07 oktyabr 2026 19:15
101

Zəfər şəhidi Ruhid İslamlı ürəklərdə yaşayır

İkinci Qarabağ müharibəsində son damla qanına qədər yağıya qarşı döyüşərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Ruhid Uğur oğlu İslamlının anım günündə uyuduğu müqəddəs məzarı ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Ruhid İslamlı 1 aprel 1999-cu ildə dağlar diyarı Lerikin Çeşman kəndində dünyaya gəlib. Ailədə 1 bacı və 1 qardaş olublar. Ailə 2000-ci ildə Bakıya köçüb. Ruhid 4 yaşından bağçaya, 2005-ci ildən isə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinfinə gedib. 2011-ci ildən Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 saylı məktəbdə təhsil alıb.

Ruhid hələ kiçik yaşlardan cüdo, cuicutsso, teakvondo, güləş, qaydasız döyüş, üzgüçülük və digər idman növləri ilə məşğul olub, yarışlarda iştirak edib. Regional və Respublika səviyyəli rəsmi dövlət yarışlarına qatılıb, 1 və 2-ci yerləri qazanıb. Həmçinin məktəb fəaliyyəti dövründə də intellektual yarışlarda, viktorinalarda, olimpiadalarda uğur qazanıb, özü də bir sıra yarışlar təşkil edib. O, 2016-cı ildə Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən 315 saylı məktəbi bitirib Naxçıvan Müəllimlər İnstitutuna daxil olub. Psixoloq ixtisasına yiyələnib.

2020-ci ildə Ruhid İslamlı hərbi xidmətə başlayib. Həmin ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün şiddətlənən Vətən müharibəsi zamanı Ruhid İslamlı Suqovuşan döyüşlərində qəhrəmanlıq göstərib. 6 oktyabrda Goranboyun Gülüstan kəndi yaxınlıqda strateji əhəmiyyətli yüksəkliyə malik Çənlibel postunda şəhadətə yüksəlib.

 Bakı şəhər Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub. Dövlət tərəfindən Ruhid İslamlı ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medallarına, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Zəfər şəhidi Ruhid İslamlı ürəklərdə yaşamaqla heç vaxt unudulmur.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü