29 sentyabr 2026 23:58
86

Şahbulaq qalası gözəl turizm məkanıdır

Turizm hər bir ölkənin öz təbiət mənzərələrini nümayiş etdirmək imkanıdır. Azərbaycan ta-qədimdən bu yerlərə gələnləri valeh etmiş, onların xatirələrində yaşamışdır.

İlk vaxtlarda Şahbulaq qalasının coğrafi mövqeyi əlçatmaz qayalıqlarla və ağaclarla əhatəli olan bir ərazi idi. Şahbulaq qalası Ağdam şəhərinin 10 kilometrliyində, dağların ətəklərində, bol çeşməli bir ərazidə yerləşib. Qalanın daxilində bulaqların çoxluq təşkil etməsi o dövr müəlliflərinin əsərlərində də yer alıb.

Qarabağ xanlığının təməlini qoyan Pənahəli xan Cavanşir bilməzdi ki, dağların qoynunda, Şahbulaq adlanan yerdə tikdiyi qala vaxt gələcək turistlərin axınla gəldikləri sevimli məkana çevriləcək. Bu qala Qarabağı xarici müdaxilələrdən hifz etmək məqsədi ilə tikilib. Əvvəllər bura Xan qalası da deyirdilər. Təxminən 1750-1752-ci illərdə inşa olunub. 300 ilə yaxın yaşı olsa da bu gün də məğrur dayanır. Lakin bu qalanın tarixində qara ləkələr də var.

Ermənistan Elmlər Akademiyasının kulturologiya kafedrasının rəhbəri olan Hamlet Petrosyan işğal illərində Ağdam ərazisindəki Şahbulaq tarixi kompleksində saxtakarlıq əməliyyatlarının əsas iştirakçısıdır. Aydın məsələdir ki, arxeoloji qazıntılar zamanı çoxlu sayda tarixi eksponatlar, qiymətli daşlar və metallar, pul sikkələri və s. tapılırdı ki, onların qara bazarda satışı Petrosyan kimilərə yaxşı gəlir gətirirdi. Xatırladaq ki, ərazidə ağ mişar daşı karxanaları var idi və bölgədə, ondan kənarlarda da evlər bu daşla tikilirdi. Şahbulaq daş karxanalarından indi də istifadə olunur.

2020-ci ilin payızında işğala son qoyulandan sonra hər yerdə olduğu kimi, Şahbulaq qalasında da restavrasiya və təmir-bərpa işləri görülüb. Artıq Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Bu barədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, qurum regionlarda, eləcə də Bakıda yeni turizm məhsullarının yaradılması prosesi davam etdirilir: "Hazırda həmin turizm məhsullarının hazırlanması və infrastruktur işlərinin həyata keçirilməsi demək olar ki, bütün regionlarda davam etdirilir. Məsələn, İsmayıllının Lahıc qəsəbəsini qeyd edə bilərik. Basqalda da bir neçə turizm məhsulunun hazırlanması istiqamətində işlər artıq yekunlaşmaq üzrədir. Şəki "Yuxarı Baş" Qoruğu ərazisində artıq bir neçə müəssisə, o cümlədən şəbəkə emalatxanası və Tarix-Diyarşünaslıq Muzeyi turistlərin istifadəsinə verilib. Digər məhsulların yaradılması istiqamətində də işlər görülür. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə də bu işlər aparılır. Tuğ qoruğunda hazırda infrastruktur işləri görülür".

Bu işlər Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb: "Proqramda yeni məhsulların hazırlanmasına xüsusi yer verilib. Bu iş mütəmadi olaraq davam etdiriləcək və məhsullar turistlərin istifadəsinə veriləcək. Eyni zamanda, infrastruktur işləri görülmüş müəssisələrdə də məhsullar hazırlanır. Bu iş bizim üstünlük verdiyimiz əsas istiqamətlərdən biridir".

Əlbəttə, belədir. Bir çox xarici ölkədə qalaların təsviri və ya “mini qala” hazırlanıb satılır ki, turistlər onları gəzintidən xatirə kimi həvəslə alıb vətənlərinə aparırlar. Bu, ilk görünüşdə xırda təsir bağışlasa da əslində Azərbaycanın, onun tarixinin və mədəniyyətinin təbliğatıdır. Bu, bəzi yaxın-uzaq dövlətlərin, düşmən dairələrin ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyalarına kəsərli cavabdır. Bu, həm də kiçik biznesin inkişaf etdirilməsidir. Yerli sənətkarların qarşısında yeni iş cəbhəsinin açılması, məşğulluğun artırılmasıdır. Bunun ən böyük üstünlüyü isə Azərbaycan tarixini, arxitekturasını və mədəniyyətini tanıtmaq, zənginliyini göstərməkdir.

Vəli İlyasov, “İki sahil”