Qazaxın 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilməsi ilə əlaqədar il ərzində şəhərdə müxtəlif idman tədbirləri təşkil olunmaqdadır.
“İki sahil” xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Motosiklet İdmanı Federasiyası (AMİF) və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Motokros Çempionatının III mərhələsi keçirilib. Çempionat Qazax rayonunun Cəfərli kəndi ərazisində, Ağstafaçay su anbarının kənarında təşkil olunub. Yarışda ölkənin güclü motokros idmançıları 250 cc və 450 cc yarış sinifləri üzrə mübarizə aparıblar.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, Azərbaycan Motosiklet İdmanı Federasiyasının prezidenti Fuad Bağırov, I vitse-prezident Sabir Babayev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, federasiya və idarənin əməkdaşları, idmançılar, tələbələr, könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Qazaxın 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi və bununla əlaqədar il ərzində şəhərdə yüksək səviyyəli yarışların keçirilməsi diqqətə çatdırılıb. Motokros Çempionatının III mərhələsinin də bu silsilə tədbirlərin davamı olduğu bildirilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev belə yarışların, xüsusilə gənclərin idmana cəlb olunması və zərərli vərdişlərdən uzaq tutulması baxımından əhəmiyyətini vurğulayıb.
Azərbaycan Motosiklet İdmanı Federasiyasının prezidenti Fuad Bağırov çempionatın Qazaxda keçirilməsindən məmnunluğunu ifadə edib və yarışın “İdman paytaxtı”na növbəti töhfə olduğunu bildirib.
Çıxışlardan sonra 250 cc və 450 cc siniflərində yarışlar keçirilib. İdmançılar sürət və peşəkarlıqlarını nümayiş etdirərək qalib olmaq uğrunda mübarizə aparıblar.
Yarışın sonunda qaliblərə kubok, diplom və mükafatlar təqdim olunub.