08 oktyabr 2026 17:08
167

Azərbaycan-Mərkəzi Asiya: Əlaqələr yeni starteji mərhələdə

Azərbaycanı Mərkəzi Asiya ölkələri çoxəsrlik tarixi və mədəni koklər bağlayır. Böyük bir coğrafiyada yerləşən Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasətinin prioirtet istiqamətlərindən biridir. Bu gün ölkəmiz Mərkəzi Asiya dövlətləri üçün etibarlı tərəfdaş, Avropaya açılan əsas nəqliyyat qapısı və Xəzər hövzəsində mühüm logistika mərkəzi kimi qəbul edilir.

2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşündə Azərbaycanın bu formata tamhüquqlu iştirakçı kimi qəbul edilməsi regional əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərən tarixi bir addımdır. Bu, təkcə Mərkəzi Asiyada deyil, həm də Cənubi Qafqazda yeni reallığın formalaşdığını göstərir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı Orta Dəhlizin və Zəngəzur xəttinin güclənməsini təmin etməklə yanaşı, nəqliyyatla birlikdə rabitə dəhlizləri, rəqəmsal infrastruktur və kibertəhlükəsizlik sahələrində daha sıx inteqrasiyanı mümkün edərək Türk dünyasının gələcəyə yönəlik strateji bütövlüyünü möhkəmləndirir.

Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini strateji tərəfdaşlıq, müttəfiqlik və qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsinə yüksəldib. Dövlətimizin basçısı İlham Əliyev Mərkəzi Asiya Dövlətlərinin Məşvərət Şurasının 2023 Düşənbə, 2024-cü il Astana görüşlərinə fəxri qonaq statusunda qatılıb. Son üç ildə Azərbaycan lideri Mərkəzi Asiya ölkələrinə ümumilikdə 14 dəfə səfər edib. Eyni dövrdə region ölkələrinin liderləri Azərbaycanda 23 dəfə olublar.

“C6” formatı geniş perspektivlər vəd edir 

Çağdaş dövrdə artan qlobal qeyri-sabitlik, geosiyasi rəqabət və təchizat zəncirlərinin pozulması fonunda dövlətlərin iqtisadi və enerji təhlükəsizliyi üçün regional əməkdaşlığın dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi bu gün təkcə region üçün deyil, dünya üçün böyük əhəmiyyət daşıyır. Çünki bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır. Bu baxımdan Azərbaycan Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkədir. Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının artması, enerji resurslarının şaxələnməsi, rəqəmsal kommunikasiya xətlərinin çəkilməsi və logistika infrastrukturuna qoyulan investisiyaların regionun iqtisadi xəritəsini dəyişdirən əsas amillərə çevrilməsi xüsusilə diqqət çəkir. Nəqliyyat, enerji, ticarət, ekologiya, rəqəmsal inkişaf və humanitar əlaqələrin eyni platformada birləşməsi bu modelin əsas xüsusiyyətlərindən birinə çevrilir. Xəzər dənizinin dibi ilə Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə Avropaya yaşıl enerji ixracı dəhlizinin qurulması layihəsi çərçivəsində sıx əməkdaşlıq edilir. C6 formatı çərçivəsində parlamentlərarası əlaqələr, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə, qabaqcıl texnologiyalar və süni intellektin tətbiqi, sənaye və əczaçılıq, teletibb, eləcə də mədəni-humanitar, idman, turizm və gənclər siyasəti sahələrində sıx əməkdaşlığın genişlənməsi istiqamətində ciddi addımlar atılır.

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında strateji coğrafi körpü rolunu oynayır. Mərkəzi Asiyadan gələn yüklərin Xəzər dənizi, Azərbaycan, Qafqaz və Türkiyə vasitəsilə Avropaya çatdırılması üçün infrastruktur (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu) davamlı olaraq gücləndirilir.

 2026-cı il oktyabrın 8-də Prezident İlham Əliyevin iştirak ilə Türkmənistanda keçirilən 8-ci Məşvərət görüşündə qəbul edilən qərara əsasən, Azərbaycan bu formata rəsmi sədrliyi 2027-ci ildə icra edəcək və həmin il Məşvərət görüşünə ev sahibliyi edəcək. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Məşvərət görüşündə bildirib ki, Azərbaycanın sədrliyi ilə C6 formatında əməkdaşlıq əlavə impuls qazanacaq: “Fürsətdən istifadə edərək, Azərbaycanı məşvərət görüşlərində sədrliyi qəbul etməsi münasibətilə təbrik edirəm. Əminəm ki, Azərbaycan tərəfinin rəhbərliyi altında formatımız çərçivəsində fəaliyyət əlavə impuls qazanacaq, qardaşlıq münasibətləri, əməkdaşlıq isə birliyin, etimadın və həmrəyliyin möhkəmlənməsinə töhfə verəcək”.

İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışında bildirib ki, son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı iqtisadi-ticari əməkdaşlığın gücləndiyini, qarşılıqlı investisiyaların artdığını, birgə layihələrin həyata keçirildiyini qeyd edib. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin ötən il 50 faizdən çox artdığını vurğulayan dövlətimizin başçısı bildirib: “Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir”. Həmçinin birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün bu investisiya fondlarının imkanlarından daha fəal istifadənin zəruriliyini qeyd eən ölkə başçısı vurğulayıb ki, biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq.

Energetika sahəsində Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə sahəsində əməkdaşlığı getdikcə genişlənir. Türkmənistan və Qazaxıstan nefti Azərbaycan vasitəsilə nəql olunur. Bu daşımaların getdikcə həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlıq da davamlı olaraq genişlənir. Bakı Astana və Daşkəndlə birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir. Sənaye, maşınqayırma, energetika və kənd təsərrüfatı kimi sahələrdə irimiqyaslı layihələr həyata keçirilir.

 Mərkəzi Asiya ölkələri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərində fəal şəkildə iştirak edir. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib. Türkmənistanın Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində məscid kompleksi inşa etməsi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin, dini-mənəvi həmrəyliyin və humanitar əməkdaşlığın bariz nümunəsi və Qarabağın yenidən bərpasına töhfə kimi yüksək qiymətləndirilir

Azərbaycan və Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat, yaşıl enerji və rəqəmsal innovasiyalar sahəsində əməkdaşlığı dərinləşdirərək regionun strateji əhəmiyyətini artırır. Məşvərət görüşünün yekununda imzalanan Birgə Bəyannamədə Azərbaycanın bu platformada tamhüquqlu iştirakı və 2026-cı il oktyabrın 15-də Bakıda keçiriləcək AQEM-in 7-ci Sammitinə hazırlıq yüksək qiymətləndirilib. sənəddə tərəflər BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirmək, suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında regional təhlükəsizliyi təmin etmək, eləcə də terrorizm, mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq, qanunsuz miqrasiya və transsərhəd fövqəladə hallarla mübarizə sahəsində fəaliyyətlərini genişləndirmək əzmində olduqlarını təsdiqləyiblər. Eləcə də nəqliyyat sahəsində Şərq-Qərb və Şimal-Cənub dəhlizləri də daxil olmaqla, tranzit-nəqliyyat infrastrukturunun inkişafı prioritet elan edilib.

 Beləliklə, Azərbaycan və Mərkəzi Asiya ölkələri birgə iqtisadi, strateji və nəqliyyat potensialı ilə Avrasiyada yeni geosiyasi güc mərkəzinə çevrilir. Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü bu inteqrasiyanın regional təhlükəsizlik və inkişaf baxımından strateji əhəmiyyətini bir daha nümayiş etdirib.

Zahid Rza, “İki sahil”