Azərbaycan süni intellektin inkişafı və tətbiqi üçün zəruri infrastruktur, enerji və rəqəmsal bağlantı imkanlarına malikdir.
“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
O bildirib ki, süni intellektin sürətlə tətbiqi ilə yanaşı, bu texnologiyaların təhlükəsiz və məsuliyyətli şəkildə inkişaf etdirilməsi və istifadəsi üçün uyğun mühitin yaradılması da vacibdir.
“Bu, infrastruktur, insan kapitalı, kibertəhlükəsizlik, tənzimləmə və əlbəttə ki, investisiyaları əhatə edən əlaqələndirilmiş yanaşma tələb edir”, - deyə R.Həsənov qeyd edib.
Nazir müavini bildirib ki, ölkələr artıq süni intellekt üzrə strategiyaların hazırlanmasına daha çox diqqət yetirirlər. Onun sözlərinə görə, 2019-cu ildə dünyada təxminən 30 ölkənin süni intellekt strategiyası olduğu halda, hazırda bu strategiyaları qəbul edən ölkələrin sayı 100-ü ötür.
“Bu gün söhbət yalnız strategiyanın mövcudluğundan getmir. Əsas məsələ onun nə qədər sürətli və keyfiyyətli icra edilməsidir. Beləliklə, kəşf mərhələsi tədricən icra mərhələsi ilə əvəz olunur”, - deyə o vurğulayıb.
R.Həsənov Azərbaycanın hazırda süni intellekt və rəqəmsal transformasiya sahəsində yeni mərhələyə daxil olduğunu bildirib.
“Azərbaycan üçün doğru zamandır. Biz infrastruktur və süni intellektə investisiyaların vahid gündəliyə çevrildiyi mərhələyə daxil oluruq”, - deyə nazir müavini bildirib.
O qeyd edib ki, istənilən strategiya və transformasiya ilk növbədə vizyon və yüksək səviyyəli strategiyadan başlayır. Onun sözlərinə görə, Azərbaycan son illərdə rəqəmsallaşma və inkişaf istiqamətində bir sıra mühüm milli strategiya sənədləri qəbul edib.
R.Həsənov rəqəmsal inkişaf üzrə tədbirlər planının dörd əsas istiqaməti və 56 təşəbbüsü əhatə etdiyini bildirib.
“İndi bizim vəzifəmiz bu strategiyanı icraya çevirməkdir. Sevindirici haldır ki, biz sıfırdan başlamırıq, mühüm və güclü təməllərimiz var”, - deyə o əlavə edib.
Nazir müavininin sözlərinə görə, Azərbaycanda dövlət və ictimai sektorun rəqəmsallaşdırılması artıq yüksək səviyyədədir. O, “myGov” platformasının istifadəçilərinin sayının 4 milyondan çox olduğunu bildirib.
“10 milyon əhalisi olan ölkə üçün ‘myGov’ platformasında 4 milyon istifadəçinin olması dövlət xidmətlərinin rəqəmsallaşdırılması baxımından çox yaxşı başlanğıcdır. İlin sonuna qədər bu göstəricini 5 milyona çatdırmağı planlaşdırırıq”, - R.Həsənov deyib.
O qeyd edib ki, bir sıra dövlət xidmətləri artıq rəqəmsallaşdırılıb və digər xidmətlərin rəqəmsallaşdırılması istiqamətində işlər davam etdirilir.
Nazir müavini bildirib ki, dövlət qurumları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə rəqəmsallaşma üzrə yol xəritələri qəbul edib və həmin yol xəritələrinin icrası istiqamətində iş aparılır. Onun sözlərinə görə, dövlət informasiya texnologiyaları sistemlərinin “G-Cloud” dövlət buluduna keçirilməsi də davam edir və prosesin 2027-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. “Bu, dövlət informasiya sistemlərinin inteqrasiya olunmuş dayanıqlılığının təmin edilməsi istiqamətində əhəmiyyətli addım olacaq”, - deyə R.Həsənov vurğulayıb.
Nazir müavini Azərbaycanın süni intellektdən yalnız danışmadığını, artıq bu texnologiyanın dövlət qurumlarında tətbiqinə başlanıldığını bildirib.
“Artıq süni intellektdən danışmaqdan onun tətbiqinə keçirik. Dövlət qurumlarında süni intellektin real istifadə nümunələri mövcuddur. Bunlara təhsil sistemində tələbə sistemi, süni intellekt əsaslı kibertəhlükəsizlik mərkəzi, kənd təsərrüfatında bitki xəstəliklərinin proqnozlaşdırılması və vətəndaşların müraciətlərini cavablandıran ‘myGov’ süni intellekt köməkçisi daxildir”, - deyə o qeyd edib.
R.Həsənov bildirib ki, süni intellekt üzrə tədqiqatların inkişaf etdirilməsi üçün yüksək hesablama imkanlarının yaradılması da əsas prioritetlərdəndir.
“Yüksək hesablama imkanları etibarlı enerji, bağlantı və fiziki məkan tələb edir. Azərbaycan isə bu üç istiqamətin hər biri üzrə imkanlara malikdir”, - deyə nazir müavini bildirib. Onun sözlərinə görə, Azərbaycanın Avropa ilə Asiya arasında strateji mövqeyi, ölkə üzrə fiber-optik şəbəkənin geniş əhatəsi və təxminən 2 QVt həcmində artıq elektrik enerjisi gücü süni intellekt və məlumat mərkəzlərinin inkişafı üçün mühüm imkanlar yaradır. R.Həsənov Ələt Azad İqtisadi Zonasında məlumat mərkəzinin yaradılması üzrə işlərin də davam etdiyini bildirib.
“Biz artıq Ələt Azad İqtisadi Zonasında məlumat mərkəzinin yaradılması ilə bağlı danışıqların yekunlaşdırılması mərhələsindəyik. Bu ideyanı reallaşdırmaq üçün bir çox hipermiqyaslı məlumat mərkəzi və bulud şirkətləri ilə uzunmüddətli və mühüm müzakirələr aparmışıq”, - deyə o bildirib.
Nazir müavini qeyd edib ki, bu yanaşmanın əsas məntiqi enerjinin hesablama gücünə, hesablama gücünün süni intellekt və rəqəmsal xidmətlərə, həmin imkanların isə yüksək əlavə dəyər yaradan ixraca çevrilməsidir.
SOCAR beynəlxalq fəaliyyətinin genişləndirilməsi üçün "Brookfield" ilə əməkdaşlıq edəcək
Elnur Bağırov: Azərbaycan əlverişli coğrafi mövqeyə, sənaye platformalarına və güclü regional əlaqəliliyə malikdir
Azərbaycanın istehsal, investisiya, logistika üzrə regional platformaya çevrilməsini istəyirik
Mikayıl Cabbarov: 2027-2030-cu illərdə iqtisadiyyatın şaxələndirilməsi əsas prioritet olacaq