29 sentyabr 2026 18:23
230

Dövlət və özəl sektor əməkdaşlığında sahibkarların rolu müzakirə olunub

Azərbaycan Türk İş Adamları Birliyi (ATİB) və FAYDA İş Adamları Platformasının birgə təşkilatçılığı, “Luxconcept” şirkətinin baş sponsorluğu, “Biznes TV” və “Biznes Mərkəzi”nin media dəstəyi ilə “Dövlət və özəl sektorun əməkdaşlığında sahibkarların rolu” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatları Tahir Mirkişili, Mehriban Vəliyeva, Hikmət Babaoğlu, Səbinə Salmanova, Vüqar Bayramov və Razi Nurullayev, ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, FAYDA İş Adamları Platformasının İdarə Heyətinin sədri Sakit Səmədov, “Biznes TV”nin İdarə Heyətinin sədri Hikmət Məmmədov, “Biznes Mərkəzi”nin rəhbəri Rüfət Nadirli, sahibkarlar, media nümayəndələri, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Tədbirin əsas məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, sahibkarlıq mühitinin təkmilləşdirilməsi, biznes təşəbbüslərinin dəstəklənməsi və sahibkarların ölkənin iqtisadi inkişaf proseslərində fəal iştirakının təşviq olunması olub.

Çıxışlar zamanı dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı, biznes subyektləri üçün yaradılan imkanlar, yeni təşəbbüslərin dəstəklənməsi və sahibkarlıq ekosisteminin daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbirdə gənclərin və tələbələrin innovativ təşəbbüslərinə də xüsusi diqqət yetirilib. Dörd tələbənin təqdim etdiyi startap layihələri FAYDA sahibkarları tərəfindən dəstəklənib və layihə müəlliflərinə pul mükafatları təqdim olunub. Bu təşəbbüs gənclərin innovativ ideyalarının reallaşdırılmasına, onların sahibkarlıq fəaliyyətinə marağının artırılmasına və yeni biznes təşəbbüslərinin təşviqinə xidmət edir.

Tədbir çərçivəsində dövlət qurumları, sahibkarlar, ictimaiyyət nümayəndələri və digər maraqlı tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Qeyd olunub ki, dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlığın gücləndirilməsi, sahibkarların təşəbbüslərinin dəstəklənməsi, innovativ layihələrin təşviqi və gənclərin yeni ideyalarının reallaşdırılması ölkənin dayanıqlı iqtisadi inkişafına töhfə verən mühüm amillərdəndir.

Tədbirin sonunda təşkilatçılar iştirak edən dövlət qurumlarının nümayəndələrinə, Milli Məclisin deputatlarına, sahibkarlara, media və mədəniyyət nümayəndələrinə təşəkkürlərini bildiriblər.