14 oktyabr 2026 16:21
185

Azərbaycan-Laos: qarşılıqlı maraqlar konkret təşəbbüslərlə reallaşdırılır

Dövlətlər arasında münasibətlərin davamlı inkişafı siyasi dialoqun iqtisadi və humanitar əməkdaşlıqla tamamlanmasını, qarşılıqlı maraqların konkret təşəbbüslər vasitəsilə reallaşdırılmasını tələb edir. Azərbaycan xarici siyasətində bu prinsipə əsaslanaraq müxtəlif regionların ölkələri ilə əlaqələrini genişləndirir, beynəlxalq tərəfdaşlığın yeni imkanlarını dəyərləndirir. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də Azərbaycana rəsmi səfəri də iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Azərbaycanla Laos arasında otuz ildən artıqdır davam edən diplomatik münasibətlər qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinə əsaslanır. Prezident İlham Əliyevin səfər çərçivəsində mətbuata verdiyi bəyanatda siyasi əlaqələrin, parlamentlərarası təmasların və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önə çəkilməsi bu münasibətlərin ardıcıl xarakterini nümayiş etdirir. Qəbul olunmuş Birgə Bəyanatın gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirməsi isə mövcud siyasi iradənin konkret fəaliyyət istiqamətləri ilə möhkəmləndirilməsi üçün zəmin yaradır.

İkitərəfli əlaqələrin inkişafında iqtisadi əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutur. Hazırkı ticarət dövriyyəsinin hər iki ölkənin imkanlarına uyğun səviyyəyə çatdırılması üçün yeni mexanizmlərin tətbiqinə ehtiyac var. Bakıda keçirilməsi nəzərdə tutulan Laos-Azərbaycan biznes-forumu sahibkarların qarşılıqlı əlaqələrinin qurulması, bazar imkanlarının araşdırılması və birgə layihələrin müəyyənləşdirilməsi baxımından faydalı olacaq. Belə təmaslar iqtisadi münasibətlərin yalnız mövcud imkanlarla məhdudlaşmamasına, yeni əməkdaşlıq sahələrinin üzə çıxarılmasına kömək edəcək.

Energetika, mədənçilik, kənd təsərrüfatı və istehsal sahələrində əməkdaşlıq üçün də perspektivlər mövcuddur. Azərbaycanın xarici ölkələrdə investisiya layihələrinin həyata keçirilməsi sahəsində qazandığı təcrübə bu istiqamətdə tərəfdaşlıq imkanlarını artırır. Laos tərəfindən təqdim ediləcək konkret layihələrin nəzərdən keçirilməsi, investisiya təşəbbüslərinin qarşılıqlı maraqlar əsasında qiymətləndirilməsi və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi iqtisadi əməkdaşlığın nəticəyönümlü inkişafına şərait yaradacaqdır.

Nəqliyyat-logistika sahəsində əməkdaşlıq da diqqət mərkəzindədir. Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki mövqeyi və müasir infrastruktur imkanları Asiya ilə Avropa arasında yükdaşımaların genişləndirilməsi üçün əlverişli şərait yaradır. Laosda dəmir yolu bağlantılarının inkişaf etdirilməsi və gələcəkdə Trans-Xəzər nəqliyyat marşrutuna çıxış imkanlarının nəzərdən keçirilməsi iki ölkənin bu sahədə ortaq maraqlarını artırır. Nəqliyyat əlaqələrinin genişlənməsi ticarət dövriyyəsinin yüksəlməsinə, yeni iqtisadi tərəfdaşlıqların yaranmasına və qarşılıqlı iqtisadi təmasların intensivləşməsinə töhfə verəcəkdir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, biz indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq: “Ümid edirəm ki, hər iki tərəfdə reallaşan bütün bu layihələr gələcəkdə başa çatandan sonra yükdaşımaların da həcmi artacaq”.

Humanitar sahədə əməkdaşlığın genişləndirilməsi də münasibətlərin davamlılığı üçün vacibdir. Sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması iki xalq arasında tarixi əlaqələrin formalaşmasına töhfə verib. Laoslu tələbələr üçün təqaüd imkanlarının yaradılması bu ənənənin bərpasına və gələcək nəsillər arasında əlaqələrin möhkəmlənməsinə şərait yaradacaq. Eyni zamanda, mina təhlükəsi ilə mübarizə sahəsində təcrübə mübadiləsi, müasir texnologiyaların tətbiqi və mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlıq insanların həyat və sağlamlığının qorunmasına xidmət edən mühüm təşəbbüslərdir.

Azərbaycan-Laos münasibətlərinin gələcək inkişafı üçün siyasi dialoqla yanaşı, əldə olunan razılaşmaların praktik nəticələrə çevrilməsi əsas şərtdir. Laos Prezidenti Thonqlun Sisulitin ölkəmizə ilk rəsmi səfəri bu baxımdan yeni imkanların müəyyənləşdirilməsinə şərait yaradıb. İqtisadi layihələrin təşviqi, nəqliyyat əlaqələrinin inkişafı, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında dostluq münasibətlərini daha məzmunlu tərəfdaşlığa çevirəcək. Qarşılıqlı maraqların uzlaşdırılması və birgə təşəbbüslərin ardıcıl həyata keçirilməsi Azərbaycanla Laos arasında əlaqələrin gələcək inkişafına möhkəm zəmin yaradacaqdır.

Nurlan Həsənov,
Milli Məclisin deputatı