22 sentyabr 2026 23:36
71

Ağacı içindən yeyən qurdlar...

Yaşadığımız indiki narahat zamanda təhlükəsizlik hər bir xalq üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu məsələ bir çox dövlətləri narahat edir, vəziyyətdən çıxış yolları aranır, hazırlıqlar aparılır.

“Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıca tendensiyadır”.

Bu fikri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bildirib.

Dövlət başçısı vurğulayıb ki, buna zərər vurmağa çalışan hər kəs və hər şey cəmiyyətimiz tərəfindən son dərəcə mənfi qarşılanır. Lakin bu, bütün işləri başa çatdırdığımız anlamına gəlmir, çünki ölkələrimizdə sabitliyi pozmaq cəhdləri davam etdiriləcək.

Prezident İlham Əliyevin bu çıxışından az sonra (DTX) Dövlət Təhlükəsizliyi Xidməti bir neçə ölkədə antiterror əməliyyatı keçirib, Azərbaycanda terakt planlaşdıran, nüfuzlu ictimai və din xadimlərini öldürmək istəyən dəstəni ələ keçirib.

Bəs Prezident sabitliyi pozmaq istəyən qüvvələr dedikdə kimləri nəzərdə tutur? Ölkəmizə hansı təhlükələr var? Azərbaycanda «xain, antimilli, satqın strukturlar» dedikdə söhbət hansı qüvvələrdən gedir?

 Nəzərə alaq ki, Azərbaycan cəmiyyəti siyasi baxımdan yetkin bir cəmiyyətdir. Ona görə də uzun illərdir ən müxtəlif təxribatlara qarşı mübarizə aparır. Ancaq məsələ ondadır ki, Azərbaycanın güclü olmasını istəməyən çoxsaylı dairələr var. Onlar öz xalqına və dövlətinə qarşı casusluq edərək mühüm məlumatları ölkə xaricinə satırlar. Bunların bir isə qismi Azərbaycandan kənarda mövcud olan təşkilatlanmış marjinal qruplaşmalardır. Digər qismi isə onlarla bərabər sinxron fəaliyyət göstərən əslən azərbaycanlı olub, amma düşüncə və fəaliyyət etibarilə Azərbaycana qarşı düşmənçilik edənlərdir. Hamısının yeganə məqsədi Azərbaycanın müstəqilliyini düşmənlərin əlinə vermək, hakimiyyəti gücsüzləşdirmək və ölkəni parçalamaqdır.

2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində Daxili İşlər Nazirliyi tərəfindən xüsusi əməliyyat keçirilmişdi. Polisə atəş açmaqla baş vermiş silahlı qarşıdurmada 3 nəfər polis əməkdaşı, 4 nəfər “din xadimi” öldürülmüşdü. Avtomat və tapançalarla silahlanmış “din xadimlərinə” “Müsəlman Birliyi Hərəkatı”nın sədri, “ilahiyyatçı” Taleh Bağırzadə komandirlik edirdi. Müsəlman və ya ilahiyyatçı  beləmi olur? Əslində Taleh Bağırzadə və tabeliyindəkilər xarici terrorçu qüvvələrin kuklaları idi.  Hadisə nəticəsində gərgin vəziyyət qəsəbədə aylarla narahatlıq yaratdı. Qısaca desək, onlar pula, dəbdəbəli həyata görə lənətlə xatırlanan ölümü haqq etdilər.

Bundan xeyli əvvəl-2008-ci sentyabrın 6-da DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları” adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyev Qusar rayon sakinləri-Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girmişdilər. Onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində gizli yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri döyüş ləvazimatları ilə doldurmaları müəyyən olunmuşdu.

İlkin mərhələdə qruplaşma üzvü olan Əlipaşa Kamilovun yeri müəyyən edildikdən sonra istintaqa cəlb edilməsi məqsədilə keçirilmiş əməliyyat zamanı o, Qusar şəhərində gizləndiyi ünvanda xüsusi təyinatlı əməkdaşlara silahlı müqavimət göstərərək 2 ədəd “RGO-78” markalı əl qumbarası atmış, nəticədə xüsusi təyinatlılardan biri yaralanmışdı, Əlipaşa Kamilov isə zərərsizləşdirilmişdi.

Bu tipli şəxslərin bir qismi dolayı və birbaşa vasitələrlə erməni lobbiləri ilə əlaqədədir, başqa bir qismi isə müxtəlif güzəştlər müqabilində Qərbə sığınaraq oradan Azərbaycana qarşı iftira yağdıranlardır. Onlar İslam dinini gözdən salmaq və ləkələmək üçün terror aktları törətməklə və müsəlmanların üzərinə atmaqla məşğuldurlar.

Bu şəxslərin bir çoxunun müxtəlif sahələrdə illər boyu davam etdirdikləri çirkin əməllərindən xəbərimiz var. Azərbaycan mətbuatının qara yaraları olan Qənimətlər, Sevinclər, Mehmanlar, Qabillər və digər onlar kimilər düşmən qruplaşmalara satqın xidməti göstərən və zəhərli ideyalar verənlərdir. Ona görə də bu cür qruplaşmalara qarşı mübarizə dünən də olub, bu gün də var, sabah da olacaq. Əsas məsələ ondadır ki, həm dövlətimiz, həm də xalqımız bu cür ünsürlərə qarşı barışmaz mübarizə aparır və aparacaqdır.

Azərbaycan Prezidenti də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik katibləri ilə görüşdə də bu məsələyə toxundu. Belə fikir birliyi oldu ki, terrorçuluğa qurşanmış həmin dəstələr ifşa edilib sıradan çıxarılmalıdır. Bütün dünya bilir ki, azərbaycanlılar dinc xalqdır və burada terrorçuluq meyilləri yoxdur. Bu meyillər son illərdə Azərbaycana da yol tapıb. Belələrinə qarşı  TDT-nin təhlükəsizlik qüvvələrinin koordinasiya olunmuş fəaliyyəti effekt verəcəkdir. Yəni yolunu azmış qruplar, casusluğa və terrora qurşanmış ünsürlər elliklə mübarizənin qarşısında duruş gətirə bilməzlər.

Vəli İlyasov, “İki sahil”