08 oktyabr 2026 12:41
149

Hövsan Yarış Kompleksində media-tur təşkil olunub - FOTO

Hövsan Yarış Kompleksində media nümayəndələri üçün tanışlıq məqsədli media-tur təşkil olunub. Tədbirdə 30-dan çox kütləvi informasiya vasitəsinin (KİV) nümayəndəsi iştirak edib.

Media turu zamanı jurnalistlərə kompleksin infrastrukturu, tikinti prosesi, layihənin əsas məqsədləri və ərazidə görülən işlər barədə ətraflı məlumat verilib. AFFA-nın baş katibi Cahangir Fərəcullayevin müşaviri Ramazan Səmədov media nümayəndələrini kompleks ərazisində müşayiət edib, burada yaradılan futbol meydançaları və digər infrastruktur obyektləri ilə onları yaxından tanış edib.

Turun yekununda Ramazan Səmədovun iştirakı ilə brifinq keçirilib. Brifinq zamanı jurnalistlərin Hövsan Yarış Kompleksinin imkanları, tamamlama işlərinin gedişatı və gələcək planlarla bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, hazırda Hövsan Yarış Kompleksində ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının  təşkili üçün hazırlıq işləri davam etdirilir. FIFA standartlarına uyğun şəkildə qurulan kompleksdə turnir çərçivəsində oyunların keçirilməsi üçün 10 müasir futbol meydançası inşa edilib.

FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində dünyanın 190-a yaxın ölkəsindən FIFA-ya üzv assosiasiyaların prezidentləri, baş katibləri, rəsmi nümayəndə heyətləri, eləcə də 4 minə yaxın gənc futbolçu və məşqçi heyətinin Azərbaycana səfəri gözlənilir.

Yarışlardan sonra isə Hövsan Yarış Kompleksinin Azərbaycan futbolunun inkişafına, xüsusilə də uşaq və yeniyetmə futbolunun daha da inkişaf etdirilməsinə xidmət edən idman infrastrukturu kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Kompleksin gələcəkdə müxtəlif yaş qrupları üzrə milli komandaların, futbol akademiyalarının və digər yerli komandaların hazırlıq prosesində istifadə olunması planlaşdırılır.

Orxan Vahidoğlu, "İki sahil"