16 oktyabr 2026 21:35
131

Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib

"Environmental Protection First" koalisiyası Ermənistanda COP17 – Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinə, dövlətlərə və beynəlxalq ətraf mühit təşkilatlarına müraciət edib.

“İki sahil” xəbər verir ki, müraciətdə deyilir:

"COP17 təbiət naminə biomüxtəlifliyin itirilməsinin qarşısını almağa yönəlsə də, bu konfransa torpaqların deqradasiyası, transsərhəd çayların çirklənməsi və sistematik şəkildə ekosid törətmiş bir ölkənin ev sahibliyi etməsi ikili standartdan başqa bir şey deyil.

Əsl təbiətsevərlik ikili standartlardan, selektiv yanaşmadan və yalançı ekoloji təəssübkeşlikdən uzaq olmalıdır. Bu səbəbdən, COP17-də iştirak edən bütün iştirakçıları və nümayəndələri standart tezislərdən kənara çıxmağa və Ermənistanın daxilində və transsərhəd çayları vasitəsilə regionda səbəb olduğu ekoloji çirkləndirmə fəaliyyətini sorğulamağa çağırırıq.

Ermənistandakı COP17 iştirakçılarını sammit zamanı mümkün olan hər fürsətdə bu məsələləri qaldırmağa səsləyirik:

- Ermənistan tərəfindən transsərhəd çayların kimyəvi məhv edilməsi: Onilliklər ərzində Zəngəzur Mis-Molibden Kombinatı və Qapan Mədən və Emalı Zavodu tərəfindən atılan ağır metallar tərkibli zəhərli tullantılar Oxçuçayı ciddi şəkildə çirkləndirib. Bir vaxtlar canlı olan bu su hövzəsi zəhərli, pas rəngli kimyəvi bataqlığa çevrilib. Sözügedən bu ekoloji çirklənmə bu ərazilərdəki biomüxtəlifliyi, o cümlədən Ermənistandan qovulan Qərbi Azərbaycanlıların tarixən məskunlaşdığı yaşayış məntəqələrinin təbiətini tamamilə məhv edərək bu insanların gələcəkdə ləyaqətlə öz dədə-baba yurdlarına qayıtmalarına da əngəl törədir;

- Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan ərazilərində ətraf mühitin çirklənlədirilməsi: Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələri Ermənistan tərəfindən işğal dövründə sistemli şəkildə dağıntılara, meşələrin qırılmasına və təbii sərvətlərin qanunsuz istismarına məruz qalıb;

- Azərbaycan sərhədi yaxınlığında təhlükəli sənaye layihələri: Ermənistan Azərbaycanla sərhədə yaxın ərazilərdə, məsələn, Arazdəyəndə (Yerasx) ağır sənaye və metallurgiya layihələrini həyata keçirməyə çalışması sərhədyanı bölgədə məqsədli şəkildə ekoloji zərərli sənayenin yerləşdirilməsinin bir nümunəsidir;

- Nəzarətsiz mədənçilik fəaliyyəti və çaylarının yuxarı axında çirklənməsi: Ermənistanda davam edən mədən əməliyyatları və zəhərli tullantıların demək olar ki təmizlənmədən sərhəd çaylarına axıdılması Azərbaycanın ekoloji tarazlığını, torpaq münbitliyini və su ehtiyatlarını təhdid edir;

- Ermənistan BMT-nin Su Konvensiyasına hələ də qoşulmayıb: Ermənistan BMT-nin Sərhəddən Keçən Su Axınlarının və Beynəlxalq Göllərin Mühafizəsi və İstifadəsi Konvensiyasına (Helsinki Konvensiyası) tərəf olmamaqla yanaşı, qonşu ölkələrlə bu sahədə əməkdaşlıq etməkdən də imtina edir. Uzun müddətdir ki, sərhədyanı ətraf mühitə ziyan vuran, ekosistemi məhv edən bir dövlətin bu beynəlxalq konvensiyaya belə qoşulmadan özü barəsində "ətraf mühitin qayğısına qalan dövlət" imici yaratmağa cəhd etməsi qəbuledilməzdir.

Biomüxtəliflik üçün əsl qlobal əməkdaşlıq dürüstlük, şəffaflıq və təbiətin mühafizəsi üçün birgə səylərin göstərilməsi üzərində qurula bilər. Beynəlxalq ictimaiyyət Ermənistanın ətraf mühitə qarşı törətdiyi çoxsaylı cinayətləri hansısa beynəlxalq tədbir keçirməklə ört-basdır etməyə çalışmasına icazə verməməlidir".