27 sentyabr 2026 21:32
94

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

27 Sentyabr – Anım Günü ilə əlaqədar “AzerGold” QSC və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış 44 günlük Vətən müharibəsində parlaq Qələbənin, xalqımızın göstərdiyi misilsiz qəhrəmanlığının və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınmış Zəfər parkını ziyarət ediblər.

QSC-dən AZƏRTAC-a bildirilib ki, Zəfər abidəsinin önünə əklil qoyulub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onların əziz xatirəsinə dərin ehtiram ifadə olunub. Eyni zamanda, “AzerGold” QSC-nin rəhbərliyi və kollektivi Bakı və Gəncə şəhərlərində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əməkdaşları – Muxtar Qasımlı və Rauf Əsgərovun məzarlarını ziyarət edib. Ziyarət zamanı şəhidlərin xatirəsi ehtiramla yad olunub, məzarları önünə əklil və gül dəstələri qoyulub.

Xatırladaq ki, “AzerGold” QSC-nin Mühafizə xidmətində çalışmış baş leytenant Muxtar Qasımlı Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 2-də Füzuli rayonunun Alxanlı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

QSC-nin Təmir-tikinti və energetika şöbəsinin Generator sahəsi üzrə rəisi vəzifəsində çalışmış baş leytenant Rauf Əsgərov isə Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 26-da Füzuli rayonunun Merdinli kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, hər iki şəhid dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra medallarla təltif edilib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Rauf Əsgərov “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə”, Muxtar Qasımlı isə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.