30 sentyabr 2026 10:00
110

Azərbaycanı Zəfər qurultayından Suverenlik qurultayına aparan yol

Müasir müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Zaman keçdikcə  Ulu Öndərin  yaratdığı irsin, onun ideyalarının dəyərini daha dərindən dərk edirik. Hələ hakimiyyətinin birinci mərhələsində  Azərbaycanın inkişaf və quruculuq salnaməsinin ən  şərəfli səhifələrini yazmaqla  ölkəmizin gələcək dövlət müstəqilliyinə zəmin formalaşdırmışdı. Dahi şəxsiyyətin tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soykökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdi. 1969-1982-ci illərdə  yaradılan iqtisadi potensial  bugünkü reallıqlarımızda stimul verdi.  Mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi uğurlu daxili və xarici siyasət dayanır. Dahi şəxsiyyət  düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik illərində deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir.  O, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Onun  çoxşaxəli fəaliyyətindən bəhs edərkən hər zaman bu reallığı xüsusi qeyd edirik ki, O, hər kəsə Vətəni sevməyi öyrətdi. Onun dillər əzbəri olan “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrildi. Ümummilli Liderin adını tarixə müstəqilliyimizin xilaskarı kimi qızıl hərflərlə yazdırması özündə bütün məqamları birləşdirir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə  uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayı ərəfəsindəyik. Bu mühüm tarixi hadisə ərəfəsində ötən qurultaydan indiyədək keçilən yolun təhlili bir tələb kimi qarşımızda dayanır. Bu baxımdan ki, ölkədə gedən bütün  proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyası ötən hər günü tarixinə uğur səhifəsi kimi yazır. Yarandığı gündən məqsədi, məramı Azərbaycanın daha da güclənməsi, beynəlxalq nüfuzunun artması, xalqın rifah halının daha da yaxşılaşdırılması, bir sözlə, dövlətə, xalqa xidmət olan YAP  daim ona böyük etimad, inam nümayiş etdirən xalqımızla birlikdə  hədəfdən-hədəfə doğru inamla addımlayır. Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın Vətən müharibəsində tarixi Zəfər qazandığımız  2020-ci ilə qədərki fəaliyyətinin hesabatını özündə ehtiva edən  VII qurultayında qeyd etdiyi kimi, biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik.

Artıq 44 günlük İkinci Qarabağ müharibəsində dünyaya səs salan şanlı Qələbəmizdən 6 il ötür. Qürur mənbəyimiz olan Vətən müharibəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz dünya hərb tarixinə yeni səhifə yazdı. 2020-ci ilin 27 sentyabr tarixində başlanan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın həmin dövrə qədər keçdiyi inkişaf yolunu bir daha bütün  dünyaya nümayiş etdirdi.  44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz, ölkəmizin ərazi bütövlüyünün, tarixi ədalətin bərpası yeni reallıqlar yaratdı. Bu reallıqlar regionda, dünya siyasətində yeniliklərə yol açmaqla yanaşı, daxildə  yeni islahatların aparılmasını, təkmilləşməni, Azərbaycanın növbəti zəfərlərə imza atmasını təmin edəcək   hərtərəfli inkişafın davamlılğının təmin edilməsini, birliyimizi, həmrəyliyimizi gücləndirməyi, beynəlxalq münasibətlər sistemində mövqeyimizi daha da möhkəmləndirməyi qarşıya mühüm vəzifə kimi qoydu. Tarixi sahibinə qovuşan torpaqlarımızda bərpa-quruculuq işlərinə start verildi, Keçmiş məcburi köçkünlərin azad Qarabağa və azad Şərqi Zəngəzura tarixi dönüşünü ehtiva edən Böyük Qayıdış Proqramının icrasına uğurla başlandı. Təbii ki, ölkəmizin hakim,  alternativsiz siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da bu yeniliklərdən,  təkmilləşmələrdən kənarda qalmadı.  YAP-ın 2021-ci ilin 5 mart  tarixində keçirilən VII qurultayı müasir dövrün çağırışlarını, qarşıya qoyulan hədəfləri özündə əks etdirdi.  Heç də təsadüfi deyil ki, bu gün partiyamızın  VII qurultayını Zəfər qurultayı kimi də dəyərləndiririk. Çünki bu qurultay Azərbaycanın ərazi bütövlüyünü təmin edən 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizin yaratdığı reallıqların fonunda partiyanın yarandığı gündən keçdiyi inkişaf yolunun, Proqramında həmin dövrə qədər nəzərdə tutulan bütün vəzifələrin uğurlu icrasının, eyni zamanda, yeni dövrün hədəflərinin təqdimatı oldu. YAP-ın “Yeni, müstəqil Azərbaycan uğrunda!” çağırışını əks etdirən Proqramının yeni variantda qəbuluna  böyük zərurət yarandı.

Bu gün partiyamızın  hər bir üzvü üçün böyük xoşbəxtlikdir ki, Yeni Azərbaycan Partiyası qurultaydan-qurultaya  keçdiyi yolun hesabatını verərkən sadalamaqla bitməyən uğurlarda, möhtəşəm zəfərlərdə  böyük payının olmasından, qarşıya qoyduğu hədəfləri reallığa çevirməsindən qürurla bəhs edir. YAP-ın VII qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoydu. Qurultayda qəbul edilən qərarlar partiyamızın inkişafını, müasir çağırışları yüksək səviyyədə cavablandırmasını şərtləndirdi. Partiyanın yeni Nizamnaməsinin qəbul edilməsi, eyni zamanda, dövlətimizin başçısı, YAP-ın Sədri cənab İlham Əliyevin qurultayda verdiyi tapşırığa uyğun olaraq  müasir dövrün çağırışlarını özündə əks etdirən Proqramın hazırlanması və həmin ilin sonunda təsdiqlənməsi YAP-ın fəaliyyətinin yeni yol xəritəsinin müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi.  Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin, Təftiş Komissiyasının yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi də yeni mərhələnin mühüm addımları sırasında oldu. VII qurultayın  mühüm tarixi qərarlarından biri də 6 siyasi partiyanın  YAP-a qoşulması oldu. Bu addım ölkədə milli həmrəyliyin və yeni siyasi konfiqurasiyanın bariz nümunəsinə çevrildi. Bu məqamda YAP-ın rəhbərliyində yeni tərkibin formalaşmasını xüsusi qeyd etməliyik. Partiyanın yeni Nizamnaməsinə uyğun olaraq, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini təyin edildi.

Ümumiləşdirilmiş şəkildə qeyd etməli olsaq, partiyamızın VII qurultayında qəbul edilən qərarlar, müəyyənləşdirilən prioritetlər Azərbaycanın tarixi Zəfərimizin reallıqları əsasında  dayanıqlı inkişafına, xalqın yüksək rifahına, azad Qarabağımızın və azad Şərqi Zəngəzurumuzun  dirçəldilməsinə, Böyük Qayıdış Proqramının uğurlu icrasına xidmət etdi. “Biz birlikdə güclüyük!” devizi altında hazırlanan və təsdiqlənən yeni Proqramın uğurlu icrası bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır.  

Hər bir önəmli hadisənin, əlamətdar günün  hesabat xarakteri daşıdığını nəzərə alsaq görərik ki,  Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirildiyi 2021-ci ilin 5 mart tarixindən bizləri ayıran  beş il ilə yanaşı, ümumilikdə, partiyanın yarandığı gündən qət etdiyi çətin, eyni zamanda, şərəfli yola nəzər salmağa da böyük zərurət duyulur. Çünki artıq Yeni Azərbaycan Partiyasının suverenliyimizin tam bərpasının reallıqlarını özündə ehtiva edən VIII qurultayı ərəfəsindəyik.

Yaranması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı və titanik fəaliyyəti  ilə bağlı olan YAP Azərbaycanın müasir tarixinin bələdçisidir. Bugünümüzü  partiyanın yarandığı dövrün reallıqları ilə müqayisə etsək görərik ki, xalqımız məqsədlərinə heç də asanlıqla nail olmamışdır. Müstəqillimizin bərpasının ilk illərində Azərbaycanın azad, suveren dövlət kimi güclənməsini istəməyən qüvvələr məqsədlərinə çatmaq üçün ölkə daxilində sabitliyi pozmaqla cəmiyyətdə siyasi gərginlik yaratdılar. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Bədnam AXC-Müsavat cütlüyünün iqtidarda olduğu dövr xüsusilə təhlükəli idi. Azərbaycanda yaranan hərc-mərclik, respublikada baş alıb gedən iqtisadi böhran, hakimiyyətsizlik insanları təşvişə salır, narahatlıqlar gündən-günə artırdı. Dünənə kimi küçə və meydanlarda demokratiyadan, azadlıqdan danışsalar da, əsl demokratiyanın və azadlığın mahiyyətini başa düşməyən, daxili və xarici düşmənlərimiz tərəfindən idarə olunan naşıların, hakimiyyət hərislərinin səriştəsizliyindən istifadə edən qüvvələr Azərbaycanın sərvətlərini talan edirdilər. O çətin dövrdə Azərbaycanın 91 nəfər vətənpərvər ziyalısının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə ünvanladığı «Azərbaycan Sizin sözünüzü gözləyir!» başlıqlı müraciətində Ulu Öndərə xitabən qeyd edilirdi ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz!. Ziyalıların müraciətinə «Yeni, müstəqil Azərbaycan uğrunda!» sərlövhəli   cavabında Ulu Öndər Heydər Əliyev vurğulayırdı ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli- demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması hərtərəfli, genişplanlı iş aparılması kimi möhtəşəm vəzifələri xalq-iqtidar birliyi ilə yerinə yetirmək olar.

Bu tarixi missiyanı yerinə yetirmək üçün Yeni Azərbaycan Partiyasının yaradılması təklifini irəli sürən ziyalılar təşkilata rəhbərliyə ən layiqli namizədin Ulu Öndər Heydər Əliyev olduğunu bildirdilər və  dahi Liderdən bu təşəbbüsə razılıq verməsini xahiş etdilər. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin dahiyanə ideyaları əsasında,  zamanın tələbi, xalqın istəyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı.  Ümummilli Heydər Əliyevin rəhbərliyi, 550 nəfər təəssübkeşin  iştirakı ilə 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Həmin konfransda qəbul olunan Bəyanatda qeyd olunduğu kimi, partiyanın başlıca məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, sivilizasiyalı, demokratik, hüquqi dövlətin yaradılması, ictimai həmrəyliyin təminatıdır. YAP-ın II qurultayında partiyanın yaradılmasında təşəbbüskarlıq göstərənlərin xidmətlərini « Həyat inkişaf edir, nəsillər nəsilləri əvəz edir. Naxçıvanda bizim partiyanı yaradanlar,- mən demişəm, indi də deyirəm,- partiyanın veteranlarıdır, partiyanın qızıl fondudur. Bizim partiyada bunlara həmişə hörmət olmalıdır və onların xidmətləri həmişə yüksək qiymətləndirilməlidir» sözləri ilə dəyərləndirən Ulu Öndər Heydər Əliyev onu da bildirmişdi ki, partiyada gənclərin sayı daha artıq olmalıdır.

Yeni Azərbaycan Partiyasının VII qurultayında “Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt, yenə də deyirəm, cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur” söyləyən YAP-ın Sədri, Prezident  İlham Əliyev bu reallıqları da diqqətə çatdırdı ki, belə olan vəziyyətdə ölkə necə inkişaf edə bilərdi?! Bizim torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı qovulmuşdu, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranmışdı, qaçqınlar, köçkünlər yaranmışdı və gələcək üçün, bu vəziyyəti dəyişdirmək üçün heç bir əsas yox idi. Kim bu vəziyyəti dəyişdirəcəkdi? O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü.

Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Prezident İlham Əliyev hər zaman bu çağırışı edir ki, biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

Yeni Azərbaycan Partiyası artıq 34 ilə yaxındır ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, daim xalqla birlik, həmrəylik nümayiş etdirir,  ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir. O ağır günlərdə ideoloji dayaqları müstəqillik, azərbaycançılıq, müasirlik, inkişaf, sosial rifah, siyasi və iqtisadi islahatlar olan YAP-ı yaratmaqla demokratik inkişafı gələcək üçün xilas yolu kimi seçən Ulu Öndər Heydər Əliyev illərin sınağından çıxmış, təkmilləşmiş, güclənmiş partiyanın siyasi xəttini müəyyənləşdirərkən müstəqilliyin qorunması, sabitliyin təminatı, qanunvericiliyin, dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində islahatlara üstünlük verdi. Ən çətin dövrlərdə Ümummilli Lider Heydər Əliyevin hakmiyyətə gəlməsini nicat yolu seçən xalq 2003-cü ildən bu günədək dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək özünün müdrik və alternativsiz Liderinin rəhbərliyi ilə  Azərbaycanı addım-addım tarixi Zəfərə, suverenliyinin tam bərpasına qovuşdurdu.

Bu gün sonsuz qürur hissi ilə, uca səslə bəyan edirik ki, Azərbaycanın hər bir uğurunda  Yeni Azərbaycan Partiyasının özünəməxsus  payı və  rolu vardır. Təbii ki, 34 illik yolun tarixi nailiyyətlərini  bir yazıda əhatə etmək mümkün deyil. Lakin bununla belə, həqiqət budur ki, son 33 ildə ölkədə keçirilən bütün siyasi kampaniyalarda qələbə qazanaraq xalqın etimadını doğruldan partiyanın sıralarının genişlənməsi YAP-a ümumxalq məhəbbətindən, Heydər Əliyev ideyalarına sədaqətdən,  Prezident, YAP-ın Sədri cənab  İlham Əliyevə əbədi etimaddan irəli gəlir. “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim» fikirləri ilə  Heydər Əliyev siyasətinə sadiqliyini təsdiqləyən Prezident İlham Əliyev Azərbaycanı Ümummilli Liderin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəldi. O Azərbaycan qalibiyyət rəmzi olan üçrəngli Bayrağını işğaldan azad edilmiş bütün ərazilərimizdə ucaltmaqla qalib, suveren, yeni dövrə qədəm qoyan Azərbaycan olduğunu bütün  dünyaya nümayiş etdirən Azərbaycandır!

Cənab  İlham Əliyev Partiyanın VII qurultayında “44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır” söyləyərək onu da əlavə etmişdir ki, indi biz yeni dövrə qədəm qoyuruq. Bu dövrlə bağlı mən bundan sonra da öz fikirlərimi bildirəcəyəm. Çünki konseptual nöqteyi-nəzərdən bütün baxışlar yerindədir. Hər şeyi açıq-aydın görürük. Amma, əlbəttə ki, həyat və xüsusilə Qarabağın bərpası ilə bağlı məsələlər bizim planlarımıza müxtəlif korrektələr edəcək. Bu da təbiidir. Möhtərəm Prezidentimiz, YAP Sədri cənab İlham Əliyev bu çağırışı da etmişdi: “Mən bu gün qarşıda duran bəzi vəzifələr barədə öz fikirlərimi həm partiya üzvləri ilə, həm Azərbaycan xalqı ilə bölüşməklə, əlbəttə ki, bütün siyasi qüvvələri, bütün ictimaiyyəti geniş diskussiyaya çağırıram. Buna ehtiyac var. Çünki bir daha demək istəyirəm ki, biz yeni dövrə qədəm qoyduq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun.”

Bəli, partiyamızın VII qurultayından ötən 5 ildən artıq dövrün reallıqlarına nəzər salanda  qarşıya qoyulan bütün hədəflərə yüksək səviyyədə nail olunduğunu açıq-aydın görürük. Bu gün Azərbaycan Bayrağının işğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə dalğalanması hər birimizi qürurlandırır. Bu Zəfər partiyanın VII qurultayından sonrakı dövrün reallığıdır. Şanlı Qələbəmizdən üç il sonra- 2023-cü ilin 19-20   sentyabr tarixlərində rəşadətli ordumuzun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük lokal antiteror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Tariximizə 8 Noyabr-Zəfər Günü ilə bərabər, 20 Sentyabr- Dövlət Suverenliyi Günü də yazıldı. Dövlətimizin başçısı İlham Əliyevin 2024-cü ilin 20 sentyabr tarixində təmirdən sonra açılış mərasimi keçirilən Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə   qeyd etdiyi kimi, bu gün Ulu Öndərin xatirəsinə hörmət ifadə edərək bir daha deyirik və görürük ki, əgər 1993-cü ildə xalqın tələbi ilə O, Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.

Suverenliyinin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın, o cümlədən ölkəmizin hakim siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının tarixində mühüm hadisələrdən biri, təbii ki, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident, parlament, bələdiyyə seçkilərinin keçirilməsidir. Bu seçkilərin hər biri partiyamızın  cəmiyyətdə yerini və rolunu, nüfuzunu, ən əsası xalqımızın inamını, etimadını bir daha təsdiqlədi.  Prezident seçkilərində ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verən cənab İlham Əliyev tariximizə növbəti qürurverici səhifəni yazdı. Bu məkandan səsləndirilən hər bir çağırış dünənimizə, bugünümüzə baxış əsasında gələcəyimizin yol xəritəsidir. Dövlətimizin başçısı İlham Əliyev 2024-cü ilin 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində böyük qürur hissi ilə qeyd etdi ki, indi  yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. 

Bu gün Yeni Azərbaycan Partiyası yeni dövrə qədəm qoyan Azərbaycanın suverenliyinin bərpasının yaratdığı reallıqlar əsasında özünün VIII qurultayına hazırlaşır. Zəfər qurultayı kimi xarakterizə etdiyimiz VII qurultaydan bu günə- Suverenlik qurultayınadək  qət edilən yolun uğurlarını, zəfərlərini sadalamaqla bitməz. Qarşıdakı dövrdə həm qalib, suveren Azərbaycanımızı, həm də onun keçdiyi inkişaf yolunun bələdçisi olan Yeni Azərbaycan Partiyasını daha möhtəşəm uğurlar, zəfərlər gözləyir. Ümummilli Lider Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi və bununla da  ölkəmizin bugünkü və gələcək uğurlarının yol xəritəsini təqdim etdiyi Yeni Azərbaycan Partiyası dövlətimizin başçısı, YAP-ın Sədri cənab İlham Əliyevin bildirdiyi kimi, bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Əminik ki, partiyamızın VIII qurultayında da həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının gələcəyinə xidmət edən mühüm qərarlar qəbul edilcək,  dövrün çağırışlarını özündə əks etdirən yol xəritəsi təqdim olunacaq.

İradə Hüseynova,
BDU-nun kafedra müdiri, tarix elmləri doktoru, professor,
Əməkdar müəllim