01 oktyabr 2026 12:52
92

Aİ-nin 13 ölkəsi Avropa Komissiyasına çağırış edib

Avropa İttifaqının 13 ölkəsinin hakimiyyət orqanları Avropa Komissiyasını (AK) "tənzimləyici fasilə" götürməyə – yeni qanunlar və direktivlər qəbul etmək əvəzinə, mövcud olanları zərurilik baxımından yenidən yoxlamağa, bəzi sərəncamları sadələşdirməyə və ya hətta ləğv etməyə çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Die Welt" qəzeti aralarında Avstriya, Almaniya və İtaliyanın da olduğu müvafiq dövlətlərin hökumətlərinin hələ dərc olunmamış məktubuna istinadla yazır.

Beş səhifəlik sənəddə qeyd olunur ki, Brüssel Avropa şirkətlərini artıq bürokratiyadan azad etmək və Aİ iqtisadiyyatının rəqabət qabiliyyətini yüksəltmək üçün nəhayət daha az qanun qəbul etməli və onları sadələşdirməlidir.

"Avropanın rəqabət qabiliyyəti getdikcə daha çox təzyiq altına düşür – geosiyasi gərginlik, iqlim dəyişikliyi, yüksək enerji qiymətləri, xammal tədarükündən strateji asılılıq, üçüncü ölkələrdə həddindən artıq istehsal gücləri və investisiyalar uğrunda qlobal mübarizə səbəbindən", – deyə məktubda bildirilir.

13 ölkənin hökumətləri hesab edirlər ki, bununla əlaqədar olaraq, Aİ-də sahibkarlıq fəaliyyətini asanlaşdıran tənzimləyici şərtlərin təmin edilməsi çox vacibdir.

Nəşr onların Avropa Komissiyasının sədri Ursula fon der Leyenə müraciət etdikləri məqama diqqət çəkib. O, bu yaxınlarda Aİ-nin vəziyyəti ilə bağlı çıxış etmiş, lakin bürokratiyanın zəiflədilməsi zərurətini yalnız qısaca qeyd etmişdi. Qəzet hesab edir ki, məktub AK rəhbərinin çıxışına cavab reaksiyasıdır.

2025-ci ildə Avropa Komissiyası 123 direktiv və sərəncam, eləcə də mindən çox texniki hüquqi akt qəbul edib.