29 sentyabr 2026 19:34
182

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Ölkəmizin Böyük İqtisadi Potensialının Təqdimatı

Azərbaycanın investisiya cəlbediciliyində iqtisadi sabitliklə yanaşı, uzunmüddətli əməkdaşlıq və müqavilə öhdəliklərinə sadiqlik də mühüm amil kimi çıxış edir. Uzun illər əvvəl imzalanmış enerji müqavilələrinin şərtlərinin qorunması bu istiqamətdə formalaşmış etimadın əsas göstəricilərindən biri kimi qiymətləndirilə bilər.

 Sentyabrın 26-da Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkənin investisiya imkanlarının həm mövcud iqtisadi göstəricilərlə, həm də nəqliyyat infrastrukturu, enerji potensialı, regional bağlantılar, insan kapitalı və sabit biznes mühiti ilə şərtləndiyini nümayiş etdirir. Dövlət başçısının fikirləri Azərbaycanın qarşıdakı mərhələdə tranzit, enerji və yeni texnologiyalar sahəsində mövcud imkanlarını daha da genişləndirmək niyyətini ortaya qoyur.

  Bu gün iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi faktı və son 20 ildə ölkəmizə 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunmaısı Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu təsdiq edir. Ölkədə əsas daxili infrastrukturun formalaşdırılması istiqamətində görülən işlər də investisiya mühitinin mühüm dayaqlarından biridir. Ölkənin 96 faizinin qazlaşdırılması, elektrik enerjisi və genişzolaqlı internetlə tam əhatə olunması, dəmir yolu şəbəkəsinin yenilənməsi, doqquz beynəlxalq hava limanının fəaliyyəti, dəniz limanının genişləndirilməsi iqtisadi fəaliyyət üçün geniş infrastruktur bazası yaradır. Elektrik enerjisi bu baxımdan xüsusi potensiala malik sahələrdən biri kimi təqdim olunur. Daha geniş regional coğrafiyada əlavə enerji gücünə malik ölkələrin sayı məhduddur. Bir sıra dövlətlərin enerji çatışmazlığı ilə üzləşməsi, enerji resurslarını xaricdən, o cümlədən Azərbaycandan əldə etməsi mövcud imkanların əhəmiyyətini artırır. Ölkədə artıq 250 meqavatlıq ehtiyat gücün olması isə başlanğıc mərhələ kimi qiymətləndirilir. Qarşıdakı dövrdə məqsəd elektrik enerjisinin mühüm təchizatçılarından birinə çevrilməkdir. Bu istiqamətdə bərpaolunan enerji yalnız yeni generasiya güclərinin yaradılması ilə məhdudlaşmır. Ötürücü şəbəkələrin genişləndirilməsi, enerjisaxlanc sistemlərinin qurulması, elektrik enerjisinin xarici bazarlara çıxarılması da mühüm investisiya istiqamətləridir.

 Logistika, nəqliyyat və bağlantılar iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biri kimi təqdim olunur. Bu istiqamətdə uzun illər ərzində dəmir yollarının, dəniz limanlarının, avtomobil yollarının və hava yükdaşımaları infrastrukturunun inkişafına böyük investisiyalar yatırılıb. Dəmir yollarının 60 faizinin elektrikləşdirilməsi və prosesin davam etdirilməsi nəqliyyat sisteminin texniki imkanlarının genişləndirilməsinə xidmət edir. Bununla yanaşı, Azərbaycanın bütün qonşularla nəqliyyat əlaqələrinin mövcudluğu ölkənin regional tranzit sistemində rolunu artırır. Azərbaycanın Mərkəzi Asiya ilə iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi də yeni imkanlar yaradır. Prezident İlham Əliyev çıxışında ölkənin siyasi-iqtisadi və nəqliyyat baxımından böyük Mərkəzi Asiya regionu ilə daha sıx inteqrasiyasını qeyd edib. Müasir nəqliyyat sistemində yalnız yol, körpü, liman və terminal tikmək kifayət etmir. Yüklərin idarə olunmasının sürətli, çevik və rəqəmsal mexanizmlərlə həyata keçirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, təchizat zəncirinin bütün mərhələlərinin əlaqələndirilməsi ölkənin tranzit rəqabət qabiliyyətinə birbaşa təsir göstərir. Bu baxımdan fiziki infrastrukturla rəqəmsal imkanların paralel inkişafı investisiya siyasətinin mühüm istiqamətinə çevrilir.   

Azərbaycanın gələcək iqtisadi inkişafında bərpaolunan enerji xüsusi əhəmiyyət daşıyır. Xəzərin Azərbaycan sektorunda mövcud olan böyük enerji potensialı, eləcə də quruda yaradılan günəş və külək elektrik stansiyaları bu sahənin geniş imkanlarını nümayiş etdirir. Qarşıdakı illərdə bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi elektrik istehsalında təbii qazdan istifadənin optimallaşdırılmasına və əldə olunan qaz resurslarının daha böyük hissəsinin ixraca yönəldilməsinə imkan yarada bilər. Beləliklə, enerji keçidi yalnız ekoloji məqsədlərlə deyil, həm də iqtisadi səmərəlilik və yeni ixrac imkanları baxımından mühüm əhəmiyyət daşıyır.

 Beynəlxalq investisiya forumları ölkənin iqtisadi potensialının təqdim edilməsi, investorlarla birbaşa dialoqun genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətlidir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri