İllik 2,5 milyard tablet və kapsul istehsalı daxili bazarımızın dərman təminatında önəmli hadisəyə çevriləcək
Azərbaycan dövləti xaricdən dərman idxalını azaltmaq üçün son illərdə önəmli layihələr həyata keçirib. Məhz Prezident İlham Əliyevin oktyabrın 5-də Pirallahı Sənaye Parkında «Gen Pharma Caucasus Manufacturing Operations» MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirakı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yeni müəssisənin fəaliyyətə başlaması Azərbaycanda dərman istehsalının sənaye miqyasının genişləndirilməsi, məhsul çeşidinin artırılması, müasir texnologiyaların tətbiqinə üstünlük verilməsi, idxalın müəyyən hissəsinin yerli istehsalla əvəzlənməsi və gələcəkdə yerli istehsal olan dərmanların xarici bazarlara çıxarılması üçün yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Sstatistikayə görə, 2026-cı ilin ilk 6 ayında ölkədə əczaçılıq məhsullarının istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz artıb. Bu, kifayət qədər yüksək artım tempidir və sahəyə göstərilən dövlət dəstəyinin təsdiqidir. Ölkəmiz üçün qarşıdakı mərhələdə əsas vəzifələrdən biri də əczaçılıq məhsullarında kəmiyyət artımı ilə bərabər, keyfiyyət arımını da yüksətməkdir. Bu ixrac prosesinin genişlənməsi üçün mütləqdir.
Pirallahı Sənaye Parkında yeni müəssisənin fəaliyyətə başlaması həmin sistemin təməl qoyuluşu hesaö edilir. Xatırladaq ki, «Gen Pharma Caucasus Manufacturing Operations» müəssisəsinə yatırılan 113,9 milyon manatlıq investisiya da layihənin miqyasını göstərən mühüm göstəricidir. Müəssisənin illik istehsal gücünün 60 milyon qutu dərman təşkil etməsi isə Azərbaycanın yerli əczaçılıq istehsalında ciddi istehsal potensialının formalaşdığını göstərir. Digər önəmli məsələ isə növbəti 5 il ərzində 500-dən artıq preparat istehsalının buna uyğun yerli məhsullarla təşkilinin nəzərdə tutulmasıdır. Yəni, illik 2,5 milyard tablet və kapsul istehsalı daxili bazarın dərman təminatında önəmli hadisəyə çevriləcəkdir.
Məlumdur ki, məhz son illər dünyada baş verən pandemiyalar, geosiyasi qarşıdurmalar, nəqliyyat-logistika problemləri və beynəlxalq təchizat zəncirlərində yaranan fasilələr göstərdi ki, strateji məhsullar üzrə həddindən artıq xarici asılılıq istənilən ölkə üçün risk yarada bilər. Bu baxımdan Azərbaycan özünü təmin etmə prisipinə ciddi yanaşır.
Niyə məhz yeni dərman müəssisəsi Pirallahı Sənaye Parkında yaradıldı? Təbii ki, burada əsas məqsəd eyni və əlaqəli fəaliyyət sahələrinin bir məkanda cəmləşməsi, infrastruktur xərclərinin optimallaşdırılması, texnologiya və bilik mübadiləsinin sürətləndirilməsi və yeni istehsal zəncirlərinin yaradılmasıdır.
Əczaçılıq müəssisələri istehsalının genişlənməsi gələcəkdə Pirallahıda təkcə dərman istehsalı müəssisələrinin deyil, həm də qablaşdırma materialları, tibbi məhsullar, laboratoriya xidmətləri, logistika, texniki servis və digər əlaqəli fəaliyyətlərin də inkişafına zəmin yarada bilər. Belə bir klaster yanaşması əczaçılıq sənayesində əlavə dəyərin daha böyük hissəsinin ölkə daxilində formalaşmasına imkan vercək. Yəni, əgər hazırda bir dərmanın istehsal zəncirinin müxtəlif mərhələləri ayrı-ayrı ölkələr arasında bölüşdürülürsə, gələcəkdə həmin zəncirin daha çox həlqəsinin Azərbaycanda formalaşdırılması həm iqtisadi səmərəliliyi, həm də təchizat təhlükəsizliyini artıra bilər. Onu da qeyd edək ki, yeni müəssisənin perspektivlərini təkcə Azərbaycan bazarı ilə məhdudlaşdırmaq düzgün olmazdı. İstehsal olunacaq məhsulların Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrə ixracının nəzərdə tutulması respublikamızın regional əczaçılıq bazarında mövqeyini gücləndirmək üçün əlverişli imkan yaradır.
Bu istiqamətdə Azərbaycanın coğrafi mövqeyi də diqqət çəkir. Ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi məhsulların regional bazarlara çatdırılması üçün logistika baxımından əlavə imkanlar yaradır. Xüsusilə Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrin sürətlə genişləndiyi indiki mərhələdə əczaçılıq məhsullarının ixracı qeyri-neft ixracının şaxələndirilməsi baxımından yeni istiqamət kimi dəyərləndirilir. Özbəkistan və Qazaxıstan kimi geniş əraziyə və böyük əhali potensialına malik bazarlar, eləcə də Gürcüstan vasitəsilə daha geniş regional bazarlara çıxış Azərbaycan istehsalçıları üçün yeni imkanlar yarada bilər. Burada əsas məsələ sadəcə məhsul istehsal etmək deyil, eyni zamanda, həmin məhsulu beynəlxalq standartlara uyğun şəkildə istehsal etmək və müxtəlif ölkələrin qeydiyyat və sertifikatlaşdırma tələblərinə cavab verməkdir.
Elçin Zaman, «İki sahil»