10 oktyabr 2026 08:15
108

Çin “SatNet” peyklərinin 27-ci qrupunu orbitə çıxardı

Çin "SatNet" aşağıorbitli rabitə peyklərinin 27-ci qrupunu uğurla orbitə çıxarıb.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) "WeChat" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Buraxılış Çinin cənubundakı Haynan əyalətində yerləşən Vençan kosmodromunun kommersiya buraxılış meydançasından həyata keçirilib. Peyklər "Çançjen-12" (CZ-12) daşıyıcı raketi vasitəsilə orbitə çıxarılıb.

Bu missiya "Çançjen" ailəsinə məxsus raketlərin ümumilikdə 671-ci buraxılışı olub.

CZ-12 uzunluğu 62 metrədək olan, maye yanacaqla işləyən ikipilləli raketdir. Onun start dartı qüvvəsi 5 min kilonyuton təşkil edir. Konfiqurasiyadan asılı olaraq, raketin baş örtüyünün diametri 4,2 və ya 5,2 metr olur. Raket 700 kilometr yüksəklikdəki Günəşlə sinxron orbitə ən azı 6 ton faydalı yük çıxarmaq imkanına malikdir.

Budəfəki buraxılış CZ-12 raketinin doqquzuncu, 2026-cı ildə isə beşinci buraxılışı olub.

Çin rabitə, naviqasiya və meteoroloji müşahidə peyklərinin yaradılması, eləcə də Ayın, Marsın və asteroidlərin tədqiqi texnologiyalarının hazırlanması daxil olmaqla, milli kosmik proqramını fəal şəkildə inkişaf etdirməyə davam edir.

Hazırda Yerətrafı orbitdə beynəlxalq əməkdaşlıq üçün də nəzərdə tutulan Çin kosmik stansiyası fəaliyyət göstərir.