14 oktyabr 2026 19:13
138

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş görüş keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli, Milli Məclisin deputatı Kamaləddin Qafarov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və Agentliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Daha sonra Ümummilli Liderin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Görüşdə çıxış edən Vüsal Nəsirli Prezident İlham Əliyevin qurultaydakı nitqinin ölkəmizin inkişaf prioritetləri və qarşıda duran strateji vəzifələr baxımından əhəmiyyətini vurğulayıb.

O, Qarabağ və Şərqi Zəngəzurun bərpasında, Böyük Qayıdışın təmin edilməsində və Azərbaycanın beynəlxalq tranzit imkanlarının genişləndirilməsində yol infrastrukturunun mühüm rolundan danışıb. Yol layihələrinin keyfiyyətli icrasının, dövlət vəsaitindən səmərəli istifadənin və təhlükəsiz hərəkətin təmin edilməsinin əsas prioritetlər olduğunu qeyd edib.

Çıxış edən Kamaləddin Qafarov və Vüsar İsmayılov da dövlət başçısının nitqinin əhəmiyyətinə toxunaraq ölkənin inkişafı və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bölüşüblər.

Görüşün yekununda Prezident İlham Əliyevin qurultaydakı nitqində səsləndirdiyi fikirlərin ölkəmizin gələcək inkişafı, qarşıya qoyulan vəzifələrin icrası və əldə olunan nailiyyətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.