29 sentyabr 2026 14:24
184

Ana və körpə sağlamlığının qorunması: MÜASİR YANAŞMALAR VƏ ƏSAS PRİORİTETLƏR

Pərvin Adıgözəlova: Əsas məqsədimiz yalnız ölüm göstəricilərini azaltmaq deyil, hər bir hamilə qadının vaxtında, keyfiyyətli və təhlükəsiz tibbi yardım almasını təmin etməkdir

Ana və körpə sağlamlığının qorunması səhiyyə sisteminin ən mühüm və prioritet istiqamətlərindən biridir. Hamiləliyin erkən mərhələsindən başlayaraq qadının sağlamlığının nəzarətdə saxlanılması, yüksək riskli hamiləliklərin vaxtında müəyyənləşdirilməsi, təhlükəsiz doğuşun təmin olunması, yenidoğulmuşlara göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi ana və uşaq sağlamlığının qorunmasında mühüm rol oynayır.

Müasir dövrdə reproduktiv sağlamlığın qorunması, sonsuzluğun profilaktikası və müalicəsi, qeysəriyyə əməliyyatlarına düzgün tibbi yanaşma, qadın xəstəliklərinin, o cümlədən onkoloji xəstəliklərin erkən aşkarlanması, regionlarda ixtisaslaşmış tibbi xidmətlərin əlçatanlığının artırılması da xüsusi əhəmiyyət daşıyır.

Bu və digər məsələlərlə bağlı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Pərvin Adıgözəlova ilə söhbətləşdik.

– Azərbaycanda ana və körpə sağlamlığı sahəsində hazırda ən aktual problemlər hansılardır və onların həlli istiqamətində hansı işlər görülür?

- Ana və körpə sağlamlığında əsas prioritetlərimiz ana ölümünün, perinatal və neonatal itkilərin azaldılması, vaxtından əvvəl doğuşların idarə olunması, yüksək riskli hamilələrin zamanında müəyyənləşdirilməsi və regionlarda ixtisaslaşmış mamalıq xidmətlərinə çıxışın yaxşılaşdırılmasıdır.

Bu istiqamətdə Səhiyyə Nazirliyinin rəhbərliyi ilə riskli hamilələrin vaxtında aşkarlanması, antenatal nəzarətin gücləndirilməsi, perinatal mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsi, neonatal reanimasiya imkanlarının artırılması və tibb işçilərinin davamlı təlimi sistematik şəkildə həyata keçirilir. İnstitutumuz isə bu istiqamətdə elmi-metodik və klinik fəaliyyət həyata keçirərək, müasir yanaşmaların praktikaya tətbiqinə, tibbi kadrların təkmilləşdirilməsinə və mamalıq xidmətinin keyfiyyətinin artırılmasına töhfə verir.

– Son illərdə ana və yenidoğulmuş ölüm göstəricilərində hansı dəyişikliklər qeydə alınıb? Bu sahədə əsas hədəflər nələrdir?

- Azərbaycan son illərdə dövlət səviyyəsində həyata keçirilən ana və uşaq sağlamlığının qorunması istiqamətində mühüm layihələr həyata keçirib. 2024-cü ildə Azərbaycanda ana ölümü göstəricisi 100 min diri doğuşa 28,3, körpə ölümü isə 1000 diri doğuşa 13,9 təşkil edib. Müqayisə üçün, ABŞ-da bu göstəricilər müvafiq olaraq 17,9 və 5,5, Almaniyada təxminən 4 və 3, Böyük Britaniyada isə 8 və 4-dür. Bu göstəricilər ölkələr üzrə səhiyyə sistemlərinin xüsusiyyətləri, demoqrafik və sosial amillər, eləcə də statistik uçot və hesablama metodologiyası nəzərə alınmaqla qiymətləndirilməlidir. Bununla belə, xüsusilə neonatal və körpə ölümünün daha da azaldılması ölkəmiz üçün prioritet istiqamətlərdəndir.

Burada yüksək riskli hamiləliklərin olması, preeklampsiya, doğuşsonrası qanaxmalar, tromboembolik və digər ekstragenital xəstəliklər, vaxtından əvvəl doğuş və neonatal ağırlaşmalar, həmçinin antenatal nəzarətin keyfiyyəti və ağır vəziyyətdə olan pasiyentlərin regional səviyyədə ixtisaslaşmış mərkəzlərə vaxtında yönləndirilməsi kimi bir sıra amillərin rolu ola bilər. Eyni zamanda, ölüm hallarının statistik qeydiyyatı və ölüm səbəblərinin təsnifatının da hərtərəfli təhlili vacibdir.

Müsbət məqam ondan ibarətdir ki, 2024-cü ildə körpə ölümü göstəricisi 18,1-dən 13,9-a qədər azalıb. Bu dinamika ana və uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini göstərir. Nəticələrin davamlı olması və daha da yaxşılaşdırılması əsas hədəfimizdir. Bunun üçün hər bir ana və neonatal ölüm halının ayrıca təhlil edilməsi, qarşısı alına bilən səbəblərin müəyyənləşdirilməsi, yüksək riskli hamilələrin erkən aşkarlanması, antenatal və perinatal xidmətlərin gücləndirilməsi, regionlarda tibbi xidmətlərin əlçatanlığının artırılması və müasir neonatal yardım imkanlarının daha da inkişaf etdirilməsi vacibdir.

Əsas məqsədimiz yalnız ölüm göstəricilərini azaltmaq deyil, hər bir hamilə qadının vaxtında, keyfiyyətli və təhlükəsiz tibbi yardım almasını təmin etməklə ana və körpə sağlamlığının qorunmasıdır.

– Qadınlar arasında sonsuzluq hallarının artması ilə bağlı statistik göstəricilər nə deyir? Əsas risk amilləri hansılardır?

- Sonsuzluq yalnız qadın problemi deyil. Cütlüklərdə sonsuzluğun səbəbləri təxminən üçdəbir hallarda qadın, üçdəbir hallarda kişi faktoru, digər hallarda isə hər iki tərəfin və ya izaholunmayan faktorların hesabına ola bilər.

Qadınlarda əsas risk faktorları arasında yaşın artması, yumurtalıq rezervinin azalması, endometrioz, polikistik yumurtalıq sindromu, uşaqlıq və uşaqlıq borularının patologiyaları, keçmiş çanaq infeksiyaları, hormonal pozğunluqlar, piylənmə və digər metabolik problemlər mühüm yer tutur. Son illərdə xüsusilə qadınların hamiləliyi daha gec yaşlara təxirə salması diqqət çəkir. Halbuki qadının reproduktiv potensialı yaşla, xüsusilə 35 yaşdan sonra, tədricən azalır.

Digər tərəfdən, abortların, cinsi yolla ötürülən infeksiyaların, bəzi uşaqlıqdaxili müdaxilələrin və sağlam olmayan həyat tərzinin də gələcək reproduktiv sağlamlığa mənfi təsiri ola bilər. Bu istiqamətdə maarifləndirmə və tibbi məlumatlılığın artırılması reproduktiv sağlamlığın qorunmasının mühüm tərkib hissəsidir. İnstitutumuz da öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bu sahədə maarifləndirici və elmi-metodik işlər həyata keçirir.

– Qeysəriyyə əməliyyatlarının sayının artmasının əsas səbəbləri nələrdir və bu istiqamətdə hansı tədbirlər həyata keçirilir?

- Qeysəriyyə əməliyyatı düzgün göstəriş olduqda həm ananın, həm də körpənin həyatını xilas edən çox vacib cərrahi müdaxilədir.

Bu artımın bir neçə səbəbi var. İlk növbədə, ana yaşının yüksəlməsi, yüksək riskli hamiləliklərin və yanaşı xəstəliklərin artması, əvvəlki qeysəriyyə əməliyyatlarının sayının çoxalması mühüm rol oynayır. Bundan başqa, bəzi hallarda dölün vəziyyəti, plasentanın patologiyaları, çoxdöllü hamiləlik, preeklampsiya və digər mamalıq ağırlaşmaları qeysəriyyəni zəruri edir.

Burada əsas məqsəd qeysəriyyələrin sayını mexaniki şəkildə azaltmaq deyil. Əsas məqsəd hər bir qadında əməliyyatın həqiqi tibbi göstəriş əsasında aparılmasını təmin etməkdir. Bunun üçün hamilə qadınların antenatal dövrdə düzgün məlumatlandırılması, doğuşa psixoloji hazırlığın artırılması, klinik protokollara riayət olunması və mümkün olduğu hallarda fizioloji doğuşun dəstəklənməsi vacibdir. Bu sahədə klinik protokollara əsaslanan yanaşmanın tətbiqi, tibb işçilərinin bilik və bacarıqlarının artırılması, hamilələrin düzgün maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır. İnstitutumuz da bu istiqamətdə elmi-metodik fəaliyyət və tibbi kadrların peşəkar inkişafına yönəlmiş işlər həyata keçirir.

– Uşaqlıq boynu və süd vəzi xərçənginin erkən aşkarlanması üçün qadınlara hansı müayinələri mütəmadi keçməyi tövsiyə edirsiniz?

Qadınlara ilk növbədə tövsiyə edərdim ki, profilaktik müayinələri yalnız hər hansı şikayət yarandıqda deyil, sağlam olduqları dövrdə də mütəmadi şəkildə həyata keçirsinlər.

Uşaqlıq boynu xərçənginin profilaktikasında dünyada yanaşma getdikcə HPV əsaslı skrininqə keçir. Ümumdünya Səhiyyə Təşkilatı orta riskli qadınlarda uşaqlıq boynu xərçəngi skrininqinə təxminən 30 yaşdan başlanmasını və yüksək riskli HPV testinin əsas skrininq üsulu kimi istifadə olunmasını tövsiyə edir. Mənfi nəticə olduqda skrininq daha uzun intervallarla təkrarlana bilər. Pap-smear isə müəyyən proqramlarda alternativ və ya HPV testi müsbət olduqda əlavə qiymətləndirmə üsulu kimi istifadə olunur.

Burada çox vacib məqam odur ki, HPV-nin pozitiv olması xərçəng demək deyil. Bu, əlavə qiymətləndirməyə ehtiyac olduğunu göstərir. Lazım gəldikdə Pap-test, kolposkopiya və biopsiya aparılır. Əsl məqsəd xərçəngin özünü deyil, xərçəngə çevrilə biləcək dəyişiklikləri erkən mərhələdə aşkarlamaq və müalicə etməkdir. ÜST-nin 2026-cı ildə yenilənmiş tövsiyələri də HPV testləri və HPV genotipləşdirilməsinin riskə əsaslanan yanaşmada rolunu daha da gücləndirir.

Süd vəzi xərçənginə gəldikdə isə əsas skrininq müayinəsi mammoqrafiyadır. Məsələn, ABŞ Preventive Services Task Force orta riskli qadınlara 40–74 yaş arasında iki ildən bir mammoqrafiya tövsiyə edir. Digər beynəlxalq təşkilatların tövsiyələrində skrininqin başlanma yaşı və intervalında müəyyən fərqlər olsa da, ümumi yanaşma ondan ibarətdir ki, orta riskli qadınlarda müəyyən yaşdan etibarən müntəzəm mammoqrafik skrininq aparılmalıdır. Azərbaycanda da qadın sağlamlığının qorunması, erkən diaqnostika və skrininq imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

– Reproduktiv sağlamlığın qorunması və gənclərin maarifləndirilməsi istiqamətində hansı proqramlar həyata keçirilir?

- Reproduktiv sağlamlığın qorunması yeniyetməlik dövründən başlamalıdır. Bu istiqamətdə əsas məqsəd gəncləri menstrual sağlamlıq, şəxsi gigiyena, düzgün qidalanma, ailə planlaşdırılması, təhlükəsiz cinsi davranış, cinsi yolla ötürülən infeksiyalardan qorunma və planlaşdırılmamış hamiləliklərin qarşısının alınması barədə düzgün, elmi əsaslı məlumatlandırmaqdır.

Azərbaycanda bu istiqamətdə Səhiyyə Nazirliyi və aidiyyəti qurumların fəaliyyəti, eləcə də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində müxtəlif maarifləndirici layihələr həyata keçirilir. Xüsusilə HPV infeksiyasının profilaktikası və HPV vaksinasiyası, reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması mühüm istiqamətlərdəndir.

Maarifləndirmə yalnız tibb müəssisələri ilə məhdudlaşmamalıdır. Ailə, məktəb və səhiyyə sistemi birlikdə fəaliyyət göstərməlidir. Gənclərə düzgün məlumat vermək gələcəkdə həm planlaşdırılmamış hamiləliklərin, həm də reproduktiv sağlamlıq problemlərinin azalmasına kömək edə bilər.

Əsas məqsədimiz sağlamlığın qorunmasını gənclər üçün problem yarandıqdan sonra deyil, əvvəlcədən düşünülən və planlaşdırılan bir həyat prinsipi halına gətirməkdir.

– Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda son illərdə tətbiq edilən ən mühüm yeniliklər və elmi nailiyyətlər hansılardır?

- Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ölkədə mamalıq və ginekologiya üzrə həm elmi-tədqiqat, həm də klinik və kadr hazırlığı baxımından əsas dövlət müəssisələrindən biridir.

Son illərdə institutumuzda əsas diqqət müasir tibbi yanaşmaların klinik praktikada tətbiqinə və mamalıq-ginekoloji xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlib. Bu istiqamətdə müasir antenatal nəzarət, yüksək riskli hamilələrin idarə olunması, perinatal və neonatal yardımın təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Ginekologiya sahəsində isə endoskopik və minimal invaziv əməliyyatların genişləndirilməsi, uşaqlıq və endometrium patologiyalarının müasir diaqnostika və müalicəsi, reproduktiv sağlamlıq və sonsuzluğun müasir üsullarla qiymətləndirilməsi əsas inkişaf istiqamətlərindəndir.

Bununla yanaşı, institutda elmi-tədqiqat fəaliyyətinin, rezidentura və gənc mütəxəssislərin hazırlığının inkişafına, həmçinin beynəlxalq mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verilir. Beynəlxalq konfrans və elmi tədbirlərdə reproduktiv yaşda endometrium patologiyaları, antenatal qulluq və reproduktiv sağlamlığın aktual problemləri müzakirə olunur.

Əsas məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, sübuta əsaslanan tibbi yanaşmanı – evidence-based medicine prinsiplərini gündəlik klinik praktikaya daha geniş şəkildə inteqrasiya etməkdir. Çünki müasir tibb yalnız texnologiya deyil, düzgün qərarın elmi sübutlara əsaslanaraq verilməsidir.

– Regionlarda yaşayan qadınların ixtisaslaşmış mamalıq və ginekoloji xidmətlərə əlçatanlığını necə qiymətləndirirsiniz?

- Bu sahədə son illərdə dövlət səhiyyə sistemində həyata keçirilən tədbirlər nəticəsində xidmətlərin əlçatanlığının artırılması istiqamətində mühüm addımlar atılıb.

Hazırda regionlarda regional perinatal mərkəzlərin, rayon xəstəxanalarının imkanlarının artırılması, tibbi kadrların hazırlanması və daha mürəkkəb xəstələrin yüksək səviyyəli mərkəzlərə vaxtında yönləndirilməsi istiqamətində işlər görülür.

Məsələn, Quba, Lənkəran, Şəki və Sumqayıt kimi regional perinatal mərkəzlərdə neonatal reanimasiya və intensiv terapiya imkanları mövcuddur.

Bundan başqa, “Mentor Klinika” modeli çərçivəsində təcrübəli mütəxəssislərin iştirakı ilə region xəstəxanalarının həkim və tibb personalına təlim verilməsi, yerində konsultasiya və müayinələrin aparılması həyata keçirilir. İnstitutumuz da bu prosesdə öz ixtisas istiqamətləri üzrə metodik və praktik dəstək göstərir.

– Yardımçı reproduktiv texnologiyalar, o cümlədən süni mayalanma sahəsində ölkəmizdə mövcud imkanlar və perspektivlər barədə nə deyə bilərsiniz?

- Yardımçı reproduktiv texnologiyalar, xüsusilə IVF – ekstrakorporal mayalanma son illərdə Azərbaycanda inkişaf edən və pasiyentlər üçün imkanları genişlənən istiqamətlərdən biridir. Bu sahədə diaqnostik və müalicə imkanlarımız genişlənir və sonsuzluq problemi yaşayan cütlüklərin bu xidmətlərə çıxışı artır.

Ölkəmizdə sonsuzluğun diaqnostikası və müalicəsinin icbari tibbi sığorta çərçivəsinə daxil edilməsi də bu sahənin inkişafı və xidmətlərin daha əlçatan olması baxımından mühüm addımdır.

Perspektiv baxımından isə əsas məqsədlərimiz müasir IVF texnologiyalarının daha geniş tətbiqi, reproduktiv sağlamlıq üzrə məlumatların sistemləşdirilməsi və xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, laborator imkanların inkişaf etdirilməsi və zəruri hallarda preimplantasiya genetik testlərinin tətbiqinin genişləndirilməsidir.

Əsas məqsədimiz yalnız IVF prosedurlarının sayını artırmaq deyil, düzgün seçilmiş pasiyentə, düzgün zamanda və elmi əsaslara söykənən müalicə təqdim etməklə sağlam hamiləlik və sağlam doğuş şansını maksimum artırmaqdır.

– Qadınlara reproduktiv sağlamlıqlarını qorumaq üçün vermək istədiyiniz ən vacib tövsiyələr hansılardır?

- Qadınlara ilk növbədə öz sağlamlıqlarına yalnız problem yarandıqda deyil, profilaktik olaraq diqqət yetirməyi tövsiyə edərdim. Müntəzəm ginekoloji müayinə, yaşa və risk qrupuna uyğun olaraq uşaqlıq boynu və süd vəzi skrininqlərinin aparılması çox vacibdir.

Hamiləlik planlaşdırılırsa, əvvəlcədən ginekoloq müayinəsindən keçmək, xroniki xəstəlikləri, qəbul olunan dərmanları qiymətləndirmək, sağlam qidalanma və həyat tərzinə diqqət etmək lazımdır. Arzuolunmaz hamiləliklərin qarşısının alınması üçün isə düzgün kontrasepsiya üsulu həkimlə birlikdə seçilməlidir.

Reproduktiv sağlamlıq baxımından yaş faktoru da çox önəmlidir. Xüsusilə 35 yaşdan sonra qadının reproduktiv potensialında dəyişikliklər sürətlənə bildiyi üçün hamiləliyin planlaşdırılmasını uzun müddət təxirə salmamaq məsləhətdir.

Digər vacib məqam isə sonsuzluq probleminə vaxtında müraciətdir. Hamiləlik baş vermədikdə bunu illərlə gözləmək əvəzinə, vaxtında müayinəyə başlamaq lazımdır. Unutmayaq ki, sonsuzluq yalnız qadının problemi deyil, cütlüyün problemidir və hər iki tərəf birlikdə qiymətləndirilməlidir.

Ən əsas tövsiyəm isə budur ki, qadın öz sağlamlığını həyatının sonrakı mərhələlərinə təxirə salmamalıdır. Profilaktika, erkən diaqnostika və düzgün həyat tərzi sağlam gələcəyin ən mühüm təminatıdır. Qadınların reproduktiv sağlamlığının qorunması dövlət səhiyyə siyasətinin mühüm istiqamətlərindən biridir və bu sahədə İnstitutumuz öz elmi, klinik və metodik imkanları ilə fəaliyyətini davam etdirir.

Yaqut Ağaşahqızı, “İki sahil”