22 sentyabr 2026 21:25
118

Dəyişən dünyada güc amili

Bu gün dünya tamamilə dəyişib və güc amili ön plana çıxıb. Dünyanın “Kim güclüdür, o da haqlıdır” prinsipi ilə idarə olunması artıq sirr deyil. Elə bu səbəbdən bir çox hallarda beynəlxalq hüquq pozulur.

Qlobal siyasətdə “güc” anlayışı daha geniş məzmun daşıyır. Buraya hərbi qüdrətlə yanaşı, iqtisadi dayanıqlıq, enerji resursları, nəqliyyat və logistika imkanları, texnoloji inkişaf, diplomatik əlaqələr və beynəlxalq əməkdaşlıq imkanları daxildir. Başqa sözlə, müasir dövrdə dövlətin gücü bir komponentlə deyil, müxtəlif imkanların və resursların məcmusu ilə müəyyən olunur. Bu baxımdan Azərbaycanın son illərdə əldə etdiyi nəticələr ölkənin müxtəlif güc komponentlərinin paralel şəkildə inkişaf etdirdiyini göstərir.

2020-ci ildə ərazi bütövlüyünün bərpası ilə nəticələnən Vətən müharibəsi Azərbaycanın hərbi potensialının və dövlət iradəsinin mühüm göstəricilərindən biri kimi tarixə düşüb. Sonrakı mərhələdə 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində Qarabağda separatçı silahlı qüvvələrin fəaliyyəti dayandırılıb. Bununla da Azərbaycan ərazisində qanunun aliliyi və konstitusiya quruluşu bərpa edilib, dövlət suverenliyinin tam bərpası təmin olunub. Həm də regionda yeni təhlükəsizlik reallığı formalaşıb. Bu gün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh gündəliyinin irəlilədilməsi istiqamətində proses davam edir. Eyni zamanda, Azərbaycan müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və müasir hərbi imkanlarının inkişafına da diqqət yetirir.

Şübhəsiz, bütün bu uğurlarda iqtisadiyyatımızın kifayət qədər payı vardır. Çünki güclü iqtisadiyyat dövlətə müdafiə qabiliyyətini artırmaqla yanaşı, genişmiqyaslı infrastruktur layihələrini həyata keçirmək, sosial proqramları maliyyələşdirmək, yeni istehsal sahələri yaratmaq və beynəlxalq layihələrdə iştirak etmək imkanı verir. Bu sırada enerji amili xüsusi yer tutur. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verən ölkələrdən biridir. Son məlumatlara görə, Azərbaycan qazı artıq 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı üzvünə çatdırılır. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Bu göstərici Azərbaycanın enerji sahəsindəki mövqeyinin və Avropa enerji bazarındakı rolunun genişləndiyini göstərir.

Azərbaycanın bərpaolunan enerji potensialının inkişaf etdirilməsi enerji siyasətində yeni istiqamət formalaşdırır. Şübhəsiz, Xəzər dənizinin külək potensialından istifadə, günəş enerjisi layihələri və yaşıl enerji dəhlizlərinin yaradılması ilə bağlı təşəbbüslər Azərbaycanın enerji gücünün gələcəkdə yalnız neft və qazla məhdudlaşdırmayacağından xəbər verir.

Müasir beynəlxalq münasibətlərdə diplomatik güc də dövlətin ümumi güc potensialının mühüm komponentidir. Azərbaycanın Türkiyə ilə müttəfiqlik münasibətləri, Mərkəzi Asiya dövlətləri ilə genişlənən əlaqələri, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı, eləcə də ABŞ, Çin və digər tərəfdaşlarla münasibətləri xarici siyasətin çoxşaxəli xarakterini göstərir. Bu baxımdan 10 fevral 2026-cı ildə Azərbaycan ilə ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası xüsusi əhəmiyyət daşıyır. Sənəddə regional bağlantı, enerji, ticarət və tranzit, iqtisadi investisiyalar, süni intellekt və rəqəmsal infrastruktur, həmçinin təhlükəsizlik əməkdaşlığı əsas istiqamətlər kimi müəyyənləşdirilib. Xartiyada Azərbaycanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyəti də xüsusi qeyd olunur.

Nəqliyyat və logistika imkanları da Azərbaycanın güc potensialının mühüm istiqamətlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçməsi Azərbaycanın regional tranzit imkanlarını artırır. Bu baxımdan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi də Azərbaycanın iqtisadi və geosiyasi əhəmiyyətini artıran amillər sırasında yer alır. Bu məqamda Prezident İlham Əliyevin bu sözlərini xatırlatmaq da yerinə düşər: “Azərbaycan artıq ortasəviyyəli gücə çevrilir”.

Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri bu güc komponentlərinin hər birini daha da inkişaf etdirmək və onların yaratdığı imkanları ölkənin milli maraqları ilə uzlaşdırmaqdır. Görünən odur ki, hazırda rəsmi Bakı bu işin öhdəsindən uğurla gəlir. Onu da qeyd edək ki, bugünkü dünyada güclü dövlət olmaq yalnız öz maraqlarını qorumaq demək deyil. Bu eyni zamanda ölkəmizin regional sabitliyə, iqtisadi əməkdaşlığa və təhlükəsizliyə töhfə vermək məsuliyyətini də artırır. Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın bərqərar olunması istiqamətində real addımlar atması da bunu bir daha təsdiq edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”