01 oktyabr 2026 12:29
103

Müəllimin əməyi şagirdinin uğurunda yaşadıqca...

 

Aytən Cəfərquliyeva: Əsl müəllim şagirdin həyatına toxunan, onda maraq oyadan və şəxsiyyət kimi formalaşmasına yön verən bir yolgöstərəndir

Azərbaycan dili və ədəbiyyatının tədrisi yalnız dil qaydalarının öyrədilməsi deyil, həm də milli-mənəvi dəyərlərin, ədəbi irsin və ana dilinə sevginin gənc nəslə aşılanmasıdır. Bu məsuliyyətli missiyanın daşıyıcılarından biri də İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Cəfərquliyevadır. O, pedaqoji fəaliyyətində şagirdlərin bilik və bacarıqlarının inkişafı ilə yanaşı, onların sərbəst düşünən, öz fikirlərini ifadə etməyi bacaran və mənəvi dəyərlərə bağlı şəxsiyyətlər kimi yetişməsinə xüsusi önəm verir. 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində Aytən Cəfərquliyeva ilə müəllimlik peşəsinin məsuliyyəti, şagirdlərlə işin incəlikləri və pedaqoji fəaliyyətin mənəvi dəyərləri barədə söhbətləşdik.

– Aytən müəllimə, əvvəlcə özünüzü oxucularımıza təqdim etməyinizi xahiş edirik. Təhsil və pedaqoji fəaliyyət yolunuz necə başlayıb?

Mən, Cəfərquliyeva Aytən Balaqardaş qızı 1976-cı ildə Sumqayıt şəhərində anadan olmuşam. 23 nömrəli tam orta məktəbi bitirib Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşam. İlk pedaqoji fəaliyyətimə İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə uşaq birliyi rəhbəri kimi başlamışam. Sonra elə həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətimi davam etdirmişəm.

– Müəllim kimi ilk dərs gününüzü necə xatırlayırsınız? Həmin gün hansı hissləri keçirmişdiniz və əvvəlki təcrübəniz sizə necə kömək etmişdi?

Müəllim kimi ilk dərs günü çox da həyəcanlı deyildim, çünki artıq uşaqlarla işləmə təcrübəm var idi. Uşaq birliyi rəhbəri kimi çalışanda təcrübəli müəllimlərin dərslərində iştirak edir, onların tövsiyələrindən faydalanırdım.

– Sizi müəllimlik peşəsinə yönəldən, bu sahəyə marağınızı formalaşdıran əsas insan və ya amil nə olub?

Məndə müəllimlik peşəsinə maraq yaradan insan Azərbaycan dili və ədəbiyyat müəllimim olub. Orta məktəbdə oxuyarkən onun bu fənni maraqla tədris etməsi mənim də Azərbaycan dili və ədəbiyyat fənninə olan marağımı artırdı.

– Azərbaycan dili və ədəbiyyat fənninin tədrisini necə dəyərləndirirsiniz? Bu fənnin gənc nəslin dünyagörüşünün formalaşmasında rolu nədən ibarətdir?

Bu fənni tədris etmək təkcə qrammatikanı öyrətmək deyil, eyni zamanda xalqın təfəkkürünü, milli-mənəvi dəyərlərini, tarixi yaddaşını gənc nəslə ötürmək, onların dünyagörüşünü və özünüifadə bacarıqlarını formalaşdırmaq deməkdir.

– Sizin fikrinizcə, əsl müəllimi yalnız öz fənnini yaxşı bilməsi ilə fərqləndirmək olarmı? Əsl müəllimi müəllim edən əsas keyfiyyətlər hansılardır?

Əsl müəllim yalnız öz fənnini yaxşı bilən mütəxəssis deyil, hər şeydən əvvəl şagirdin həyatına toxunan, onda maraq oyadan və şəxsiyyət kimi formalaşmasına yön verən bir yolgöstərəndir.

– Şagirdlərin inkişafını izləyərkən hansı məqamları xüsusilə vacib hesab edirsiniz? Sizi ən çox sevindirən şagird davranışları hansılardır və hansı məqamlar müəyyən çətinliklər yaradır?

Bir müəllim kimi şagirdlərimin inkişafını izləmək və onların davranışını müşahidə etmək fəaliyyətimin ən vacib hissəsidir. Şagirdlərin hazır biliklərlə kifayətlənməyib əlavə məlumatlar əldə etməsi, sərbəst sual vermə qabiliyyəti, hər hansı bir məsələyə fərqli münasibət bildirməsi ən sevindirici məqamdır. Bu gün əgər şagirdlərim bir-birinin uğuruna sevinirsə, geri qalan yoldaşlarına kömək edirsə və sinifdə sağlam mühit yaranırsa, bu əməyimin hədər getmədiyini göstərir. Lakin bəzi şagirdlərdə qiymət həvəsinin öyrənmə sevgisindən üstün olması, internet resurslarından düzgün yararlanmaması müəyyən çətinliklər yaradır. Şagirdlərin mənfi cəhətləri qüsur deyil, mənim üçün bir yol xəritəsidir. Bizi sevindirən keyfiyyətləri gücləndirmək, narahat edən məqamları inkişaf etdirmək işimizin əsas hissəsidir.

– Müəllimlik peşəsinin məsuliyyəti ilə yanaşı, sizə bəxş etdiyi mənəvi zövq və xoşbəxtlik nədən ibarətdir? Şagirdlər tərəfindən illər sonra xatırlanmaq sizin üçün nə ifadə edir?

Müəllimlik peşəsi eyni zamanda həm böyük fədakarlıq, həm də əvəzolunmaz bir mənəvi zövq mənbəyidir. Müəllimin hər bir sözü, davranışı şagirdin gələcək həyatına, özünəinamına böyük təsir göstərir. Bu məsuliyyət insanda istər-istəməz hər zaman gərginlik yaradır. Bunun öhdəsindən gəlmək müəllimdən böyük səbir tələb edir. Daim uşaqların və gənclərin əhatəsində olmaq müəllim ruhunu həmişə cavan hiss etdirir. Ali məktəbə qəbul olan şagirdlərimin imtahan bitdikdən sonra ilk xatırladığı insanın müəllimi olması şagirdlərimin mənə olan dərin sədaqət və minnətdarlığının ifadəsidir. Bu mənim, həqiqətən də, onların qəlbinə toxunduğumun bariz nümunəsidir. İllər sonra da şagirdlər tərəfindən xatırlanmaq bu peşənin ən böyük mükafatıdır, müəllimin ömrü boyu qürurla xatırlayacağı ən xoşbəxt anlardan biridir.

– Pedaqoji fəaliyyətiniz ərzində şagirdlərinizlə birlikdə qazandığınız hansı uğurları xüsusilə qeyd etmək istərdiniz?

Bu illər ərzində şagirdlərimlə birlikdə bir çox nailiyyətlərimiz olub. Müxtəlif müsabiqələrdə, yarışlarda iştirak edib uğur qazanmışıq. Hətta bu şagirdlərdən ikisi – Hacıyeva Aytən 2016-cı ildə, Hacızadə Tofiq isə 2026-cı ildə Respublika Fənn Olimpiadasında qalib olmuş və qızıl nişanla təltif olunmuşlar. Bir çox şagirdlərim həm Azərbaycanda, həm də digər ölkələrdə müxtəlif yüksək vəzifələrdə çalışırlar.

– Bu gün müəllimlik peşəsinə yeni başlayan gənclərə hansı tövsiyələri verərdiniz?

Bu gün müəllim olmaq istəyən və pedaqoji fəaliyyətə yeni başlayan gənclərə tövsiyəm odur ki, şagirdlərə bilik öyrətməkdən öncə onların qəlblərinə toxunsunlar, çünki qəlbə toxunmayan heç bir bilik qalıcı olmur.

– 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə həmkarlarınıza hansı arzularınızı çatdırmaq istərdiniz?

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün həmkarlarımı təbrik edirəm və həyatını bu müqəddəs peşəyə həsr edən insanlara arzu edirəm ki, böyük səbir, sevgi və fədakarlıqla yetişdirdikləri şagirdlərinin uğurları onların ən böyük qürur mənbəyi olsun.

 Səmimi müsahibəniz və müəllimlik fəaliyyətinizlə bağlı dəyərli fikirlərinizi oxucularımızla bölüşdüyünüz üçün təşəkkür edirik.
Sizə möhkəm cansağlığı, pedaqoji fəaliyyətinizdə yeni uğurlar, yetirmələrinizə isə daim yüksək nailiyyətlər arzulayırıq.