08 oktyabr 2026 12:56
111

Kimya İnstitutunda azot əsaslı polimerlər və metal nanohissəciklərin qarşılıqlı təsiri araşdırılıb

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə hər ay keçirilən “Gənc tədqiqatçılarımızı tanıyaq” adlı elmi seminarlar silsiləsi davam edir.

Layihə çərçivəsində növbəti seminar institutun “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının elmi işçisi, doktorant Nərgiz Rəhimlinin təqdimatında “Azot əsaslı polimerlər və metal nanohissəciklər əsasında alınmış katalitik sistemlərdə quruluş-ölçü effekti” mövzusuna həsr olunub.

Seminarı giriş sözü ilə açan institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Günel Əzimova layihə barədə məlumat verib. O, layihənin əsas məqsədinin gənc tədqiqatçıların elmi fəaliyyətinin tanıdılması, onlar arasında elmi əməkdaşlığın genişləndirilməsi, təcrübə və bilik mübadiləsinin təşviq edilməsi olduğunu bildirib.

Daha sonra Nərgiz Rəhimli tədqiqatının metodologiyası və əldə olunan nəticələr barədə təqdimatla çıxış edib.

Məruzədə polimer mühitində stabilləşdirilmiş metal nanohissəciklərin sintezi, quruluş xüsusiyyətləri və fiziki-kimyəvi xassələrinin öyrənilməsi istiqamətində aparılan tədqiqatların nəticələri təqdim olunub. Bildirilib ki, PVP, jelatin və PVP/jelatin əsaslı polimer sistemlərində nikel nanohissəciklərinin immobilizasiyası, onların quruluş və xassələri, eləcə də nanohissəciklərin ölçüsünə təsir edən əsas amillər araşdırılıb.

Tədqiqat nəticələrində polimer daşıyıcının təbiəti və metalın miqdarının nanohissəciklərin formalaşmasına, ölçüsünə və stabilliyinə təsiri xüsusi olaraq vurğulanıb.

Seminar zamanı aparılan tədqiqatlar çərçivəsində əldə edilmiş elmi nəticələr müzakirə olunub, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıların suallarının cavablandırılması və elmi müzakirələrlə başa çatıb.