10 oktyabr 2026 08:43
122

Silahlı şəxs uşaq bağçasında 13 uşağı girov saxladı – Xüsusi təyinatlılar müdaxilə etdi

Braziliyanın Parana ştatının Kuritiba şəhərində xüsusi təyinatlılar uşaq bağçasına daxil olaraq 13 uşağı və müəssisənin əməkdaşlarını təxminən üç saat girov saxlayan silahlı şəxsi zərərsizləşdiriblər.

“İki sahil”in UOL portalına istinadən məlumatına görə, bu barədə ştatın hərbi polisi məlumat yayıb.

Hadisə günün ikinci yarısında San-Braz rayonundakı bələdiyyə məktəbəqədər təhsil mərkəzində baş verib. Kişi hasardan aşaraq binaya daxil olub və 4–5 yaşlı uşaqların olduğu otaqlardan birində barrikada qurub. Bağçanın digər uşaqlarını əməkdaşlar vaxtında təxliyə edə biliblər.

Hücum edən şəxs bıçaqla silahlanıb və üzərində tapança maketi olub. O, həmçinin otağa yanar maye tökərək yanğın törədəcəyi ilə hədələyib.

"Uyğun məqamda taktiki hücum qərarı verdik. Həmin şəxs əlində alışqan tutaraq otağı yandıracağı ilə hədələyirdi, bundan sonra içəri daxil olduq", – deyə xüsusi əməliyyatlar bölməsinin komandiri Aleşandri Lopes Dias bildirib.

Polisin məlumatına görə, xüsusi təyinatlılar hücum edən şəxs uşaqlardan birini tutmağa cəhd edərkən atəş açıblar.

13 uşağın hamısı azad edilib. Onlardan ikisi xəsarət alıb, beşi müayinə üçün xəstəxanaya aparılıb. Bütün uşaqlara psixoloji yardım göstərilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ilkin ehtimala əsasən, hücum edən şəxs şizofreniyadan əziyyət çəkib və onunla üç saat davam edən danışıqlar zamanı nitqi rabitəsiz olub.

Kişi uşaq bağçasına daxil olarkən məktubunu yerə salıb. Hazırda məktubun məzmunu müstəntiqlər tərəfindən araşdırılır, hücumun motivləri müəyyənləşdirilir.