Rəqəmsal platformalar informasiya mübadiləsinin, ictimai müzakirələrin və hadisələrə münasibətin formalaşmasının əsas məkanlarından birinə çevrilib. Bununla yanaşı, sosial şəbəkələrdə saxta hesablar, koordinasiyalı paylaşımlar, süni intellekt vasitəsilə hazırlanmış görüntülər və emosional təsirə hesablanan məzmunlar da geniş yayılır. Bu imkanlardan istifadə etməklə ictimai rəyi yönləndirmək, müəyyən fikirləri süni şəkildə ön plana çıxarmaq və insanların qərarlarına təsir göstərmək mümkündür. Məlumatın geniş yayılması onun həqiqiliyini, çoxsaylı hesablar tərəfindən paylaşılması isə ictimai dəstəyə malik olduğunu göstərmir.
Kibermanipulyasiya informasiya texnologiyalarından və insanların psixoloji xüsusiyyətlərindən istifadə etməklə onların hadisələri qavrayışına, mövqeyinə və davranışına təsir göstərən mürəkkəb prosesdir. Bu təsir yalnız yanlış məlumatın yayılması ilə məhdudlaşmır. Qorxu, qəzəb və təşviş yaradan paylaşımlar insanı faktları yoxlamadan hərəkətə keçirməyə sövq edə, eyni iddianın davamlı təkrarlanması isə əsassız fikirlərin həqiqət kimi qəbul olunmasına şərait yarada bilər. İnformasiya axınının sürətləndiyi rəqəmsal mühitdə faktları manipulyativ təqdimatdan ayırmaq buna görə xüsusi əhəmiyyət daşıyır.
Kibermanipulyasiyaya qarşı mübarizə saxta hesabların müəyyənləşdirilməsi və məlumatların həqiqiliyinin yoxlanılması ilə yanaşı, insanların media savadlılığının və psixoloji dayanıqlığının gücləndirilməsini də tələb edir.
Bəs saxta hesablar və süni intellekt bu prosesdə hansı rol oynayır? Manipulyativ paylaşımlar insanların emosiyalarına və qərarlarına necə təsir göstərir, bu təsirdən qorunmaq üçün hansı vərdişlər vacibdir?

İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Bəhruz Əliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, saxta hesablar və botlar eyni fikri çoxlu sayda paylaşaraq həmin mövzunun geniş dəstək qazandığı görüntüsünü yarada bilər. Bəzən yüzlərlə hesab eyni xəbəri, şüarı və ya həştəqi qısa müddətdə yayır. Bunun məqsədi insanlarda hamı belə düşünür təsəvvürü yaratmaqdır. Belə hesabların profilləri çox vaxt yeni açılmış olur, az şəxsi məlumat paylaşır və həddindən artıq aktiv görünür. Eyni və ya çox oxşar mətnlərin müxtəlif hesablardan eyni vaxtda paylaşılması da şübhəli əlamətdir. Hesabların daim yalnız bir siyasi, sosial və ya kommersiya mövzusunu təbliğ etməsi də koordinasiyalı fəaliyyət göstəricisi ola bilər. Buna görə məlumatın neçə dəfə paylaşıldığından çox, onun mənbəyinə və sübutlarına diqqət etmək lazımdır.
Süni intellekt manipulyasiyanın miqyasını genişləndirir
Bəhruz Əliyev qeyd etdi ki, süni intellekt saxta video, şəkil və səs hazırlamağı daha asan və sürətli edib. “Deepfake” adlanan texnologiya ilə bir insanın demədiyi sözləri demiş kimi göstərmək mümkündür. Belə materiallar xüsusilə seçkilər, münaqişələr və böhranlar zamanı insanları çaşdıra bilər. Süni intellekt həmçinin çoxlu sayda inandırıcı görünən saxta xəbər və sosial şəbəkə paylaşımı hazırlaya bilir. İnsanlar görüntü və səsə daha çox inandıqları üçün bu cür saxtakarlıqlar adi yalan məlumatdan daha təsirli ola bilər. Saxta məzmun sürətlə yayıldıqda onun sonradan təkzib edilməsi də çətinləşir. Buna görə süni intellekt kibermanipulyasiyanın həm miqyasını, həm də təsir gücünü artırır.
Saxta məlumatı paylaşmazdan əvvəl nəyi yoxlamaq lazımdır?
Ekspert vurğuladı ki, ilk növbədə məlumatın hansı mənbədən yayıldığını yoxlamaq lazımdır. Xəbəri yalnız bir sosial şəbəkə hesabında görmüsünüzsə, başqa etibarlı media və rəsmi mənbələrdə də həmin məlumatı axtarın. Şəkillərin əvvəllər başqa hadisələrlə bağlı istifadə olunub-olunmadığını yoxlamaq olar. Videolarda üz hərəkətlərinin, səsin və dodaqların uyğunluğuna diqqət etmək faydalıdır. Şübhəli səs yazısı və ya videonu dərhal paylaşmaq əvəzinə, onun rəsmi mənbədə olub-olmadığını araşdırmaq lazımdır. Tarixə, məkan məlumatına və paylaşımı edən hesabın əvvəlki fəaliyyətinə də baxmaq vacibdir. Xüsusilə çox emosional və sensasiyalı məzmun gördükdə onu paylaşmazdan əvvəl bir neçə mənbə ilə müqayisə etmək ən düzgün yanaşmadır.
Kibermanipulyasiyaya qarşı mübarizədə istifadəçi və platformaların məsuliyyəti
Bəhruz Əliyev diqqətə çatdırdı ki, istifadəçilər tanımadıqları hesablardan gələn məlumatlara dərhal etibar etməməlidirlər: “Şübhəli linklərə daxil olmaqdan və şəxsi məlumatları naməlum səhifələrdə paylaşmaqdan çəkinmək lazımdır. Hesablar üçün güclü və fərqli parollardan, həmçinin iki mərhələli doğrulamadan istifadə etmək təhlükəsizliyi artırır. Şübhəli və manipulyativ paylaşımları yaymaq əvəzinə platformaya şikayət etmək daha məqsədəuyğundur. Sosial şəbəkə şirkətləri bot şəbəkələrini, saxta hesabları və koordinasiyalı manipulyasiya kampaniyalarını vaxtında müəyyən etməlidirlər. Onlar süni intellektlə yaradılmış və ya dəyişdirilmiş məzmunun işarələnməsi üçün aydın qaydalar tətbiq etməlidirlər. Eyni zamanda, platformalar istifadəçilərə məlumatın mənbəyini görmək və şübhəli məzmun barədə xəbərdarlıq almaq üçün daha şəffaf alətlər təqdim etməlidirlər”.
Kibermanipulyasiyanın texniki tərəfini anlamaq və təhlükəsizlik qaydalarına əməl etmək vacib olsa da, problemin başqa bir istiqaməti də var. Saxta məlumatların təsiri insanların həmin informasiyanı necə qəbul etməsi, hansı emosional reaksiyanı verməsi və bu reaksiyanın davranışlarına necə yansıması ilə bağlıdır. Məhz bu məqamda psixoloji amillər ön plana çıxır.
Manipulyativ paylaşımlar insanların emosiyalarından necə istifadə edir?

Psixoloq Elnur Rüstəmli qəzetimizə açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə yayılan saxta məlumatların təhlükəsi yalnız insanın yanlış xəbər oxuması ilə məhdudlaşmır. Belə məlumatlar onun hadisələrə münasibətini, insanlara etimadını və qərarlarını dəyişə bilər. İnsan faktiki olaraq baş verməyən bir hadisəyə görə qorxu keçirə, kiməsə qarşı əsassız qəzəb hiss edə və yoxlanılmamış iddia əsasında seçim edə bilər. Başqa sözlə, məlumat saxta olsa da, yaratdığı emosiyalar və davranış nəticələri real olur. Burada bir neçə psixoloji mexanizm işləyir. İnsan öz mövcud düşüncələrinə uyğun gələn məlumatı daha asan qəbul etməyə meyillidir. Məsələn, müəyyən şəxsə və ya quruma əvvəlcədən etimadsızlıq varsa, onun haqqında mənfi xəbər daha az sorğulana bilər. İnsan həmin anda “Bu doğrudurmu” sualından çox, “Mən elə əvvəldən belə düşünürdüm” qənaətinə yönəlir. Digər mexanizm təkrardır. Eyni iddianın dəfələrlə qarşıya çıxması onun tanış və nəticədə daha inandırıcı görünməsinə səbəb ola bilər. Halbuki müxtəlif səhifələrdə yayılan məlumatların hamısı eyni yoxlanılmamış mənbədən götürülə bilər. Bir məlumatın çox paylaşılması onun çoxsaylı mənbələr tərəfindən təsdiqlənməsi demək deyil. İnsan bu təsiri həmişə dərk etmir, çünki yaranan fikri öz müstəqil qənaəti kimi yaşayır. Üstəlik, sürətli informasiya axını, yorğunluq və diqqətin bölünməsi məlumatı ətraflı qiymətləndirməyi çətinləşdirir. Bu, yalnız savadsızlıq məsələsi deyil. Təhsilli insan da öz həssas mövzusu, qorxusu və ya güclü inancı üzərindən manipulyasiyaya məruz qala bilər. Hər yanlış məlumatı da qəsdən hazırlanmış manipulyasiya saymaq olmaz. Bəzən insan özü inanaraq səhv məlumat paylaşır. Ona görə həm məlumatın doğruluğunu, həm də onun təqdimat formasını ayrıca qiymətləndirmək lazımdır.
Qorxu və qəzəb insanı tələsik qərarlara necə sövq edir?
E. Rüstəmli qeyd etdi ki, insan təhlükə siqnallarına həssasdır. Təhlükə haqqında məlumat diqqətimizi sürətlə cəlb edir, çünki özümüzü və yaxınlarımızı qorumaq istəyirik. Bu səbəbdən “Hamı təhlükədədir”, “Uşaqlarınızı qoruyun”, “Təcili paylaşın” kimi ifadələr insanı xəbəri yoxlamadan hərəkətə keçməyə sövq edə bilər. Şəxs paylaşımı bəzən yanlış məlumat yaymaq üçün deyil, başqalarına kömək etmək niyyəti ilə edir. Qəzəb isə insanda dərhal cavab vermək və mövqe bildirmək istəyi yarada bilər. Xüsusilə ədalətsizlik, ailə, uşaqlar və şəxsi dəyərlərlə bağlı paylaşımlar güclü reaksiya doğurur. Lakin bu, hər emosional xəbərin saxta olması demək deyil. Əsas məsələ emosiyanın faktı yoxlamağın yerini tutmamasıdır.
Manipulyativ təqdimatda çox vaxt mürəkkəb hadisə sadələşdirilir, konkret bir “günahkar” göstərilir və insana təcili reaksiya verməli olduğu hissi aşılanır. Kontekstdən çıxarılmış video, köhnə görüntünün yeni hadisə kimi təqdim olunması və sübutsuz iddianın təsirli başlıqla verilməsi bu məqsədə xidmət edə bilər. Beləliklə, diqqət “Nə baş verib və sübut nədir” sualından “Kimə qəzəblənməliyəm” sualına keçir. Bu məsələdə insanın hansı qrupa aid olduğunu hiss etməsi də rol oynayır. Bəzən paylaşım məlumat ötürməkdən çox “Mən də sizin tərəfinizdəyəm” mesajına çevrilir. Bu halda xəbəri şübhə altına almaq insana öz çevrəsinə qarşı çıxmaq kimi görünə bilər. Ancaq insanın davranışı tam və qaçılmaz şəkildə idarə olunmur. Təsirin gücü onun həmin andakı emosional vəziyyətindən, məlumatı yoxlama vərdişindən və alternativ izahları nəzərdən keçirməsindən asılıdır.
Psixoloji dayanıqlığı gücləndirmək üçün hansı vərdişlər vacibdir?
Psixoloq vurğuladı ki, ilk vərdiş emosional reaksiya ilə hərəkət arasında fasilə yaratmaqdır. Bir paylaşım bizi dərhal qorxudursa və ya qəzəbləndirirsə, onu paylaşmazdan, şərh yazmazdan və qərar verməzdən əvvəl dayanmalıyıq. Özümüzə soruşa bilərik: “Hazırda nə hiss edirəm? Bu hiss hansı sübuta əsaslanır? Məndən hansı hərəkət gözlənilir?” İkinci vərdiş ilkin mənbəni yoxlamaqdır. Məlumatı kim yayıb, hadisə nə vaxt baş verib, başlıq mətnə uyğundurmu, görüntü tamdırmı? Bir neçə səhifədə eyni xəbəri görmək kifayət deyil; həmin səhifələrin bir-birindən köçürüb-köçürmədiyinə də baxmaq lazımdır. Xüsusilə sağlamlıq, təhlükəsizlik və maliyyə ilə bağlı qərarlarda anonim paylaşım əsasında hərəkət etmək doğru deyil. Üçüncü vərdiş faktla şərhi ayırmaqdır. “Bu hadisə baş verib” iddiası ilə “Bu hadisə hər şeyin pisə getdiyini göstərir” qənaəti eyni deyil. Tənqidi düşüncə hər şeyə şübhə ilə yanaşmaq yox, iddianın sübutunu və alternativ izahlarını qiymətləndirməkdir. Dördüncü vərdiş informasiya qəbuluna sərhəd qoymaqdır. Davamlı olaraq təşviş yaradan məzmun izləmək insanın gündəlik emosional vəziyyətinə təsir göstərə bilər. Bildirişləri azaltmaq, xəbərləri müəyyən vaxtlarda oxumaq və gərginlik yaradan hesabları məhdudlaşdırmaq faydalıdır.
Bu bacarıqların erkən yaşlardan formalaşdırılması da əhəmiyyətlidir. Ailədə və məktəbdə uşaqlara internetdəki məlumatları kor-koranə qəbul etməmək tövsiyəsi ilə kifayətlənmək olmaz. Onlara mənbələri müqayisə etməyi, faktla şəxsi rəyi ayırmağı və emosional təsir yaradan təqdimatları tanımağı konkret nümunələr əsasında öyrətmək lazımdır. Media savadlılığı ilə psixoloji maarifləndirmənin birgə inkişafı insanların manipulyativ məzmunu daha düzgün qiymətləndirməsinə kömək edə bilər.
Rəqəmsal mühitdə təhlükəsiz davranış təkcə texniki müdafiə vasitələrindən istifadə etməklə məhdudlaşmır. Məlumatı yoxlamaq, emosional reaksiyaya nəzarət etmək və tələsik qərarlardan çəkinmək də bu müdafiənin mühüm hissəsidir. Bəzən ən məsuliyyətli addım xəbəri hamıdan əvvəl paylaşmaq deyil, onun doğruluğunu müəyyənləşdirənədək gözləməkdir.
Nigar Orucova, “İki sahil”
Bakı daim regional və qlobal sülhə, sabitliyə, əmin-amanlığa sadiqlik nümayiş etdirir - ŞƏRH
Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb