01 oktyabr 2026 12:06
101

İsrail xüsusi xidmət orqanı Dubaydan təxliyə reysləri həyata keçirəcək

İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) nümayəndələri BƏƏ-nin "Flydubai" şirkətinin Tel-Əvivə uçuşları oktyabrın 1-dən dayandırdıqdan sonra Birləşmiş Ərəb Əmirliklərindən İsrail vətəndaşlarının təxliyə reyslərinə hazırlıq görmək üçün oktyabrın 1-də Dubaya gediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Məlumata görə, İsrail aviaşirkətləri BƏƏ-dən İsrailə təxliyə reyslərini oktyabrın 2-dən həyata keçirməyə başlamağı planlaşdırırlar. İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, İsrail aviadaşıyıcıları Ben-Qurion aeroportundan BƏƏ-yə boş təyyarələr göndərəcək, əks istiqamətdə isə hər bir sərnişinin müstəqil şəkildə ödəyəcəyi biletlərin qiymətini özləri müəyyənləşdirəcəklər. Telekanal iddia edir ki, Dubaya boş təyyarələrin uçuş xərclərini İsrail dövləti ödəyəcək.