İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “İslahat Könüllüləri”nin təşəbbüsü ilə təhlükəsizlik üzrə ekspert Qəzənfər Aloyevlə “Təhlükəsizlik mədəniyyəti və risklərin idarə edilməsi” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşün əsas məqsədi gənclərin təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, müasir risklər barədə məlumatlılığın gücləndirilməsi, eləcə də təhlükələrin vaxtında müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin əhəmiyyətinin diqqətə çatdırılması olub.
“İki sahil” xəbər verir ki, görüş zamanı təhlükəsizlik anlayışının müasir cəmiyyət üçün əhəmiyyəti, təhlükəsizlik mədəniyyətinin formalaşması və risklərin sistemli şəkildə idarə olunması məsələləri ətrafında müzakirələr aparılıb. Şəxsi və ictimai təhlükəsizlik, ətraf mühitin mühafizəsi, rəqəmsal təhlükəsizlik, mümkün təhdidlərin qiymətləndirilməsi və risklərin minimuma endirilməsi istiqamətində tətbiq oluna biləcək qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, təhlükəsizlik mədəniyyəti yalnız fövqəladə hallara hazır olmaqla məhdudlaşmır, eyni zamanda gündəlik həyatda məsuliyyətli davranış, potensial təhlükələrin düzgün qiymətləndirilməsi və preventiv yanaşmanın mənimsənilməsini də əhatə edir.
Rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda kibertəhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirilib. Süni intellekt texnologiyalarından istifadə etməklə həyata keçirilən kiberdələduzluq üsulları, rəqəmsal mühitdə manipulyasiya və saxtakarlıq halları, fərdi məlumatların qorunması, eləcə də belə hallarla qarşılaşdıqda hüquqi müdafiə imkanlarından istifadə yolları müzakirə olunub. İştirakçıların diqqətinə çatdırılıb ki, rəqəmsal təhlükəsizliyin təmin edilməsi üçün texnoloji vasitələrdən düzgün istifadə ilə yanaşı, informasiya mənbələrinin etibarlılığının yoxlanılması, şəxsi məlumatlarla ehtiyatlı davranılması və rəqəmsal savadlılığın artırılması mühüm əhəmiyyət daşıyır.
Qəzənfər Aloyev mövzu ilə bağlı peşəkar təcrübəsini bölüşərək real həyatda rast gəlinə bilən təhlükə və risklərə dair nümunələr təqdim edib. Görüş interaktiv formatda davam edib, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə “İslahat Könüllüləri” ilə yanaşı, “Könüllü gömrükçü”, “Ailəm Könüllüləri”, “Turizm Könüllüləri”, Dövlət İmtahan Mərkəzinin könüllüləri, “Media Könüllüləri” və “İrs dostu” könüllüləri, eləcə də müxtəlif ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.
Sumqayıtda sakinlərin müraciətləri dinlənildi, bir sıra məsələlər yerindəcə həll olundu
Vəkillər Kollegiyasının sədri Türkiyədə Beynəlxalq Ədalət Sammitində çıxış edib
Ağdaşda YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
YAP Bərdə rayon təşkilatı ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir