14 oktyabr 2026 16:15
150

Prezident təqaüdünə layiq görülmək çox qürurverici hissdir - MÜSAHİBƏ

Əli Məmmədzadə: Ən böyük hədəfim prokuror olmaqdır

Prezident İlham Əliyev 2026–2027-ci tədris ilində ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, həmin tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş 102 tələbəyə Prezident təqaüdü veriləcək. Bu yüksək etimada layiq görülən gənclərdən biri də 689,6 bal toplayaraq ADA Universitetinin Hüquqşünaslıq ixtisasına (ingilis dilində, ödənişli əsaslarla) qəbul olunan Məmmədzadə Əli Musa oğludur.

Prezident təqaüdünə layiq görülmək gəncin akademik göstəricilərinin qiymətləndirilməsi ilə yanaşı, onun gələcək hədəflərinə doğru inamla irəliləməsi üçün də mühüm stimul yaradır. Bu uğurun arxasında məqsədyönlü çalışma, ailənin dəstəyi və müəllimlərin əməyi dayanır. Eyni zamanda, yüksək nəticə əldə etmək yeni məsuliyyətlər, daha böyük hədəflər və cəmiyyət qarşısında öhdəliklər deməkdir.

Əli Məmmədzadə ilə söhbətimizdə qazandığı uğurun onda yaratdığı hisslərdən, təhsil yolunda qarşılaşdığı çətinliklərdən, gələcək peşəkar planlarından və gənclərin uğur qazanmasında mühüm rol oynayan amillərdən danışdıq.

– İlk olaraq, özünüzü oxucularımıza təqdim etməyinizi xahiş edirik. Hazırda harada təhsil alırsınız, hansı ixtisas üzrə biliklərə yiyələnirsiniz və bu sahəni seçməyinizə nə təsir göstərib?

– Salam. Mən Məmmədzadə Əli Musa oğluyam. Hazırda ADA Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıram. Bu sahəni seçməyimdə ailəmin məsləhəti və öz istəyim xüsusi rol oynayıb.

– Prezident təqaüdünə layiq görüldüyünüz xəbərini eşidəndə hansı hissləri keçirdiniz? Bu müjdəni ilk kimlə bölüşdünüz və həmin an sizin üçün nə ifadə edirdi?

– Prezident təqaüdünə layiq görülmək çox qürurverici hissdir. Buna görə çox şadam. Sevincimi ailəmlə bölüşdüm və bu, mənim üçün yeni uğurun başlanğıcı idi.

– Prezident təqaüdünə layiq görülməyinizi indiyədək qazandığınız uğurların qiymətləndirilməsi kimi qəbul edirsinizmi? Bu nailiyyətə çatmağınızda hansı amillərin və insanların xüsusi rolu olub?

– Əlbəttə, bu, təsadüf deyil, böyük zəhmətin bəhrəsidir. Bu nailiyyəti əldə etməyimdə ailəmin və müəllimlərimin çox böyük əməyi var. Buna görə onlara təşəkkür edirəm.

Məqsədinə nail olmaq üçün çalışdığını xatırladıqda davam edirsən

– Yüksək nəticələr əldə etmək üçün uzunmüddətli zəhmət, intizam və məqsədyönlülük tələb olunur. Təhsil həyatınızda qarşılaşdığınız əsas çətinliklər hansılar olub və onların öhdəsindən necə gəlmisiniz?

– Mütəmadi çalışmaq bəzən yorğunluğa səbəb olur. Amma sonda öz məqsədinə nail olmaq üçün çalışdığını xatırladıqda yoluna davam edirsən.

– Prezident təqaüdçüsü olmaq sizə hansı yeni məsuliyyətlər yükləyir? Bu yüksək etimadı doğrultmaq və gələcək fəaliyyətinizdə daha böyük uğurlara imza atmaq üçün qarşınıza hansı məqsədləri qoymusunuz?

– Sözsüz ki, belədir. Ölkədə etimad göstərilən gənclərdən biri olmaq yeni öhdəliklər yaradır. Bu öhdəlikləri layiqincə yerinə yetirmək üçün çalışacağam.

– Təhsil aldığınız sahə üzrə ölkəmizin inkişafına hansı töhfələri verməyi düşünürsünüz? Gələcəkdə özünüzü daha çox elmi fəaliyyət, peşəkar karyera, yoxsa innovativ layihələrin həyata keçirilməsində görürsünüz?

– Əvvəla, məqsədim təhsilimi davam etdirərək lazımi bilik və təcrübəyə yiyələnməkdir. Daha sonra cəmiyyətimizin inkişafı üçün fəaliyyətə başlamaq istəyirəm.

Uğur qazanmaq istəyən gənclər müəyyən bir hədəf seçməlidirlər

– Gənclərin bilik və bacarıqlarının inkişafı, onların potensialının üzə çıxarılması baxımından hansı imkanların daha da genişləndirilməsini vacib hesab edirsiniz? Öz təcrübənizdən çıxış edərək uğur qazanmaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

– Uğur qazanmaq istəyən gənclər müəyyən bir hədəf seçərək ona doğru addımlamağa çalışmalıdırlar. Bunun üçün müəllimlərin gənclərə uyğun hədəf seçməkdə böyük rol oynadığını düşünürəm.

– Sonda, gələcəyə dair ən böyük arzunuz və hədəfiniz nədir? Bir neçə il sonra özünüzü hansı mövqedə görmək istərdiniz və bu gün Prezident təqaüdçüsü adını daşıyan bir gənc kimi gələcək nəslə hansı mesajı vermək istərdiniz?

– Ən böyük hədəfim prokuror olmaqdır. Bir neçə il sonra özümü daha bilikli, daha təcrübəli və bu sahədə fəaliyyətə başlamış bir şəxs kimi təsəvvür edirəm.

Uğurun davamlı olması üçün çalışmağa davam etmək lazımdır

– Prezident təqaüdünə layiq görülməyiniz ailənizin və müəllimlərinizin sizdən gözləntilərinə necə təsir göstərib? Bu uğurun sizə aşıladığı inamı və məsuliyyəti gələcək fəaliyyətinizdə hansı şəkildə doğrultmağı düşünürsünüz?

– Ümumilikdə, məndən gözləntilər böyük olub və həmişə bu gözləntiləri qarşılamağa çalışmışam. Bu, bir uğurdur və uğurun davamlı olması üçün çalışmağa davam etmək lazımdır.

– Sizcə, müasir dövrdə gəncin yalnız yüksək akademik nəticələr əldə etməsi kifayətdirmi, yoxsa onun dünyagörüşü, milli-mənəvi dəyərlərə bağlılığı və cəmiyyət qarşısında məsuliyyəti də eyni dərəcədə önəmlidir? Bu keyfiyyətlərin formalaşmasında hansı amilləri əsas hesab edirsiniz?

– Mənim fikrimcə, təkcə akademik göstəricilər kifayət deyil. Qeyd etdiyiniz digər amillər də insan həyatında mühüm rol oynayır və müxtəlif sahələrdə üstünlük qazandırır.

Əlinin əldə etdiyi yüksək nəticə onun təhsil yolunda mühüm mərhələ olmaqla yanaşı, qarşıdakı illər üçün də böyük bir başlanğıcdır. Hüquqşünaslıq sahəsində bilik və təcrübəsini artırmaq, gələcəkdə prokuror kimi fəaliyyət göstərmək arzusu onun qarşısına qoyduğu əsas məqsədlərdəndir. Bu məqsədə doğru gedən yolda əzmkarlıq, davamlı öyrənmək istəyi və üzərinə düşən məsuliyyəti dərk etmək mühüm əhəmiyyət daşıyır. Prezident təqaüdünə layiq görülməsi isə gənc tələbənin gələcək uğurlara doğru inamla irəliləməsi üçün əlavə stimul yaradır.

Əli Məmmədzadəni Prezident təqaüdünə layiq görülməsi münasibətilə təbrik edir, ona təhsilində və gələcək peşəkar fəaliyyətində yeni uğurlar arzulayırıq. Müsahibəyə vaxt ayırdığı və səmimi fikirlərini bölüşdüyü üçün təşəkkür edirik.

Yaqut Ağaşahqızı, “İki sahil”