18 sentyabr 2026 16:52
130

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini dövlət siyasətinin bütün imkanları ilə müdafiə edib

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Suverenlik yalnız dövlət sərhədlərinin mövcudluğu deyil, xalqın öz taleyini müəyyən etmək, öz ərazisində ali hakimiyyəti həyata keçirmək və gələcəyini müstəqil şəkildə qurmaq hüququdur. Azərbaycan bu hüququn bərpası üçün uzun və mürəkkəb mübarizə yolu keçib. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında qalıb, yüz minlərlə insan doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlər dağıdılıb, tarixi və dini abidələrə ciddi ziyan vurulub. Beynəlxalq hüququn prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, işğalın uzun müddət davam etməsi Azərbaycanı daha qətiyyətli addımlar atmağa vadar edib. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini yalnız diplomatik bəyanatlarla deyil, dövlət siyasətinin bütün imkanları ilə müdafiə edib. Təxminən 30 il davam edən danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən nəticəsiz qaldı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi isə bu prosesdə dönüş nöqtəsi oldu. 2020-ci ildə Vətən müharibəsində cənab İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə cəmi 44 günə Ermənistan diz çökdürüldü. Xalqın yurd həsrətinə son qoyuldu. Dünya Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi. Azərbaycan ərazilərinin böyük hissəsini işğaldan azad edib, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ilə işğalın son mərhələsi başa çatdı. 2020-ci il Zəfərindən sonra əsas vəzifələrdən biri Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin və suverenliyinin tam bərpası olub.

Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərmana əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu. Nəticədə İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində dövlət sərhəddində nəzarət-buraxılış məntəqəsinin yaradılması suverenliyin tam bərpası yolunda mühüm addımlardan biri kimi qiymətləndirilir.

Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri antiterror tədbirləri keçirərək separatçıları 23 saat ərzində məhv etdi. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq, hər il 20 sentyabrın Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsini qərara aldı.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi". Bunun ardınca qondarma qurum ləğv edildi və oktyabrın 15-də tariximizdə daha bir şanlı səhifə açıldı.Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində qürurla dalğalanır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri