23 sentyabr 2026 15:05
121

2027–2030-cu illər Dövlət Proqramı: Azərbaycanın mineral-xammal potensialı yeni inkişaf mərhələsində

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələyə  başlayır. 2027–2030-cu illər üçün dağ-mədən (filiz) və metallurgiya sənayesinin inkişafı üzrə Dövlət Proqramında məhz belə bir yanaşma qoyulub.  Prezident İlham Əliyev proqramın hazırlanması və həyata keçirilməsi haqqında Sərəncamı aprelin 1-də imzalayıb  və sentyabrın 22-də onun sədrliyi ilə qarşıda duran işlərin əsas istiqamətlərinin müəyyən edildiyi müşavirə keçirildi. Məqsəd sadəcə hasilatı artırmaq deyil, ölkənin mineral-xammal bazasından maksimum dərəcədə istifadə etmək və ölkə daxilində mümkün qədər uzun istehsal zənciri yaratmaqdır. Azərbaycan üçün bu, xüsusilə iqtisadiyyatın şaxələndirilməsi kontekstində vacibdir. Neft-qaz sektoru uzun müddət ölkənin ixrac gəlirlərinin əsası olaraq qalsa da, ağır  sənayenin digər istiqamətlərinin inkişafı yeni artım mənbələri yaratmaqla istehsal və ixrac strukturunu genişləndirməyə imkan verir.

Mövcud vəziyyətin tamamilə konkret tarixi səbəbi vardır. Azərbaycanın perspektivli mineral-xammal bazasının əhəmiyyətli hissəsi uzun illər erməni işğalı altında olan ərazilərdə yerləşirdi. Orada təbii sərvətlər qanunsuz istismar obyektinə çevrilmişdi: yataqlar vəhşicəsinə işlənilir, çıxarılan xammal isə Azərbaycanın hüdudlarından kənara daşınırdı. Müşavirədə çıxışı zamanı Prezident İlham Əliyev bu məsələyə diqqət edərək bildirdi ki: "Təəssüf ki, Azərbaycanda dağ-mədən sənayesinin inkişafı həm obyektiv, həm də subyektiv səbəblərdən lazımi səviyyəyə çatmamışdı. Obyektiv səbəb ondan ibarətdir ki, sovet dövründə aşkar edilmiş bir çox yataqlarımız işğal olunmuş bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçı siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii sərvətlərinin talan edilməsini davam etdirirdi. Təsəvvür etmək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında Ermənistan dövləti tərəfindən 60 min hektar meşə fondu məhv edilmiş, talan edilmiş, kəsilib satılmışdır və İkinci Qarabağ müharibəsindən sonra da məhz erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarını tərk etməli olduğu dövrdə – onlara iki-üç həftə vaxt verilmişdi – həmin dövrdə meşələr yandırılmışdı". "O cümlədən bizim təbii sərvətlərimiz də – qızıl, mis, molibden yataqları da talan edilmişdir", – deyə dövlət başçısı vurğulamışdı.

Bugünkü vəziyyət isə prinsipcə tamamilə başqadır. Ərazilərin azad edilməsi təkcə infrastrukturun bərpasına və Qarabağ və Şərqi Zəngəzur rayonlarının ölkənin iqtisadi məkanına qaytarılmasına deyil, həm də təbii sərvətləri yeni istehsalatların əsasına çevirmək məqsədilə onların resurs potensialının tammiqyaslı qiymətləndirilməsinə imkan yaratmışdır. Məhz azad edilmiş ərazilər qarşıdakı işin əsas istiqamətlərindən biridir. Eyni zamanda, söhbət təkcə artıq məlum olan ehtiyatların mənimsənilməsindən getmir. Azərbaycan lideri onların müasir geoloji kəşfiyyat üsullarından istifadə etməklə yenidən qiymətləndirilməsini az əhəmiyyət kəsb etməyən vəzifə hesab edir.

Köhnə məlumatlar artıq resurs potensialının yekun qiymətləndirilməsi kimi nəzərdən keçirilə bilməz. Ölkə başısının da qeyd etdiyi kimi:  "Sovet dövründə müəyyən kəşfiyyat işləri aparılmışdı. Lakin o dövrdə bu bölgə, və xüsusilə Azərbaycan sovet rəhbərliyi tərəfindən bu sahədə prioritet istiqamət hesab olunmurdu. Prioritet neft sənayesi hesab olunurdu. Ona görə də bir çox yataqlarımız, yəni perspektivli yataqlar bu gün də geoloji kəşfiyyat işlərinin aparılmasını gözləyir. Bunun, əlbəttə ki, müsbət tərəfi də odur ki, bu ehtiyatlar bu gün yeraltındadır". Üstəlik, söhbət sadəcə köhnə sovet məlumatlarını götürüb yataqların işlənilməsinə başlamaqdan getmir. Ötən onilliklər ərzində kəşfiyyat texnologiyaları, ehtiyatların qiymətləndirilməsi üsulları və hasilatın səmərəliliyinə dair tələblər dəyişmişdir. Ölkə başçısının da dediyi kimi: "Eyni zamanda, biz mövcud yataqları tam təhlil etməliyik və müasir geoloji üsullarla orada olan ehtiyatları tam dəqiqləşdirməliyik. Sovet dövründə müəyyən rəqəmlər mövcud idi. Lakin o vaxtdan bəri təqribən 40 il keçib. Məlumatlar köhnəlib, üstəlik, bu gün elə yeni texnologiyalar mövcuddur ki, sovet dövründə heç kəs bunu ağlına belə gətirə bilməzdi".

Bu o deməkdir ki, proqramın ilk vəzifələrindən biri faktiki olaraq ölkənin resurs xəritəsinə yenidən baxmaqdır. Bu, başqa bir perspektiv də açır. Əgər müasir tədqiqatlar yeni əhəmiyyətli ehtiyatların aşkar edilməsinə imkan verərsə, onda söhbət resurs bazasının genişləndirilməsindən, bununla birlikdə isə yeni layihələrdən, investisiyalardan və istehsal güclərindən gedəcək. Mahiyyət etibarilə, elə bir məqsəd qoyulur ki, yeni sənaye zənciri qurulsun və orada çıxarılan filiz son məhsul olaraq qalmasın. Onun vəzifəsi ölkə daxilində mümkün qədər çox emal mərhələsindən keçərək əlavə dəyər, iş yerləri, ixrac məhsulu və vergi daxilolmaları yaratmaqdır.

Onilliklər ərzində əsasən neft-qaz sektoruna istinad edən iqtisadiyyat üçün bu, xüsusilə vacibdir. Metallurgiya və dağ-mədən sənayesinin inkişafı bu halda ayrı bir sənaye layihəsi kimi deyil, daha geniş şaxələndirmənin elementlərindən biri kimi nəzərdən keçirilir.

Birinci istiqamət kimi işğaldan azad edilmiş ərazilərdə- Qarabağ və Şərqi Zəngəzurda- artıq aşkar edilmiş yataqların işlənilməsi kimi göstərilmişdir:"İlk növbədə, işğaldan azad edilmiş ərazilərdə yerləşən yataqların tezliklə istismara verilməsindən söhbət gedir. Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarındakı qızıl, mis, molibdən yataqlarıdır. Ağdərə rayonunda artıq işlər başlanmışdır. Ümid edirəm ki, yaxın gələcəkdə Kəlbəcərdə və Zəngilanda da işlər başlanacaq və beləliklə, artıq aşkar edilmiş yataqların mənimsənilməsi başlayacaqdır".

Bununla belə, proqram təkcə məlum ehtiyatların mənimsənilməsini nəzərdə tutmur. Dövlət başçısı paralel olaraq başqa bir vəzifə də qarşıya qoyur: "İkinci istiqamət. Nəzərə alaraq ki, bu bölgədə böyük təbii sərvətlər mövcuddur, ehtimal ki, bu rayonların digər hissələrində, həmçinin qonşu rayonlarda da eyni sərvətlər vardır. Bu məqsədlə kəşfiyyat, geoloji kəşfiyyat işləri aparılacaqdır. Artıq buna start verilmişdir. Bir daha deyirəm: ən müasir texnologiyalar mövcuddur". Belə bir yanaşma azad edilmiş bölgələrin inkişaf dairəsini dəyişir. Onların iqtisadi inteqrasiyası yolların, yaşayış evlərinin, energetika və sosial infrastrukturun tikintisi ilə məhdudlaşmır. Gələcəkdə məşğulluğun və ixrac gəlirlərinin daha bir mənbəyinə çevrilməyə qadir olan sənaye tərkib hissəsi də formalaşır.

Məhz burada proqramın ən mühüm elementlөрindən biri – yataqla emal arasındakı əlaqə ortaya çıxır. Prezident bu məqsədi birbaşa ifadə etmişdir: "Əgər xarici tərəfdaşlar tərəfindən aparılan geoloji kəşfiyyat işləri nəticə verərsə, təbii ki, xarici investorlar da iştirak edəcəklər. Biz bunu alqışlayırıq, çünki təkrar edirəm, bu, çox kapital tutumlu sahədir və əgər burada əhəmiyyətli ehtiyatlara malik yeni qızıl, mis, molibdən yataqları aşkar olunarsa, bütün dövr – zənginləşdirmə və emal zənciri qurulmalıdır. Çünki bu sərvətləri sadəcə olaraq xammal şəklində dünya bazarlarına ixrac etmək, əgər onların ehtiyatları əhəmiyyətli həcmdə aşkar olunarsa, düzgün olmazdı".

Beləliklə, faktiki olaraq bu sahədə yeni sənaye siyasətinin əsas prinsiplərindən biri formalaşdırılmışdır – xammaldan deyil, daha yüksək emal dərəcəsinə malik məhsuldan daha çox ixrac etmək. İqtisadiyyat üçün bu, prinsipial fərqdir. Filiz hasilatı birinci mərhələdə dəyər yaradır. Zənginləşdirmə növbəti səviyyəni əlavə edir. Emal isə daha bir səviyyə əlavə edir. Son metalın və ya onun əsasında sənaye məhsulunun istehsalı daha uzun zəncir formalaşdırmağa imkan verir. Məhz buna görə də bu halda məsələ təkcə ölkənin neçə ton filiz çıxara biləcəyindən ibarət deyil, həm də istehsal prosesinin neçə mərhələsinin Azərbaycan daxilində həyata keçiriləcəyi məsələsi az əhəmiyyət kəsb etmir. Bununla belə, yeni proqram təkcə azad edilmiş ərazilərlə məhdudlaşmır. "Digər perspektivli bölgə Naxçıvan Muxtar Respublikasıdır. Azad edilmiş ərazilər əsas istiqamətlərdən birinə çevrilir, eyni zamanda dövlət digər bölgələrdə də yeni resurs imkanları axtarmaq niyyətindədir. "Növbəti istiqamət – Avropa qitəsində ən perspektivli yataqlardan biri hesab olunan Balakən rayonundakı "Filizçay" polimetal yatağıdır", – dövlət başçısı qeyd edir ki, bu yataq böyük potensiala malikdir və "AzerGold" şirkəti bir neçə ildir ki, onun istismara hazırlanması üzrə işlər görür. Ölkə başçımızın qeyd etdiyi kimi:" tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalıdır və yekun investisiya qərarı da qəbul edilməlidir. Mən hesab edirəm ki, “AzerGold” bu yatağın 100 faiz səhmdarı olmalıdır. İstismar getdikcə təbii ki, bu yatağın qiyməti də, dəyəri də qalxacaq. Onda biz baxa bilərik. Ola bilər, müəyyən faiz səviyyəsində, - əgər maraq olarsa, mən əminəm ki, olacaq, - xarici investorlar da bu yatağa cəlb oluna bilər”.  Burada sahəyə tətbiq edilməsi nəzərdə tutulan ümumi prinsip nəzərə çarpır – dövlət strateji layihələrə nəzarət etmək imkanını saxlayır, eyni zamanda xarici kapital da daxil olmaqla özəl kapitalın iştirakı üçün yer saxlayır.Kapital tutumlu sahə üçün bu, xüsusilə əhəmiyyətlidir. Yeni şaxta və ya mədən təkcə texnika və iş yerləri deyil. Hasilata başlamazdan əvvəl kəşfiyyatı, infrastrukturun tikintisini, yolları, enerji təchizatını, emal güclərini və ekoloji tədbirləri maliyyələşdirmək lazımdır. Buna görə də investisiya bazasının genişləndirilməsi irimiqyaslı layihələri işə salmaq qabiliyyətinə birbaşa təsir göstərir.

Əgər yataq başlanğıc nöqtəsidirsə, növbəti halqa sənaye emalı olmalıdır. Məhz buna görə yaradılması nəzərdə tutulmuş Qərbi Sənaye Parkı xüsusi yer tutur. Cənab İlham Əliyev  bununla bağlı  vurğulayır ki: "Qərbi Sənaye Parkının yaradılmasında əsas məqsəd məhz dağ-mədən sənayesinin inkişaf etdirilməsidir. Çünki "Daşkəsən" filiz yatağının istismarı və digər layihələrin qonşu rayonlarda icrası, əlbəttə ki, Qərbi Sənaye Parkının yaradılmasını şərtləndirmişdir. İlk növbədə, burada qısa müddət ərzində infrastruktur yaradılmalıdır, bunun üçün büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır. Dağ-mədən sənayesinin tam zənciri yaradılmalıdır – son məhsulun alınmasına qədər. Burada, təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur. Zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalı zavodları yaradılmalıdır".

Digər kritik məsələ isə ekologiyadır. Dağ-mədən sənayesi öz təbiətinə görə ətraf mühitə təsirlə bağlıdır. Buna görə də hasilatın artırılması eyni zamanda ekoloji nəticələrə daha sərt nəzarət tələb edir. Prezident İlham Əliyev buna xüsusi diqqət yetirir: "Maksimum ekoloji ekspertiza aparılmalı və bütün ekostandartlara əməl olunmalıdır, çünki bizim əsas sərvətimiz yeraltı sərvətlər deyil, bizim təbiətimizdir. Ona görə də biz xarici tərəfdaşlardan həm təbiətin qorunmasını, həm də ekoloji normaların ən yüksək standartlara uyğun olmasını tələb edirik və tələb edəcəyik. Əgər əməl olunmazsa, onlar cəzalandırılacaqlar. Təbii ki, dövlət şirkəti olan "AzerGold" da bütün ekoloji standartlara əməl etməlidir". Beləliklə, dövlət başçısının baxışına görə, sahənin inkişafı eyni vaxtda iki istiqamət üzrə getməlidir – təbii sərvətlərdən iqtisadi səmərəni artırmaq və sənaye mənimsənilməsinin ətraf mühitə qəbuledilməz ziyan vurmasına yol verməmək.

Diqqətçəkən məsələlərdən biri də odur ki, proqramda dağ-mədən sənayesi metallurgiyadan təcrid olunmuş şəkildə nəzərdən keçirilmir. Əksinə, onların arasında vahid istehsal sistemi formalaşdırılmalıdır. Konkret istiqamətlərdən biri alüminium istehsalının artırılmasıdır: "Hesab edirəm ki, biz bu vacib sənaye istiqamətini özümüz inkişaf etdirməliyik və qəbul edilən proqrama uyğun olaraq alüminium istehsalının həcmi 100 min tona çatdırılmalıdır. Burada müddət, necə ki dedim, 2030-cu ilin sonuna qədərdir.  Burada da bir neçə zavod yaradılacaqdır". Dövlət başçısı qeyd etmişdir ki,  "hərçənd xarici tərəfdaşlardan müəyyən təkliflər var idi, onlar reallaşmadı, çünki biz milli iqtisadiyyata fayda gətirməyə qadir mexanizmlərin tətbiqinə maksimum çalışırıq". Bu, proqramın ümumi məntiqinə uyğundur – sadəcə istehsal həcmini artırmaq deyil, ölkə daxilində daha dərin sənaye zənciri formalaşdırmaq. Bu mənada dağ-mədən sənayesi və metallurgiya bir-birini tamamlaya bilər. Yeni yataqlar xammal bazası, emal müəssisələri sənaye yükü, metallurgiya istehsalatları isə emal olunmamış xammalla müqayisədə xeyli yüksək dəyərə malik məhsul buraxmağa imkan verir.

Sahənin inkişafını məhz indi aktual edən daha vacib amil mövcuddur. Dünya iqtisadiyyatı miqyaslı texnoloji transformasiya dövründən keçir. Nəqliyyatın elektrifikasiyası, energetika infrastrukturunun inkişafı, akkumulyatorların istehsalı, şəbəkələrin qurulması və yüksək texnologiyalı sahələrin inkişafı bir sıra metalların əhəmiyyətini artırır. Azərbaycan üçün bu, əlavə imkanlar pəncərəsi yaradır. Ölkə mineral-xammal bazasına, inkişaf etmiş energetika sisteminə və beynəlxalq ticarətin müxtəlif istiqamətlərini birləşdirən nəqliyyat mövqeyinə malikdir. Lakin resursların mövcudluğu özlüyündə hələ sənaye sahəsi yaratmır. Bunun üçün kəşfiyyat, investisiyalar, infrastruktur, emal gücləri, ixtisaslı kadrlar və dövlətin və biznesin iştirakının başa düşülən modeli zəruridir. Yeni dövlət proqramı da məhz bu elementlərin birləşdirilməsinə yönəlmişdir. Bununla yanaşı, digər bir aspekt də vacibdir: proqram təkcə cari iqtisadi effekt üçün nəzərdə tutulmayıb. Onun üfüqü 2030-cu ilə qədərdir, lakin onun çərçivəsində yaradılmış infrastruktur və istehsal bazası xeyli uzun müddət işləməlidir.

Azərbaycan Prezidenti proqramın iqtisadi nəticəsini təkcə hasilat həcmi ilə əlaqələndirmir – güclü yeni sənaye istiqamətinin yaradılması yeni iş yerlərinə gətirib çıxaracaqdır. İlham Əliyev konkret rəqəm səsləndirir: "5 mindən çox, bəlkə də daha çox yeni iş yeri yaradılacaqdır". Digər gözlənilən nəticə isə vergi daxilolmalarının artması və güclü ixrac potensialının formalaşdırılmasıdır. Müşavirədə maliyyə effektinin ilkin qiymətləndirilməsi də səsləndirilmişdir: "Ola bilər, indi bu barədə danışmaq hələ tezdir. Lakin gözlənilən illik müsbət maliyyə effekti bir milyard manatdan çox olmalıdır. Mən yekun rəqəmi demək istəmirəm. Ancaq bunlar milyardlarla manatla ölçülə bilən layihələrdir". Eyni zamanda, söhbətin məhz gözlənilən effektdən getməsi vacibdir – onun faktiki miqyası geoloji kəşfiyyatın nəticələrindən, təsdiq edilmiş ehtiyatların həcmindən, müəssisələrin tikinti müddətlərindən, metalların dünya qiymətlərindən, investisiya qərarlarından və istehsalatların özlərinin səmərəliliyindən asılı olacaqdır.

Bu gün Azərbaycan onilliklər ərzində əlçatmaz qalan yataqları sadəcə iqtisadi dövriyyəyə qaytarmır. Eyni zamanda ölkə öz mineral-xammal bazasını yenidən qiymətləndirmək, yeni sahələrin kəşfiyyatını aparmaq, emal infrastrukturu yaratmaq, metallurgiyanı inkişaf etdirmək və hasilatı istehsalla əlaqələndirmək niyyətindədir. Bu, artıq bir yatağın və ya bir zavodun tarixi deyil. Bu, bütöv bir sənaye sistemi formalaşdırmaq cəhdidir. Və burada ardıcıllıq xüsusilə vacibdir: əvvəlcə geologiya və kəşfiyyat, sonra hasilat, ondan sonra isə zənginləşdirmə, emal, metallurgiya və hazır məhsul buraxılışı. Bu zəncir ölkə daxilində nə qədər uzun qalarsa, o, bir o qədər çox iqtisadi fəaliyyət yarada bilər.

Bu yeni sənaye siyasətinin arxasında Prezident İlham Əliyevin uzaqgörən strategiyası dayanır. Dövlət başçısı bu siyasəti vahid bir sistem kimi formalaşdırır ki, burada resurs potensialı, energetika, infrastruktur, sənaye və ixrac bir məqsədə – Azərbaycanın iqtisadi müstəqilliyinin gücləndirilməsinə xidmət edir. Məhz bu kursun ardıcıllığı dövlət başçısının qərarlarını konkret yataqlara, müəssisələrə, investisiyalara və yeni iş yerlərinə çevirməyə imkan verir. Ölkəmizin inkişafının növbəti mərhələsini Prezident İlham Əliyev artıq müəyyən etmişdir: ölkənin təbii sərvətləri istehsalın, yüksək əlavə dəyərin və uzunmüddətli iqtisadi artımın mənbəyinə çevrilməlidir.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor