Yasamal Rayon İcra Hakimiyyətinin , Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr edilən tədbir keçirildi
Sentyabrın 25-də Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının və SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr edilən tədbir keçirildi.
Dövlət Himnimizin səsləndirilməsindən, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası yolunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbiri giriş sözü ilə açan “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Nüsrət Əliyev bildirdi ki, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı: “Haqq və şərəf işimiz olan, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. 44 günün hər günü müasir tariximizə Zəfər günləri kimi yazıldı. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bu yolda qurban gedən şəhidlərimizin xatirəsini uca tutur. Əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycanın şanlı tarixinə əbədi yazdırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz dünya hərb tarixinə yeni səhifə yazdı. 44 gündə 30 ilin işğalına son qoymaq Azərbaycanın gücünün, qüdrətinin təqdimatıdır. 27 sentyabr Zəfərə gedən yolun başlanğıcı oldu”.
Tədbirdə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qalibiyyətimizi Zəfərə çevirməyimizi şərtləndirən amillərdən bəhs etdi. Bildirdi ki, Azərbaycan 30 illik işğal dövründə haqq səsinin dünyaya çatdırmaqla yanaşı, bütün sahələrdə uğurlu inkişafa nail oldu. Belə ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yenidən qurulan Azərbaycan addım-addım hədəflərə doğru inamla irəlilədi. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu nəzərə alsaq, deyə bilərik ki, Ulu Öndərin müəllifi olduğu neft strategiyasının uğurlu icrası həm Azərbaycanın iqtisadi müstəqilliyini təmin etdi, həm də beynəlxalq münasibətlər sistemində yerini möhkəmləndirdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”, onun davamı olaraq 2017-ci ildə imzalanan “Yeni əsrin müqaviləsi” Azərbaycanın Zəfərə gedən yolunu daha da yaxınlaşdırdı. Bu baxımdan ki, iqtisadiyyatımız gücləndi, güclü ordu formalaşdırıldı, Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi, müstəqil siyasəti ilə hər bir sahədə davamlı uğurlara imza atdı. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Ulu Öndərin ən böyük arzusu olan Qarabağ problemini həll etdi. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır, dirçəlir. 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsi Azərbaycanın malik olduğu imkanları dünyaya təqdim etdi, növbəti uğurların əsası oldu. Azərbaycan Zəfərdən-Zəfərə addımlamaqla haqqın, ədalətin kimin tərəfində olduğunu dünyaya çatdırır. Tarixi faktlar, real həqiqətlər, onların fonunda ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasət Azərbaycanın qarşısında mövcud olan bütün maneələri dəf edir, ölkəmiz ardıcıllıqla hədəflərə nail olur.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev müstəqilliyimizin bərpasından ötən 35 ilin reallıqlarına, həmçinin ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyasının yarandığı dövrə qısa nəzər salaraq bildirdi ki, bu gün geriyə baxanda Heydər Əliyev siyasətinin uğurlarından böyük qürur hissi keçirir, belə güclü, qüdrətli ölkənin vətəndaşı olduğumuz üçün fəxr edirik. Azərbaycanın bütün uğurları Heydər Əliyev siyasətinin təntənəsidir. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar yaddaşlardadır. Azərbaycana idarəçilik qabiliyyəti olmayan, səriştəsiz ünsürlərin rəhbərliyi ölkəni müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoydu. Həmin çətin dövrdə xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalı Ümummilli Lider Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciət etdi. Həmin müraciətdə Azərbaycanı düşdüyü ağır vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyevin xilas edə biləcəyi öz əksini tapmışdı. Daim ölkəsinin, xalqının yanında olan, Azərbaycanı canından artıq sevən Ulu Öndər bu müraciətə müsbət cavab verdi. Beləliklə, 1992-ci ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi, Ümummilli Lider Heydər Əliyev partiyanın Sədri seçildi. O tarixdən Azərbaycanın həyatında yeni mərhələ başladı. Az bir müddətdən sonra Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bugünkü reallıqların əsasını qoydu.
B. Nəbiyev bildirdi ki, bu xəttin son 23 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının inkişafında yeniliklərlə diqqətdədir. Ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının Azərbaycanın hər bir uğurunda öz payı vardır. Bu gün qürurla tarixi Zəfərimizdən, suverenliyimizin tam bərpasından bəhs edirik. Bu zəfərlər Heydər Əliyev siyasətinin təntənəsidir. Ümummilli Lider Heydər Əliyev adını Azərbaycanın müstəqilliyinin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdı.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə gedən yoldan geniş bəhs edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf yolu bugünkü reallıqları yaratdı. Ulu Öndər böyük əminliklə bildirirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, üçrəngli Bayrağımız bütün Qarabağda, o cümlədən Şuşada, Xankəndidə dalğalanacaq. Bu əminliyə əsas verən bir tərəfdən haqqın, ədalətin, beynəlxalq hüququn Azərbaycanın tərəfində olması, digər tərəfdən isə dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti idi. Bunun üçün 35 illik müstəqillik tarixinə malik olan Azərbaycanın bu gün haradan haraya gəlib çıxdığına diqqət yetirmək kifayətdir. Azərbaycan müstəqilliyini itirmək təhlükəsini yaşayan ölkədən müstəqilliyi dönməz, daimi olan, dünyaya Günəş kimi doğan ölkəyə çevrildi. Ulu Öndər Heydər Əliyev ilk gündən bu çağırışı etdi ki, bu çətin günlər keçib gedəcək, hər bir azərbaycanlı belə güclü, qüdrətli ölkənin vətəndaşı olmağı ilə fəxr edəcək. Təbii ki, elə də oldu. Ulu Öndər qısa müddətdə Azərbaycanı sabit, tərəqqi edən ölkəyə çevirdi, iqtisadi resurslardan səmərəli istifadə təmin edilərək “Əsrin müqaviləsi” imzalandı. Qürurvericidir ki, 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi və siyasi müstəqilliyi təmin edildi, bundan 29 il sonra 2023-cü ilin 20 sentyabr tarixində suverenliyimiz tam bərpa olundu. Ümummilli Liderin neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı bütün sahələrdə daha da gücləndirdi. Göründüyü kimi, atılan hər bir addım əvvəlki addımın məntiqi davamıdır.
Vüqar Rəhimzadə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, böyük səyləri nəticəsində Azərbaycanın tarixi Zəfərindən, suverenliyimizin bərpasından bəhs edərək bildirdi ki, hər günü bir qəhrəmanlıq dastanı olan Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bildirdi ki, Anım Günümüz qürur, Zəfər günümüzdür. Müzəffər ordumuzun yazdığı tarix qalib Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir. Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçmiş bütün Vətən övladlarının xatirəsi bu gün hörmət və ehtiramla yad edilir. Xalqımız Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadır və yaşadacaq. Onların Vətən sevgisi hər birimiz üçün örnək olaraq qalacaq. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmrini böyük ruh yüksəkliyi ilə qarşılayan Vətən övladları silaha sarılaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıq, şücaət nümayiş etdirdilər. Onları vətənpərvərlik ruhunda böyüdən, əsl vətəndaş kimi yetişdirən analarımıza minnətdarıq. Vətən, torpaq uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın hər biri qəhrəmanlıq dastanını yazdı. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı tariximiz olan 44 günlük İkinci Qarabağ müharibəsindən bəhs edərkən gənclərimizin Vətən, torpaq sevgisini xüsusi qeyd edir.
Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev, şəhid anaları - Rəhilə Mustafayeva və Rəna Kərimova çıxışlarında tarixi Zəfərimizdən, suverenliyimizin bərpasından böyük qürur hissi ilə danışdılar. Bildirdilər ki, bu gün dünyaya qalibiyyəti, zəfərləri ilə səs salan Azərbaycan hər bir azərbaycanlının qürur mənbəyidir. 44 günlük Vətən müharibəsi bir daha təsdiqlədi ki, Vətənə, torpağa sevgi qalibiyyətin əsasıdır.
Sonda Anım Gününə həsr olunan videoçarx nümayiş olundu.
Yeganə Əliyeva,
Vüsal Cahanov (foto), “İki sahil”
Bərdə, Tərtər və Goranboyda ağsaqqalların hesabat-seçki konfransları keçirilib - FOTO
Vüsal Nəsirli Hacıqabul rayonu və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib