23 sentyabr 2026 11:42
70

Ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaq

“İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan daim dayanıqlı inkişafı ilə diqqətdədir. Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi liderliyini qoruması da bunun bariz nümunəsidir. Ölkəmizin malik olduğu resurslardan səmərəli istifadə etmək üçün atdığı addımlar davamlı xarakter daşıyır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları enerji sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafında da özünün aydın ifadəsini tapır. Azərbaycanın hərtərəfli inkişafını şərtləndirən əsas amillərdən biri kompleks tədbirlərin həyata keçirilməsidir. Belə ki, hər bir sahənin inkişafı ilə bağlı konkret Dövlət Proqramları qəbul edilir və uğurla icra olunur. Hədəfə yüksək səviyyədə nail olmağın icra mexanizmləri həmin sənədlərdə öz əksini tapır. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bir daha bu reallıqlara diqqət yönəldildi. Dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır”, “Neft kapitalını insan kapitalına çevirək!” kimi hədəflər artıq reallığa çevrilib. Bu hədəflərə nail olmaq üçün Regional inkişaf  proqramları  qəbul edildi. Birinci Proqram 2004-cü ilin əvvəlində qəbul edilib. Bu, 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra qəbul edilmiş ən önəmli Proqramdır. Ondan sonra bir neçə beşillik Proqram qəbul edilib. Həmin sənədlərdə hər bir bölgənin malik olduğu potensial və onlardan səmərəli istifadəni təmin etmək üçün icra mexanizmləri öz əksini tapmışdı. Bölgələrdə infrastruktur layihələrinin icrası prioritet məsələ kimi diqqətdədir. Bu layihələrin icrası bu gün də davam edir. Cənab İlham Əliyev bunu şərtləndirən mühüm amillərdən biri kimi əhalinin, məşğulluğun, iqtisadiyyatın artmasını xüsusi qeyd edir.  Dövrün, zamanın tələblərinə uyğun olaraq daim mövcud proqramlara əlavələr edilir, yaxud yeni sənədlər qəbul olunur. Hər bir Dövlət Proqramında regionların inkişafının vacibliyi xüsusi vurğulanır”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi istiqamətlərdən geniş bəhs edib: “Tarixi Zəfərimizdən sonrakı dövrə nəzər salsaq görərik ki, bir neçə Dövlət Proqramı qəbul olunub. Bütün proqramlar çox konkret, qısamüddətlidir. Əsas məqsədə çatmaq üçün həm dövlət büdcəsində növbəti illər üçün maliyyə təminatı, həm də investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Qəbul edilmiş proqramlarda ilk növbədə, üç əsas istiqamət diqqətdə saxlanılır. Bu, kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatıdır. Dövlət proqramlarının uğurlu icrası həm ölkə iqtisadiyyatını gücləndirəcək, həm də əhalinin sosial vəziyyətini daha da yaxşılaşdıracaq.  Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına xidmət edəcək Dövlət Proqramı da qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rol oynayacaq. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə diqqəti bu ilin aprel ayında imzaladığı “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncama yönəldərək bildirdi ki, bu aylar ərzində Proqram üzərində hazırlıq işləri gedirdi. Proqram bu gün bizə və Azərbaycan ictimaiyyətinə təqdim olunacaq. Bu sahə ölkə iqtisadiyyatı, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün çox perspektivli sahədir. Maliyyətutumlu sahədir, eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaq. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək. İşğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun inkişafı, orada məşğulluğun artırılması daha sürətlə gedəcək. Güclü ixrac potensialı yaradılacaq”.

Malik Həsənov vurğulayıb ki, ölkədə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin xammaldan son məhsula qədər dəyər zənciri üzrə inkişafının sürətləndirilməsi, mineral resurslardan səmərəli istifadə olunması və yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi, habelə metallurgiya məhsullarının ixrac potensialının artırılması məqsədilə imzalanan həmin Sərəncamda qeyd edildiyi kimi,  ötən illərdə həyata keçirilən islahatlar nəticəsində alüminium, qızıl, gümüş və misin sənaye istehsalının əsasları formalaşdırılmış, metal filizi ehtiyatlarının bir hissəsi sənayedə istifadəyə yönəldilib. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə nəcib və əlvan metal yataqları üzrə sənaye hasilatı təşkil edilib, müasir emal infrastrukturu qurulub. Daşkəsən və Gədəbəy rayonlarında filiz emalı müəssisələrinin yenilənməsi, habelə işğaldan azad edilmiş ərazilərdə perspektivli yataqların istismara verilməsi dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin istehsal və ixrac imkanlarını genişləndirib. Qərb Sənaye Parkının yaradılması dəmir filizi ehtiyatlarının emalını genişləndirməyə və metallurgiya sənayesində dəyər zəncirini dərinləşdirməyə imkan yaradır. Azərbaycanın zəngin mineral ehtiyatları, rəqabətqabiliyyətli enerji təminatı, sənaye təşviqi mexanizmləri və Orta Dəhliz üzərində yerləşməsi əlaqəli sənaye sahələrinin də dayanıqlı inkişafı üçün əlverişli şərait yaradır.

Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev müşavirədə Azərbaycanda dağ-mədən sənayesinin həm obyektiv, həm də  subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etmədiyini də diqqətə çatdırdı: “Sovet dövründə  aşkar edilmiş  bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi. Təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi. Sovet vaxtında müəyyən dərəcədə kəşfiyyat işləri aparılsa da o zaman Azərbaycanda bu sahə  prioritet deyildi. Əsas diqqət göstərilən sahə neft sənayesi idi. Cənab İlham Əliyev vurğuladı ki, bu səbəbdən bir çox  perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Əsas hədəflərdən biri işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınmasıdır. Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Digər məsələ isə  mövcud yataqların  tam təhlil edilib müasir geoloji üsullarla oradakı ehtiyatların tam dəqiqləşdirilməsidir. Perspektivli bölgə kimi Naxçıvan Muxtar Respublikasını da diqqətə çatdıran dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, burada da sovet, həmçinin son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmamışdır. Ona görə də böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq  gələn ildən başlayacaq”.

Malik Həsənov dağ-mədən və metallurgiya sənayesinin  prioritetliyinin təsdiqi olan bu mühüm məqama da diqqəti yönəldib ki, 2023-cü ilin oktyabr ayında Bakıda Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçirildi: “Forum  Azərbaycanın dağ-mədən sənayesinin bu sahədə dünyada mövcud yeni yanaşmalara uyğunlaşdırılması  baxımından böyük əhəmiyyət kəsb etdi. Dağ-mədən sənayesində hesabatlılıq və investisiya trendləri, geoloji kəşfiyyat işlərində yeni metodologiya və konseptual modelləşdirmə, dağ-mədən sənayesinin ətraf mühitə təsirləri kimi mövzular forumun gündəliyində yer alaraq geniş müzakirə edilmişdir.  Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda dövlət sektorları, alimlər, investorlar və özəl dağ-mədən şirkətlərinin nümayəndələri olmaqla 30-a yaxın ölkədən 70 ekspert iştirak etmişdir. Bu kimi faktlar Azərbaycanın hər bir sahədə böyük potensiala malik olduğunu, bununla bağlı dövrün çağırışlarını özündə ehtiva edən müzakirələrin aparılmasına ev sahibliyi etmək imkanlarını bir daha təsdiqləyir”.

Millət vəkili ümumiləşdirilmiş şəkildə qeyd edib ki, dağ-mədən və metallurgiya sənayesi ölkəmizdə qeyri-neft sektorunun inkişafında mühüm istiqamətlərdən birinə çevrilməklə yanaşı, eyni zamanda, bu sahədə Azərbaycanın dünya iqtisadiyyatında  mövqelərini möhkəmləndirəcək.