil İskəndərli fikirlərini belə yekunlaşdırıb: “Azərbaycanın mövqeyi aydındır: strateji müttəfiqlik bəli, ideoloji tabeçilik və ‘böyük qardaş’ diktəsi əsla! Azərbaycan bütün tərəfdaşları ilə qarşılıqlı faydalı əməkdaşlığa açıqdır. Lakin bu əməkdaşlıq suveren bərabərlik və milli maraqlara hörmət əsasında qurulmalıdır. Azərbaycan heç kimin forpostu deyil. Azərbaycan öz qərarlarını özü verən müstəqil dövlətdir”.