Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı ölkəmizin region dövlətləri ilə əlaqələrinin strateji əhəmiyyətini, qarşılıqlı əməkdaşlığın genişlənən istiqamətlərini və gələcək hədəflərini nümayiş etdirir. Dövlət başçısının çıxışında siyasi dialoq, iqtisadi-ticari münasibətlər, nəqliyyat, energetika, investisiyalar və təhlükəsizlik məsələləri vahid əməkdaşlıq gündəliyinin əsas istiqamətləri kimi ön plana çəkilib.
Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi ölkəmizin regional əməkdaşlıqda mövqeyinin daha da möhkəmlənməsinin göstəricisidir. Bu qərar Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada siyasi və iqtisadi proseslərə təsir imkanlarını artırır. Xəzər dənizinin hər iki sahilində yerləşən ölkələri birləşdirən Azərbaycan Mərkəzi Asiya ilə beynəlxalq bazarlar arasında mühüm əlaqələndirici mövqeyə malikdir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycan-Türkmənistan münasibətlərinə də toxunub. Ən yüksək səviyyədə qarşılıqlı səfərlərin intensivləşməsi, siyasi dialoqun güclənməsi və humanitar təşəbbüslər iki ölkə arasında dostluğun möhkəm əsaslara söykəndiyini təsdiqləyir. Füzuli şəhərində Türkmənistanın təşəbbüsü ilə məscidin inşası, eləcə də Özbəkistanın Füzulidə, Qazaxıstanın və Qırğızıstanın isə işğaldan azad edilmiş digər ərazilərdə həyata keçirdiyi təhsil və mədəniyyət layihələri qardaş ölkələrin Azərbaycana dəstəyinin əyani təzahürüdür. Bu addımlar həm də ortaq tarixi və mənəvi əlaqələrin dövlətlərarası münasibətlərdə mühüm yer tutduğunu nümayiş etdirir.
İqtisadi əməkdaşlığın genişlənməsi də diqqətçəkən məqamlardandır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin ötən il 50 faizdən çox artması, ölkəmizdə region dövlətlərinin kapitalı ilə 400-dən artıq şirkətin fəaliyyət göstərməsi qarşılıqlı iqtisadi maraqların gücləndiyini təsdiqləyir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə investisiya fondları isə əməkdaşlığın yeni mərhələsinə keçid üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır.
Nəqliyyat və logistika sahəsi Azərbaycan-Mərkəzi Asiya tərəfdaşlığının əsas strateji istiqamətlərindən biridir. Xəzər dənizi üzərindən daşımaların artması, limanların, dəmir yollarının, avtomobil yollarının və hava limanlarının inkişafı regionun tranzit imkanlarını genişləndirir. Orta Dəhliz bu baxımdan Avropa ilə Asiya arasında etibarlı və rəqabətqabiliyyətli bağlantının formalaşmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb. Bununla yanaşı, Xəzərin dibi ilə fiber-optik xətlərin çəkilməsi və “Rəqəmsal İpək Yolu” layihəsi regionun rəqəmsal bağlantılarının gücləndirilməsinə xidmət edir.
Energetika sahəsində əməkdaşlıq da tərəfdaşlığın mühüm istiqamətidir. Azərbaycanın Türkmənistan və Qazaxıstandan neftin beynəlxalq bazarlara nəqlində iştirak etməsi ölkəmizin regional enerji bağlantılarında rolunu artırır. Eyni zamanda, Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində görülən işlər gələcək əməkdaşlığın ən perspektivli sahələrindən birini təşkil edir. Ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji və rəqəmsal infrastruktur sahələrinə diqqətin artırılması tərəfdaşlığın uzunmüddətli və dayanıqlı xarakter daşıdığının göstəricisidir.
İqtisadi inkişaf, nəqliyyat əlaqələrinin genişlənməsi və enerji layihələrinin səmərəliliyi ilk növbədə sabitlikdən asılıdır. Region ölkələrinin ortaq maraqlar ətrafında birləşməsi qarşılıqlı etimadı gücləndirir, yeni təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Beləliklə, Türkmənbaşı görüşü Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin daha geniş strateji məzmun qazandığını bir daha təsdiqləyir. Siyasi dialoqdan iqtisadi inteqrasiyaya, nəqliyyat bağlantılarından enerji təhlükəsizliyinə qədər müxtəlif istiqamətləri əhatə edən əməkdaşlıq həm ölkələrin milli maraqlarına, həm də regionun beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın bu formatda tamhüquqlu iştirakı isə Xəzər hövzəsini birləşdirən tərəfdaşlığın daha geniş perspektivlərə malik olduğunu nümayiş etdirir.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub
Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixini öyrənənlər üçün dəyərli əsər