21 sentyabr 2026 13:07
123

Həkəri ilə 35 il sonra... - FOTO

Arazın qoynundan ayrılıb öz yolunu tutan Həkəri çayını sonuncu dəfə görəndə hələ torpaqlarımızdan ayrılmamışdıq...
İşğaldan təxminən bir-iki il əvvəl idi.   Zəngilanda ezamiyyətdə  olanda Həkərinin şırhaşır axan sularına əllərimi salmış, o saf sudan üzümə çiləmişdim. O zaman bilmirdim ki, bu, Həkəri ilə son görüşlərimdən biri olacaq. Bilmirdim ki, qarşıda otuz beş illik bir həsrət dayanıb...
Sentyabrın 18-də Laçına səfərimiz zamanı yenidən Həkərinin sahilinə gəldim.

Otuz beş il...

İnsan ömründə nə qədər uzun, bir çayın ömründə isə nə qədər qısa bir zaman...
Sahilində dayanıb Həkəriyə baxdım. Elə bil qarşımdakı sadəcə çay deyildi. Elə bil illər boyu içimdə yaşatdığım bir xatirə, bir doğma səs, bir nisgil gəlib qarşıma çıxmışdı.
Həkəri bu dəfə mənə daha sakit göründü...
Sanki o da otuz beş ilin yorğunluğunu daşıyırdı. Amma yenə də axırdı — sakit, təmkinli, ləyaqətlə... Suyunun şırhaşır səsi ruhumuza sərinlik gətirir, illərin susqunluğunu yuyub aparırdı.
Ay Həkəri...
Səni yenidən görmək necə qəribə hiss imiş...
Sanki sən məni tanıdın. Sanki o illər ərzində heç ayrılmamışıq. Sularınla illərin o tayından mənə bir salam gətirdin. Mən də sahilində dayanıb səni dinlədim...

Sənin sularında  Laçının,  Qubadlının,  Zəngilanın nəfəsi var, dağların qoxusu var. Sənin axarında bizim xatirələrimiz, itirdiklərimiz və yenidən qovuşduqlarımız var.
Əllərimi yenə sularına salmaq istədim...
Bəlkə də otuz beş il əvvəlki əllərimi axtarırdım sənin sularında.
Oxşadım səni gözlərimlə, əzizlədim qəlbimdə...
Ax, Həkəri, ax... Ax ki, illərin  həsrətini yuyasan...  Ax ki, torpaqları yaşadasan.  Ax ki, bir daha heç kim sənin sahilində  həsrətlə dayanmasın. Ax ki,  sənin sularına toxunan əllər bir daha ayrılığın ağrısını yaşamasın... 
Dağlardan süzülüb gələn bu saf nəfəsini əsirgəmə bizdən. Hər damlanla doğma torpaqların yaddaşını yaşat. Hər şırhaşırınla bizə doğmalığı xatırlat.

Və qoy sənin suların həmişə belə sakit, belə təmiz, belə əziz axsın...
Çünki sən bizim üçün sadəcə bir çay deyilsən, Həkəri...
Sən həsrətin axıb qovuşduğu, xatirələrin suda danışdığı bir doğma nəfəssən.
 Mən  səni  yenidən  gördüm, Həkərim.
 Otuz beş ildən sonra yenidən görüşdük... Amma bilmirəm,  səni gördüm ,  yoxsa otuz beş il əvvəl özümdən ayrılmış bir parçamı sənin sahilində  tapdım.
Mən sənin üçün çox darıxmışdım, Həkəri...

Şəmsiyyə Kərimova, 
Əməkdar jurnalist 
18.09.2926.Laçın