16 oktyabr 2026 21:57
101

Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

Gələn il Ukraynaya müdafiə, silahlanma və dayanıqlığının təmin edilməsi üçün Avropa İttifaqından (Aİ) ən azı 70 milyard avro əlavə dəstək lazım olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalındakı paylaşımında bildirib.

"2027-ci ildə müharibə 155 milyard avroya başa gələcək. Və sizdən bizə əlavə olaraq ən azı 70 milyard avro lazımdır: müdafiəyə, silaha və bizim dayanıqlığımıza. Bu, real məbləğdir", - Zelenski Aİ liderləri ilə görüşündəki çıxışında bildirib.

Onun sözlərinə görə, əlavə maliyyələşmə Ukraynaya Rusiyanın qarşısını almağa və onun iqtisadiyyatına təzyiqi artırmağa imkan verəcək.

Zelenski həmçinin Aİ-ni 2028-ci ildən başlayaraq ittifaqın büdcəsində Ukrayna ordusunun və müdafiə texnologiyalarının Avropanın təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni nəzərə almağa çağırıb.

"Məhz Ukraynanın gücü, ordumuz və texnologiyalarımız Avropanın, eləcə də sizin təhlükəsizliyinizin təmin olunmasına kömək edir", – Ukrayna Prezidenti bildirib.