Orta Dəhlizə potensial investisiyalar region ölkələri üçün dünya iqtisadiyyatına daha dərindən inteqrasiya perspektivləri açır.
“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur brifinq zamanı bildirib.
“Son bir neçə ildə Mərkəzi Asiya və Qafqaz ölkələrinin əksəriyyətində iqtisadi artım templəri əvvəlki dövrlə, yəni 2022-ci ilə qədərki mərhələ ilə, eləcə də dünyanın bir çox digər ölkələri ilə müqayisədə daha yüksək olub”, – deyə o bildirib.
Azur qeyd edib ki, bu ölkələr investisiya və miqrasiya axınlarının istiqamətinin dəyişməsi, investisiyaların artması və ticarət marşrutlarının yenidən istiqamətləndirilməsi nəticəsində müəyyən üstünlüklər əldə ediblər.
“Nəticədə, son illərdə bu ölkələrdə iqtisadi artım templəri regionun əksər digər dövlətləri ilə müqayisədə daha yüksək olub. Proqnozlarımıza əsasən, 2026–2027-ci illərdə artım templəri tədricən bir-birinə yaxınlaşacaq. Bununla yanaşı, ayrı-ayrı ölkələrin iqtisadi dinamikasında müəyyən fərqlər də müşahidə edirik.
Bu, xarici amillərlə yanaşı, güclü institusional baza, pul-kredit və büdcə-vergi siyasətini səmərəli həyata keçirmək qabiliyyəti, eləcə də region ölkələri arasında koordinasiya və əməkdaşlığın dərinləşməsi də daxil olmaqla, daxili şəraitin məcmusu ilə bağlıdır”, – deyə o əlavə edib.
Bununla yanaşı, Azurun sözlərinə görə, son illərdə iqtisadi artımın sürətlənməsi inflyasiyanın güclənməsi risklərini də üzə çıxarıb.
“Buna görə də ölkələrə inflyasiyanın cilovlanmasına xüsusi diqqət yetirməyi davam etdirməyi və pul-kredit siyasətindən əsas tənzimləmə aləti kimi istifadə etməyi tövsiyə edirik.
Şübhəsiz ki, müxtəlif şoklar və dünya iqtisadiyyatında parçalanmanın dərinləşməsi regional əməkdaşlığın, eləcə də bu ölkələrin dünyanın qalan hissəsi ilə əlaqələrinin gücləndirilməsinin əhəmiyyətini artırıb.
Orta Dəhlizə potensial investisiyalar, Çin, Avropa və hətta Yaxın Şərqlə ticarətin genişləndirilməsi imkanları region ölkələri üçün dünya iqtisadiyyatına daha dərindən inteqrasiya perspektivləri açır”, – deyə o bildirib.
Azur əlavə edib ki, ölkələr artıq bu imkanların reallaşdırılması üçün zəruri olan infrastruktura investisiyalar yatırırlar.
“Lakin bu proses müəyyən vaxt tələb edə bilər. İnfrastruktur investisiyaları ilə yanaşı, institusional mühitin təkmilləşdirilməsi, özəl sektorun rolunun genişləndirilməsi, dövlət müəssisələrində islahatların aparılması və dövlətin iqtisadiyyatda iştirakının azaldılması da tələb olunacaq”, – deyə o bildirib.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir