30 sentyabr 2026 00:43
86

Gəncə terroru: Mülki şəxslərə qarşı cinayət

Tarixin müxtəlif illərində Azərbaycana qarşı soyqırımı törədən, deportasiya nəticəsində azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salan, törətdiyi cinayətlərə, vəhşiliklərə görə cavab vermək əvəzinə başına sığal çəkilən Ermənistanın 1988-ci ildə baş qaldıran əsassız torpaq iddiası nəticəsində yaranan Qarabağ münaqişəsi 30 ilə yaxın müddətdə dünyadan ədalətli həllini gözlədi. Baxmayaraq ki, haqq-ədalət, beynəlxalq hüquq Azərbaycanın tərəfində idi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycan torpağı olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapsa da, bu sənədlər 27 il kağız üzərində qalıb saraldı. Səbəb dünya güclərinin ikili standartlara əsaslanan siyasətdən yaxa qurtara bilməməsi, qətnamələrin icrası prosesinə fərqli yanaşması idi. Münaqişənin davam etdiyi 30 ilə yaxın dövrdə Ermənistanın təcavüzünə “dur!” deyən “tapılmadı”. Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan, danışıqlarda beynəlxalq hüquq normalarına istinad edən Azərbaycandan fərqli olaraq Ermənistan ən həlledici məqamlarda müxtəlif bəhanələrlə əsas məsələdən yayınmağa çalışır və istəyinə də nail olurdu. Havadarlarının dəstəyi əsasında danışıqlara imitasiya naminə qatılan işğalçı dövlət vaxt qazanaraq yeni ərazilər uğrunda müharibə planı hazırladı. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı birləşmələrinin müxtəlif istiqamətlərdə Azərbaycan ərazilərini raket atəşinə tutması bu istəklərini sübut etdi. Səbir kasası dolan Azərbaycan bu təxribatların qarşısını almaq üçün əks-hücum əməliyyatına başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “Hücum!” əmirini alan Silahlı Qüvvələrimiz müharibənin başlandığı ilk andan zəfər müjdəsi ilə xalqımızı sevindirdi. Vətən müharibəsinin davam etdiyi 44 günün hər günü Azərbaycanın çoxəsrlik tarixinə qələbə səhifəsi kimi yazıldı.

Vətən müharibəsində ermənilər öz xislətlərinə xas olan terror əməllərini də davam etdirdilər. Məğlubiyyətə düçar olan Ermənistan rəhbərliyi milli birliyimizə xələl gətirmək, əhali arasında çaxnaşma yaratmaq, qələbə əzmimizi sındırmaq məqsədilə yenə günahsız vətəndaşlarımızı hədəf aldı. Münaqişə bölgəsindən xeyli kənarda yerləşən ərazilərin qadağan olunmuş kaset bombalarla hədəfə alınması beynəlxalq hüquqa, o cümlədən Ermənistanın 1993-cü ildə ratifikasiya etdiyi Cenevrə konvensiyalarına və onların Əlavə protokollarına tamamilə zidd idi.

2020-ci il oktyabrın 4-də, saat 10 radələrində Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutuldu. Cenevrə Konvensiyasının tələbləri pozulmaqla, cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak oldu, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı. Şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vuruldu. Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qaldı. Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak oldu, 175 nəfər yaralandı, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi. Eyni zamanda, Azərbaycanın digər böyük şəhəri olan Bərdədə törədilmiş terror nəticəsində 29 nəfər həlak oldu, 112 nəfər yaralandı. Gəncədə baş verənlərlə hadisə yerində tanış olan Azərbaycandakı diplomatik korpusların rəhbərləri, hərbi attaşelər, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri erməni vəhşiliyinin günahsız qurbanlarının yaşadıqları dəhşətləri öz gözləri ilə gördülər. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində bu terror hadisələri ilə bağlı xüsusi vurğulayırdı ki, Ermənistanın günahsız insanları və mülki obyektləri raket hücumuna məruz qoyması müharibə cinayətidir və bunun üçün cavab verilməlidir: “Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib”.

Ümumilikdə Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutuldu. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak oldu, 454 mülki vətəndaş yaralandı, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəydi. Ermənistanın dinc əhaliyə qarşı törətdiyi bu müharibə cinayətləri millətin əzmini, iradəsini qıra bilmədi, əksinə bizi daha da gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq milli həmrəylik və birlik nümayiş etdirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşən xalqımız tarixi Zəfərimizə doğru böyük inamla irəliləməkdə davam etdi. Dünyanın hansı ölkəsində yaşamasından, əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs bir yumruq kimi birləşdi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının nə qədər yenilməz, məğrur xalq olduğunu təsdiqlədi.

Xatırladaq ki, müharibə dövründə Qarabağdakı erməni separatçılarının başçısı Araik Arutunyanın özü Gəncə şəhərinə raket hücumu əmrini verdiyini etiraf etmişdi. Artıq Araik və digər separatçılar, günahsız insanların qatilləri öz layiqli cəzalarını alıblar. Belə ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmü ilə Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, terrorçuluq və müharibə cinayətləri törətmiş qondarma rejimin keçmiş rəhbəri Araik Arutyunyan və digər separatçı canilər ən ağır cəzalara məhkum ediliblər. 6 avqust 2026-cı ildə Bakı Apellyasiya Məhkəməsi bu hökmləri dəyişdirmədən qüvvədə saxlayaraq tarixi ədaləti tam təmin etmişdir.

Sevinc Azadi, “İki sahil”