14 oktyabr 2026 18:37
132

Avropa qışa hazırlaşır: Ümidləri Azərbaycanadır

Sərt qış həmişə Avropa ölkələri üçün çətin sınaqlardan biri olur. İstər mənzillərin qızdırılması,  istərsə də iqtisadiyyatda iş ahənginin pozulmaması yanacaqdan asılı vəziyyətə düşür. Deməli, dözülməz şaxtalı qışda yanacaqla təminat Avropanın bir  nömrəli probleminə çevrilir. Ona görə də hər bir Avropa ölkəsinə etibarlı yanacaq təminatçısı tapmaq tələb olunur.

Bu günlərdə Slovakiya başqa ölkədən qaz idxalının dayandırılması planı ilə əlaqədar Azərbaycan, Əlcəzair və ABŞ-dan ildə təxminən 1 milyard kubmetr qaz tədarükünü nəzərdə tutan uzunmüddətli müqavilə imzalamaq imkanlarını araşdırır. Bu məsələdə Azərbaycana daha çox üstünlük verilir.

Bu sözləri Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova mətbuata açıqlamasında deyib. Nazirin sözlərinə görə, ölkəyə 2027-ci ilin sentyabrından etibarən yeni qaz tədarükü müqaviləsi lazım olacaq. Əvvəlki qaz təminatçıları ilə müəyyən səbəblərdən müqavilə bağlanmayacaq. Çünki avropalı rəsmilər müharibə aparan ölkələrlə iqtisadi əlaqələri davam etdirmək istəmirlər. Dediyimiz kimi, Slovakiyada yeni mümkün real təchizatçılar sırasında Azərbaycan, Əlcəzair və ABŞ nəzərdən keçirilir.

Denisa Sakova qeyd edib ki, Slovakiyanın dövlətə məxsus əsas qaz təchizatçısı SPP-nin anbarlarında 17,5 teravatt-saat qaz ehtiyatı mövcuddur. Bu həcm ölkənin illik qaz istehlakının təxminən 35 faizinə bərabərdir və qarşıdan gələn qış mövsümü üçün ehtiyatların formalaşdırılmasına imkan verir. Bunun üçün əvvəldən hazırlıqlar görülməlidir. Slovakiyada bunu düzgün qiymətləndirir və lazım olan işləri vaxt itirmədən həyata keçirirlər.

Avropa İttifaqının planına əsasən, Rusiya qazının idxalına qoyulacaq məhdudiyyətlərin 2027-ci ildə qüvvəyə minməsi gözlənilir. Bu şəraitdə Slovakiya alternativ təchizat mənbələri axtarmağa başlayıb.

Hazırda Azərbaycandan qaz alan ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Ümumi ixrac coğrafiyası isə Türkiyə, Gürcüstan və Suriya da daxil olmaqla 16 ölkəni əhatə edir. Azərbaycan ötən müddətdə Yunanıstan-Bolqarıstan İnterkonnektoru vasitəsilə daha çox dövlətə enerji məhsulunu çatdıra bilib. Göründüyü kimi, Azərbaycan Avropada neft ixracatçıları sırasında əvvəlinci yerlərdən birini tutur, yəni ixracın coğrafiyası getdikcə genişlənir. Bununla da ölkəmiz dünya iqtisadiyyatında yeni siyasi-iqtisadi manevr imkanları qazanır. Digər tərəfdən, strateji müttəfiq, etibarlı tərəfdaş statusunu möhkəmləndirir. Azərbaycan belə imkanlarına görə heç bir ölkə ilə diktə dili ilə danışmır, özünün üstünlüyünü nümayiş etdirmir. Bu keyfiyyətlərinə görə vaxt keçdikcə ətrafına daha çox ölkə cəmləşir. Ən başlıcası isə, neft-qaz satışından ölkəmizin büdcəsinə milyardlarla dollar vəsait daxil olur. Ona görə fəxrlə deyirik ki, bu gün 16 ölkə Azərbaycandan qaz yanacağı alır, ölkəmizlə tərəfdaşlıq edir. Təkcə neft-qaz yanacağından gələn gəlirlər hesabına Qarabağın işğaldan azad edilmiş bütün şəhər və kəndləri yenidən tikilir, abadlaşdırılır.

Bir sözlə, neft-qaz yanacağının reallaşdırılması ilə iqtisadiyyatımız şaxələndirilir, əməkdaşlığımızın coğrafiyası genişləndirilir bu və digər sahələrin də irəliləməsinə təkan verir.

Vəli İlyasov, “İki sahil”