İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ilə “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi” (TÜİB) arasında Açıq Dialoq Platforması çərçivəsində B2G formatında görüş keçirilib. Görüşdə DVX və TÜİB rəhbərliyi, sahibkarlar və biznes sahəsinin təmsilçiləri iştirak ediblər.
“İki sahil” xəbər verir ki, DVX-dən bildirilib ki, tədbirin açılışında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli çıxış edərək Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın son illər daha da möhkəmlənməsinin iqtisadi əməkdaşlığın gücləndirilməsi və şaxələndirilməsi üçün yaratdığı imkanları vurğulayıb.
O.Nəzərli ikitərəfli işgüzar əlaqələrin genişləndirilməsi, bizneslə dialoqun təşviqi barədə fikirlərini bölüşüb və DVX-nin sahibkarlarla iş prinsipləri barədə məlumat verib. Qeyd edib ki, DVX biznes ictimaiyyəti ilə açıq və davamlı dialoqa xüsusi önəm verir. Sahibkarların təklifləri yalnız müzakirə edilmir, məqsədəuyğun hesab olunan təşəbbüslər vergi inzibatçılığının və qanunvericiliyin təkmilləşdirilməsi zamanı nəzərə alınır, biznes ictimaiyyəti ilə mövcud dialoqun daha sistemli və institusional müstəviyə keçməsi diqqətdə saxlanılır.
Vergi siyasətinin əsas istiqamətlərinə toxunan Orxan Nəzərli iqtisadi artım və investisiyaların təşviqi, mikro və kiçik sahibkarlığın fəal dəstəklənməsi, ixracın stimullaşdırılması, rəqəmsal texnologiyalar və innovasiya sahələrində fəaliyyət göstərən biznes subyektləri üçün əlverişli vergi mühitinin yaradılmasının prioritet olduğunu bildirib. Eyni zamanda, sahibkarların inzibati və hesabatlılıq yükünün azaldılması, vergi prosedurlarının sadələşdirilməsi və vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparıldığını diqqətə çatdırıb.
Orxan Nəzərli rəqəmsal transformasiya və məlumatəsaslı vergi inzibatçılığının əhəmiyyətini vurğulayıb. Xidmət rəisi süni intellekt və analitik həllərin tətbiqinin genişləndirilməsi, risklərin daha erkən müəyyənləşdirilməsi, preventiv məlumatlandırma və elektron xidmətlərin inkişaf etdirilməsi nəticəsində vergi ödəyiciləri ilə münasibətlərin daha çevik və proaktiv modelə keçirilməsinin hədəfləndiyini bildirib.
Orxan Nəzərli vergi inzibatçılığında əsas hədəfin nəzarəti artırmaq deyil, riskləri düzgün müəyyənləşdirmək, şəffaf fəaliyyət göstərən vergi ödəyicilərinə əlavə inzibati yük yaratmamaq və rəqəmsal həllər vasitəsilə könüllü vergi ödənişlərini təşviq etmək olduğunu diqqətə çatdırıb. Nəticədə, başlıca məqsəd vergi öhdəliklərinin könüllü şəkildə yerinə yetirildiyi, dövlətlə biznes arasında qarşılıqlı etimadın möhkəmləndiyi, sahibkarın vergi sistemini fəaliyyətinə maneə deyil, şəffaf və proqnozlaşdırılan iqtisadi mühitin bir hissəsi kimi qəbul etdiyi sistemin formalaşdırılmasıdır.
Daha sonra TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Böyükfırat çıxış edib. Hüseyin Böyükfırat Azərbaycan və Türkiyə arasında biznes əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş nəticələr və perspektivlər barədə fikirlərini bölüşüb. Bildirib ki, Azərbaycan və Türkiyə sahibkarları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, yeni biznes imkanlarının yaradılması və birgə təşəbbüslərin reallaşdırılması hər iki ölkənin iqtisadi inkişafına töhfə verir.
Hüseyin Böyükfırat TÜİB üzvlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərdiklərini, qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verdiklərini diqqətə çatdırıb. TÜİB rəhbəri vergi sisteminin ölkənin iqtisadi inkişafı və dövlət xidmətlərinin dayanıqlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Dövlət və özəl sektor arasında dialoqun əhəmiyyətinə diqqət çəkən Hüseyin Böyükfırat bildirib ki, Açıq Dialoq Platforması biznes ictimaiyyətinin qarşılaşdığı məsələləri, eləcə də fikir və təkliflərini birbaşa dövlət qurumları ilə bölüşməyə imkan yaradan mühüm məsləhətləşmə müstəvisidir. TÜİB rəhbəri qarşılıqlı etimada, açıq kommunikasiyaya və konstruktiv əməkdaşlığa əsaslanan dialoqun davam etdirilməsinin biznes mühitinin inkişafına və iqtisadi artımın təşviqinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir