08 oktyabr 2026 11:35
124

Artıq Qarabağda və Şərqi Zəngəzurda  96 min insan yaşayır, çalışır, təhsil alır

Prezident İlham Əliyev: Biz bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayırmışıq

Hazırda Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası uğurla davam etdirilir. Bu uğurun arxasında Azərbaycan dövlətinin böyük maliyyə vəsaiti və Prezident İlham Əliyevin hərtərəfli diqqət və qayğısı dayanır. 2020-2026-ci illərdə Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün dövlət büdcəsindən 28 milyard manat maliyyə vəsaiti ayrılıb. Oktyabrın 2- də keçirilən  Yeni Azərbaycan Pariyasının (YAP) VIII Qurultayında  Prezident, YAP-ın Sədri İlham Əliyev çıxışında bu məsələ baradə də önəmli açıqlamalar verərək dedi  «Təbii ki, əsas vəzifələrdən  biri Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Dünən mənə verilən son məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Biz bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayırmışıq. Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib, onların böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb və bundan sonrakı illərdə «Böyük Qayıdış» daha da sürətlə gedəcək.»

Ölkə başçısı çıxışında Qarabağda gedən tikinti-quruculuq işlərində hər bir vətəndaşın, həmçinin hər  bir siyasi təşkilatın, xüsusilə də YAP kimi aparıcısiyasi təşkilatın daha yaxından iştirakını tövsiyə etdi: «Vəzifələr, əlbəttə ki, mən bəhs etdiyimdən daha da çoxdur. Sadəcə olaraq vaxtınızı çox almaq istəmirəm. Mən bu gün əsas, yəni strateji əhəmiyyət daşıyan istiqamətləri dilə gətirdim, bu fikirləri sizinlə bölüşmək istədim. Əmin olduğumu bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının fəalları, bütün üzvləri bu tarixi vəzifələrin icrasında fəal iştirak edəcəklər. «

Bəli,  ölkə başçısının da qeyd etdiyi kimi, hazırda Qarabağda və Şərqi Zəngəzurda  96 min insan yaşayır, çalışır, təhsil alır. Eyni zamanda, bu gün burada təhlükəsizlik məsələləri də əsas prioritetlərdəndir. Mina və partlamamış hərbi sursatların təmizlənməsi, hüquq-mühafizə və ictimai təhlükəsizlik sistemlərinin qurulması qayıdışın davamlılığını təmin edən vacib amillərdir. 2025-ci ildə 69,2 min hektar sahə təmizlənib, 2020-ci ildən etibarən isə ümumilikdə 249 min hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan azad olunub. 2026-cı ildə əlavə olaraq 65 min hektardan artıq sahənin təmizlənməsi planlaşdırılır.

Qeyd edək ki, Qarabağ və Şərqi  Zəngəzura keçmiş məcburi köçkünlərin qayıdışı  intensiv xarakter alıb. Hər ay ən azı yüz ailənin qayıdışı təmin edilir. Belə ki,  2026-cı il avqust ayının 17-nə qədər Xankəndi şəhərində 76, Kərkicahan qəsəbəsində 43 ailə  olmaqla cəmi 119 ailə, Xocalı şəhərində 144,  Ballıca kəndində 246,  Xanyurdu kəndində 140,  Təzəbinə kəndində 180,  Şuşakənd kəndində 116,  Badara kəndində 109,  Seyidbəyli kəndində 77,  Daşbulaq kəndində 44,  Xanabad kəndində 111 ailə olmaqla cəmi 1.167 ailə məskunlaşıb. Həmçinin  Xocavənd şəhərində 413,  Xocavənd kəndində 78,  Xanoba kəndində 39,  Qırmızı Bazar qəsəbəsində 213, Sos kəndində 85, Güneyxırman kəndində 39,  Quzeyxırman kəndində 39,  Hadrut qəsəbəsində 82 ailə  olmaqla cəmi 988 ailə, Ağdərə rayonunun  Talış kəndində 20,  Həsənriz kəndində 292,  Suqovuşan kəndində 180,  Kolatağ kəndində 36,  Vəngli kəndində 151,  Heyvalı kəndində 46,  Çapar kəndində 40,  Aşağı Oratağ kəndində 111,  Çıldıran kəndində 41 ailə  olmaqla cəmi 917 ailə məskunlaşıb. Həmçinin Ağdamda, Füzulidə, Kəlbəcərdə, Laçında, Zəngilanda da hər il yüzlərlə keçmiş məcburi köçkün öz doğma yurdlaına qayıdırlar. Bu isə tarixi  Zəfərimizdən  sonra işğaldan azad edilmiş ərazilərimizdə tikinti- quruculuq işlərinin necə böyük  sürətlə həyata keçirildiyinin göstəricisidir.

Sözsüz ki, Böyük Qayıdış konsepsiyası Azərbaycan dövlətinin postmünaqişə dövründə həyata keçirdiyi ən mühüm strateji prioritetlərdən biridir. Bu proses, uzun illər ərzində işğal altında qalmış ərazilərdən məcburi köçkün düşmüş insanların öz doğma torpaqlarına təhlükəsiz, ləyaqətli və davamlı şəkildə qayıdışını təmin etməyə yönəlib.  Azad olunmuş ərazilərdə infrastrukturun – yolların, elektrik xətlərinin, su və qaz təminatının, rabitə sistemlərinin yenidən qurulması bu prosesin əsasını təşkil edir. Paralel olaraq, müasir standartlara uyğun yaşayış məntəqələri, «ağıllı kənd» və «ağıllı şəhər» layihələri həyata keçirilir ki, bu da qayıdan əhalinin yüksək həyat şəraiti ilə təmin olunmasına xidmət edir.

Böyük Qayıdış Proqramı həm də məşğulluğun artırılması, təhsil və səhiyyə xidmətlərinin bərpası, eləcə də iqtisadi aktivliyin stimullaşdırılması ilə müşayiət olunur. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanın qeyri-neft sektorunun əsas inkişaf mərkəzlərindən birinə çevrilməkdədir. Bu proses vaxtilə işğal altında qalmış ərazilərin ölkənin ümumi iqtisadi inkişafında rolunun artmasını şərtləndirir. Mütəxəsislərin hesablamalarına görə,  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları  yaxın perspektivdə Azərbaycanın ümumi iqtisadiyyatının təxminən 10 faizini formalaşdıracaq. Bu isə o deməkdir ki, regionda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində yaxın illərdə həmin ərazilərdə təxminən 15 milyard manatlıq yeni əlavə dəyər yaradıla bilər.

Elçin Zaman, "İki sahil"