01 oktyabr 2026 12:01
90

ABŞ məhkəməsi 110 milyard dollarlıq sövdələşməni təsdiqləyib

Sentyabrın 30-da ABŞ-nin Kaliforniya Şimali Dairəvi Məhkəməsi "Paramount Skydance" media korporasiyasının onun "Warner Bros. Discovery" ilə birləşməsini əngəlləməyə çalışan Kaliforniya və digər 11 ştatın hakimiyyət orqanları ilə razılaşmasını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, CNBC nəşrinin yazdığına görə, məhkəmənin bu qərarı 110 milyard dollarlıq sövdələşmənin başa çatdırılması yolundakı son maneəni aradan qaldırır.

Elə həmin gün "Paramount" və "Warner Bros." birləşmənin başa çatdırılma tarixini – oktyabrın 6-nı elan ediblər. "Paramount"un baş direktoru Devid Ellison bildirib ki, birləşmiş şirkətin baş müdiri vəzifəsini oyuncaq istehsalçısı "Mattel"ə rəhbərlik etmiş Inon Krayz tutacaq. O, işə oktyabrın 5-də başlayacaq. Açıqlamada qeyd olunur ki,  Ellison korporasiyada strategiya, yaradıcılıq tapşırıqları və texnologiyalar kimi məsələlərə cavab verəcək, Krayz isə onun gündəlik fəaliyyətinə rəhbərlik edəcək və iki şirkətin aktivlərinin birləşdirilməsi ilə məşğul olacaq.

Fevral ayında "Paramount" və "Warner Bros." birləşmə barədə razılığa gəlmişdilər. Lakin bu sövdələşmə həm kinoindustriyada, həm də tənzimləyicilər tərəfindən ciddi etirazla qarşılaşmışdı. İyul ayında 12 ştat məhkəməyə iddia qaldıraraq sövdələşmənin bloklanmasını tələb etmişdi, çünki onun bazarda azad rəqabəti təhdid edən media-nəhəng yaradacağı ehtimal olunurdu. Nəticədə sentyabr ayında "Paramount" həmin ştatlarla razılığa gəlməyə nail olub, indi isə bu razılaşma məhkəmə tərəfindən təsdiqlanıb. Bu razılaşmanın şərtlərinə əsasən, birləşmiş şirkət beş il ərzində ildə azı 30 film buraxmalı və ABŞ kinoindustriyasına əlavə olaraq hər il 300 milyon dollar sərmayə qoymalıdır.